ARİF QASIMOV HAQDA ŞOK DOSYE: MTN ƏLAQƏLƏRİ, BİZNES, 600 MİNLİK RÜŞVƏT VƏ ….
Tarix: 17-10-2016, 08:43 |
Çap et
Təxminən bir il öncə ölkə rəhbərinin bu sərəncamı ilə Nizami rayon İcra Hakimiyyətinə yeni rəhbər təyin edildidi. Arif Qasımovu Siyəzənin icra başçısı vəzifəsindən azad edən dövlət başçısı ona Bakının Nizami rayonunu tapşırdı. Bəs kimdir Arif Qasımov? Nizaminin yeni icra başçısı haqqında nə bilirik? Bu günə qədər onun hansı fəaliyyətləri barədə məlumatlar yayılıb? Bu və digər suallara cavab tapmaq üçün onunla bağlı müəyyən araşdırmalar apardıq. Və qısa zamanda icra başçısının fəaliyyəti, bu günə qədər gördüyü qanuni və qanunsuz işləri barədə cumhuriyyet.az olaraq media üzərindən araşdırmalar sayəsində yetərincə məlumat topladıq.
Qısa tərcümeyi-halı
Arif Qasımov 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda – Xanlıqlar kəndində anadan olub. O, Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı və Naxçıvan Dövlət Universitetini hüquqşünas iftisasları üzrə bitirib. Əmək fəaliyyətinə başladıqdan sonra müxtəlif vəzifələrdə, o cümlədən Naxçıvan Muxtar Respublikası dövlət əmlakı nazirinin köməkçisi, Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi, Nizami Rayonu İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi vəzifələrində işləyib. İcra hakimi vəzifəsinə təyin olunana qədər isə Nizami Bələdiyyəsinin sədri olub. İndiki vəzifəsi haqda sərəncamdan öncə Arif Qasımov prezidentin 19 iyul 2011-ci il tarixli sərəncamı ilə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Fermalardan, obyektlərədək biznesi
Bildirək ki, digər yüksək çinli məmurlarımız kimi, A.Qasımov da geniş biznes şəbəkəsi ilə tanınıb. 2011-ci ildə Siyəzənin icra başçısı təyin olunan Arif Qasımov özü üçün rayonda bir neçə nəhəng ferma inşa etdirib. Bu fermaları saхlamaq üçün təbii ki, əkin və otlaq sahələrinə ehtiyac var. Arif Qasımov bu ehtiyacı ödəmək üçün fermerlərə uzun müddətə icarəyə verilmiş bələdiyyə torpaqlarını zəbt edib. Həmin ərazilər indi icra başçısının fermalarına хidmət edir. Bundan başqa cumhuriyyet.az olaraq araşdırmalarımz zamanı onu da öyrəndik ki, Arif Qasımovun Siyəzəndə bir neçə üzlük daş sexləri də fəaliyyət göstərir. Həmin seхlər rayonda görülən bütün təmir-tikinti işlərini tikinti materialları ilə təmin edirdi və çox yəqin ki bu proses Nizami rayonunda davam etdiriləcək. Amma Arif Qasımovun biznesi Siyazənlə mədudlaşmır. Məlumatlı mənbələrin sözlərinə görə, onun əvvəllər bələdiyyə sədri işlədiyi, indi isə icra başçısı kimi təyinat aldığı Nizami rayonunda, icra başçısının nümayəndəsi olduğu Binəqədi rayonunun Biləcəri qəsəbəsində bir neçə ticarət obyekti fəaliyyət göstərir. Həmçinin icra başçısının Bakının müхtəlif yerlərinə tikinti işləri apardığı bildirilir. Paytхatda özünün və yaхınlarının adına onlarla mənzilinin, dəyəri milyonlarla manatla ölçülən bir neçə villasının olduğu da deyilir.
