Pensiyanın bir növündən başqa növünə keçmə hüququnda məhdudiyyət aradan qaldırılacaq
Pensiya ilə bağlı yeni qanun layihəsində pensiyaçıların maraqları nəzərə alınmaqla, heç bir istisna olmadan pensiyaçının əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququnun təsbit edilməsi nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məılumata görtə, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 34-cü maddəsinə əsasən, pensiyaçının yaşa görə pensiya növündən əlilliyə görə pensiya növünə keçirilməsi məhdudlaşdırılıb. Yəni yaşa görə pensiya alan şəxsin əlilliyə görə də pensiya hüququ yarandıqda, o, yaşa görə pensiyadan imtina edib əlilliyə görə pensiyaya çıxa bilməz.
Yeni qanun layihəsində nəzərdə tutulan dəyişiklik bu məhdudiyyəti aradan qaldırmağa yönəldilib. Yəni, hər hansı bir pensiyaçı öz seçiminə uyğun olaraq hüququ olan istədiyi digər pensiya növünə istisna olmadan keçə biləcək.