KİVDF-də yol verilən KORRUPSİYA - Yarım milyondan çox MƏNİMSƏMƏ...
Baş Prokurorluğun yaydığı məlumata görə, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən yol verilən qanunsuzluqlar barədə Hesablama Palatasından daxil olmuş material araşdırılarkən, Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb.
Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, hüquqşünas Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, bu maddələr korrupsiyaya qarşı cinayətlərlə əlaqəli maddələrdir:
“Bunlar korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan normaları əhatə edir. Yalnız bir maddə mülkiyyət əleyhinə olan cinayətlər fəslinə daxildir. 179.4 maddəsində bütövlükdə mənimsəmə və israfetmə, yəni təqsirkara etibar edilmiş, özgə əmlakını talamadan, xüsusilə külli miqdarda ziyan vurmaqla törədilməsindən söhbət gedir. Maddənin sanksiyasında 10 ildən 14 ilədək müddətdə azadlıqdan məhrumetmə cəası nəzərdə tutulub. Xüsusilə külli miqdar dedikdə qanunvericilikdə 500 min manatdan yuxarı olan məbləğ başa düşülür.
Digər cinayət maddəsi isə 308.1 maddəsidir. Burada vəzifə səlahiyyətlərindən sui-istifadədən bəhs edilir. Yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi üçün tələb edildiyi halda, istifadə etməməsi, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinə, yaxud dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə zərər vurulması başa düşülür.
Sanksiya 2 min manatdan 4 min manatadək cərimə və 3 ilədək müddətdə müəyyən vəzifə tutmaqdan və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə, yaxud 2 il müddətinə islah işləri, 3 ilədək azadlıqdan məhrumetmə, azaldığın məhdudlaşdırılması ilə cəzalandırılır. Sanksiyada həm cərimə cəzası, həm də azadlıqdan məhrumetmə nəzərdə tutulur. Həmçinin başqa fəaliyyətlə məşğul olmasına qoyulan qadağa əlavə cəza kimi verilir”.
Hüquqşünas qeyd edib ki, ümumilikdə açılan cinayət işlərinə görə, dövlət büdcəsinə külli miqdarda zərər dəyib:
“308-1.2 maddəsində dövlət büdcəsinin məqsədli büdcə fondalarının, yaxud büdcədənkənar dövlət fondalarının vəsaitindən təyinatı üzrə istifadə etməmək və bu əməllər külli miqadarda törədildikdə 3 ilədək vəzifə tutmaq və fəaliyyətlə məşğul olmaq və 3 ildən 6 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Burada külli miqdar dedikdə 250 min manatdan yuxarı olan məbləğ nəzərdə tutulur. Söhbət ondan gedir ki, jurnalistlər üçün binanın tikilməsilə bağlı dövlət büdcəsindən istifadə edilən vəsaitdən təyinatı üzrə istifadə edilməyib. Elan edilən ittihamlarda həmçinin satınalma prosedurları keçirilmədən dövlət vəsaitini xərcləmə və dövlət satınalamalarının qanunsuz keçirilməsi öz əksini tapıb.
308-2.4 maddəsində satınalan təşkilat tərəfindən satınalma keçirilmədən müqavilə bağlanmasının həyata keçirildiyi göstərilib. Burada açıq tender üsulundan istifadəyə üstünlük verilməməsindən söhbət gedir. Külli miqdar dedikdə 250 min manatdan yuxarı məbləğ nəzərdə tutulur. Sanksiyada cinayət nəticəsində vurulmuş ziyanın 3 misli qədər cərimə edilməklə, 3 il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 2 ildən 4 ilədək məhrumetmə cəzası nəzərdə tutulur”.
Hüquqşünasın sözlərinə görə, hazırda Fonda 4 maddə ilə açılan cinayət işlərində təqsirli bilinən şəxslərin müəyyənləşdirilməsi prosesi gedir:
“Bütün maddələrin sanksiyalarında uzunmüddətli azadlıqdan məhrumetmə nəzərdə tutulur. Maksimal cəza müddəti 14 ilə qədərdir. Əlbəttə ki, sonda cinayət işi hansı maddələrlə məhkəmə gedəcək, bununla bağlı bəribaşdan fikir söyləmək çətindir, konkret olaraq daxil olmuş cinayət işi üzrə hansı cəzanın verilməsini məhkəmə müəyyənləşdirəcək. Həmçinin istintaq hərəkətləri nəticəsində daha hansı cinayət maddələrinin əlavə olunacağı bəlli deyil. Bu barədə dəqiq məlumat vermək mümkün deyil. Bunun əksi istintaqın gedişinə təzyiq kimi qiymətləndirilə bilər. KİVDF-nin hansı vəzifəli şəxlərinə hansı cəzanın verilməsi məhkəməninin qərarından asılı olacaq”.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin araşdırmaları KİVDF-nun sabiq icraçı direktoru Vüqar Səfərlinin fəaliyyəti dövrünü əhatə edir.