Məhkəməyə çıxan rüşvət qalmaqalı
Yeri gəlmişkən, Arif Qasımov ötən il 600 min manatlıq maхinasiyada ittiham olunmuşdu. Belə ki, Prezident İlham Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev iş adamı Ramazan Səlimovdan 600 min manat alaraq onu icra başçısı təyin etdirəcəyini vəd etmişdi. Məlumata görə, bu işdə Siyəzən İcra Hakimiyyətinin başçısı Arif Qasımov da iştirak edib. Hər halda 600 min manat pulu alınan iş adamı istintaqa ifadəsində belə deyib. O, istintaqçılara bildirib ki, Həsən Əliyev ondan külli miqdarda pulu aldıqdan sonra onu Arif Qasımovun yanına göndərib.
Qohumlar şəbəkəsi
Siyəzənə rəhbərlik edən məmurun Nizami İcra Hakimiyyətində və bələdiyyəsində kifayət qədər dostu var. Məmur bu dostlarının vasitəçiliyi ilə Nizami rayonunun mərkəzi hissələrində torpaq sahələri alıb obyektlər tikdirir. Onun icra etdiyi tikinti layihələrinə, ümumiyyətlə biznesinin idarə olunmasına qardaşı Vüqar Qasımov nəzarət edir. Bundan başqa, Arif Qasımovun bəzi yaxın qohumları Sabunçu rayonunun Ramana qəsəbəsində qanunsuz torpaq satışı ilə məşğul olurlar. Sözügedən qəsəbənin yarısı məhz icra başçısının qohumları tərəfindən satılıb. Həmin şəxslərin arxasında isə birbaşa icra hakiminin özü dayanıb.
Qardaşının müəmmalı qətli
Apardığımız araşdırmalar nəticəsində aydın oldu ki, Arif Qasımovun qardaşı Vidadi Qasımov 2007-ci ilin iyun ayında silahlı insidentdə iştirak edib. Belə ki, iyunun 17-də saat 01.00 radələrində Atatürk prospektində yerləşən “Pürrəngi” çayxanasında atışma olub. Nərimanov rayon prokurorluğunun məlumatına görə, Münaqişə zəminində Arif Qasımovun qardaşı Vidadi Adil oğlu Qasımov odlu silahdan açılan atəşlə yaralanıb. Güllə yarası alan Vidadi Qasımov Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Lakin cinayətin nəyin üstə törədilməsi indiyə kimi ictimaiyyətə açıqlanmayıb.
İcra başçısının “kassir” qardaşı
A.Qasımov və ona bağlı olaylar haqda cumhuriyyet.az olaraq apardığımız araşdırmalar zamanı diqqət çəkən daha bir xəbər icra başçısının digər qardaşı ilə bağlıdır. DMX-nin Bakı Regional İdarəsinin rəis müavini İntiqam Məmmədov DMX-nin rəisi general Firudin Nəbiyevin “əziz-xələf” kirvəsidir. Bəli, Firudin Nəbiyevin kirvəsi İntiqam Məmmədov miqrasiya xidmətində söz sahibidir. O, öz yaxın qohumu Vüqar Qasımovu DMX-nin Bakı Rergional İdarəsində “yağlı vəzifəyə” otuzdurub, yəni qohumuna “kassirlik” edir. Həmin bu Vüqar Qasımov isə icra başçısı Arif Qasımovun qardaşıdır.
Nizami rayonuna təyinatda “MTN izi”
Nizami rayonunun icra başçısı Arif Qasımovun hələ Siyəzəndə olarkən Bakıya gətiriləcəyi müzakirə mövzusu idi. Belə ki, cumhuriyyet.az olaraq mediada yayılan xəbərlərdə ona da rast gəldik ki, Qasımov üçün Bakıya qapıların açılmasının səbəbkarı bəlkə də bir çoxlarına qəribə gəlsə də, elə Eldar Mahmudov olub: “Arif Qasımovun hakimiyyətdə bir sıra əlaqələri varmış. Lakin bu əlaqələrin ən başlıcası Eldar Mahmudov və onun qurulmasında isə tək vasitəçi qayınının böyük zəhməti olub. Arif Qasımovun paytaxt rayonlarından birinə transfer olunacağı «MTN işi» olayından 1 il əvvələ təsadüf edəcəkdi. Lakin Eldar Mahmudovun başının bəzi işlərə qarışıq olması onun təyinatını yubatmağa başladı. Araya MTN-də şöbə rəisi olan qayının qarışması və nazirlikdə əsas əlaqələrindən yararlanması prosesi bir az sürətləndirsə də, yekun nöqtə ötən ilin sentyabrında qoyuldu.
Arif Qasımovun təyinatından 1 ay sonra MTN rəhbəri işdən çıxarıldı, onun ətrafındakı genralitetin isə bir çoxu həbs olundu. Həmin vaxt MTN-də şöbə rəisi işləyən və dəstənin əsas üzvlərindən biri sayılan şöbə rəisinin karyerası sual altına düşür. Qayının həbs olunması məsələsi gündəmə gəlir. Bu zaman Nizaminin icra başçısı yüksək çinli məmurlarla görüşərək, onlardan bu addımın atılmamasının xahişini edir və bəzi məsələlərə zamin dayanır. Üstəlik, bir çox şeyləri də vəd edir”.
Nizami rayonu necə talanır?
Siyəzənə rəhbərlik etmiş A.Qasımov paytaxtın ən böyük rayonlarından birinə başçı təyinatından sonra sükut hökm sürür. Hazırda bu rayonda yollardan tutmuş, insanların yaşayış səviyyəsinə kimi vəziyyət pisləşib. Nizami baxımsız rayona çevrilib. Rayonun yol infrastrukturu düzəlmir ki, düzəlmir. A.Qasımovun gəlişindən sonra rayonda küçələrin bərbad olması, ağacların kəsilərək ərazilərin baha qiymətə satılması indi dəb halına çevrilib.
Küçələrin arasındakı ağaclıqların məhv edilərək 10-15 min manat alınaraq çayxanaya çevrilməsi sıradan bir hadisə sayılır. Nizamidə avtoyuma məntəqələrinin durmadan artması da maraq doğuran hallardır. Köhnə icra başçısının əməllərini davam etdirən A.Qasımovun daha bir gəlir yeri avtoyuma məntəqələrindən yığılan pullardır. Qaydaya görə, hər avtoyuma məntəqəsinin sahibi aylıq pul ödəyir. İcra başçısı kimi təyinat aldığı Nizami rayonunda, icra başçısının nümayəndəsi olduğu Binəqədi rayonunun Biləcəri qəsəbəsində bir neçə ticarət obyekti fəaliyyət göstərir. Həminin icra başçısının Bakının müхtəlif yerlərinə tikinti işləri apardığı bildirilir.
Kamaləddin Heydərovun adından pul yığır?
Bu günlərdə özünün dəbdəbəli kreslosu ilə gündəmi zəbt edən Bakının Nizami rayon icra hakimiyyətinin başçısı Arif Qasımovla bağlı maraqlı bir iddia da mediada yer alıb. Belə ki, cumhuriyyet.az olaraq həmin məlumatı yenidən xatırladaraq bildirək ki, cəmi bir neçə aydır ki, Nizami rayonuna rəhbər gətirilən Arif Qasımov artıq burada kifayət qədər “kök atmağı” bacarıb: “icra başçısı sahibkarlardan icra hakimiyyətinin təsərrüfatı şöbəsinin müdiri Tariyel Tahirovun vasitəsi ilə aylıq “haqq” tələb edir. Bundan imtina edən sahibkarlara isə ən müxtəlif yollarla təzyiq olunur. Məsələnin maraqlı tərəflərindən biri isə sahibkarlardan tələb olunan “haqqın” fövqəladə hallar naziri Kamaləddin Heydərovun adından istənilməsidir. Mənbənin sözlərinə görə, RİH rəsmiləri sahibkarlarla qeyri-rəsmi söhbətlərində Arif Qasımovun icra başçısı kreslosunda yalnız görüntü xatirinə əyləşdirildiyini, rayondakı bütün işlərin isə Kamaləddin Heydərovun qohumları və yaxın adamları tərəfindən həyata keçirildiyini iddia edirlər”.
P.S. Yazı media üzərindən araşdırmalar əsasında aparılıb və yazıda göstərilən faktlarla bağlı qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
P.P.S. Növbəti saylarımızda Arif Qasımovun oğlu Nadir Qasımovun yaşadığı bahalı həyat və imkanlı dostları haqda şok faktları açıqlayacağıq.