İcra başçısı deyil ey... Ay maşallah!!!
Tarix: 11-05-2016, 10:26 | Çap et
İcra başçısı deyil ey... Ay maşallah!!!
Füzulidə rayon rəhbərliyinin əməlləri prezidentə çatdırılıb. TİA.AZ-a daxil olan xəbərə görə, icra başçısı iki müavinin əli ilə müxtəlif mənimsəmələrə qol çəkib. Alı Alıyevin öz istəklərini Bağır Aslanov və Süleyman Əliyevin xüsusi “peşəkarlığı” sayəsində reallaşdıra bilib.

Məlumatda deyilir ki, bu maxinasiyaların həyata keçirildiyi haqda dövlət başçısına məruzə olunub. Cəbhə xəttində müharibə getdiyi zamanda bir qismi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş bölgənin icra hakimiyyəti isə öz “işğalçılıq” siyasətini davam etdirir. İcra başçısı və müavinlərinin tenderlərdə, büdcədən ayrılan pulların xərclənməsində yol verdiyi mənimsəmələr ölkə başçısına xəbər edilib.


Yada salaq ki, deputat Çingiz Qənizadə bu günlərdə mətbuata mühüm açıqlama verib. Millət vəkili bildirib ki, prezident vəzifəsindən uzaqlaşdırılan icra başçılarını məhz məlum yazılara görə işindən çıxarıb.
Bu fakt təsdiqləyir ki, mediada adı müxtəlif qaranlıq işlərdə, korrupsiyada hallanan məmurlar vəzifəsində çox qala bilmir.
TİA.AZ xəbər verir ki, Füzuli icra başçısı haqda gedən yazılar da prezidentə çatıb. Onun müavinləri B.Aslanov və S.Əliyevin birgə “əməliyyat”ları da ölkə rəhbərliyinə çatan materiallarda yer alıb. Müavinlərdən biri B.Aslanov bir müddət əvəvl bacısı oğlunun törətdiyi məlum hadisə ilə bağlı gündəmə gəlmişdi.

Xatırladaq ki, icra başçısı özünə məxsus 4000 baş xırda buynuzlu, 1000 başlı iribuynuzlu heyvanlarını Horadiz qəsəbəsinin yaxınlığındakı Bulğa Dərəsi deyilən əraziyə yerləşdirib.

Alı Alıyev cəbhə xəttində vəziyyətin gərginləşdiyini görərək, öz heyvanlarını Fin şəhərciyi deyilən əraziyə yerləşdirmişdi. Həmin vaxt əhali icra baçısının belə addım atdığını görərək, baş verənlərdən bərk qorxuya düşüblər. Politika.az yazıb ki, Alıyev öz fermasını cəbhə xəttindən xeyli uzaq əraziyə daşıyır.

İcra başçısının fermasının müdiri rayonun Dilağarda kəndindən olan Emin adlı şəxsdir. Emin hər ay bir dəfə Alı Alıyevin Horadizdəki binasına gələrək, fermadakı vəziyyətlə bağlı məlumat verir.
Maraqdıdır ki, dəfələrlə şəhid ailələri və kasıb insanlar icra başçısının qəbuluna gələrək, ona niyə bu qədər heyvandan yoxsul ailələrə və ya imkansızlara, o cümlədən əsgərlərə hər hansı pay vermədiyini soruşublar. Hətta bununla bağlı rəsmi qurumlara da müraciət ediblər.

Sayt yazıb ki, hər dəfəsində icra başçısı təkəbbürlə əlini stolunun üzərindəki müqəddəs Qurani Kərimə basaraq, “Bu Quran haqqı, fermadan ölkə rəhbərinin və onun çevrəsinin xəbəri var. Məni qəbul edəndə fermadakı heyvanların sayı barədə də məlumat vermişəm” deyib.

Emin adlı şəxs fermanın müdiri olsa da, sürülər və naxıra 23 çoban ailəsi nəzarət edir. Çobanların hamısı Xaçmaz, Quba, Qax, Zaqatala və başqa rayonlardan olanlardır. Həmin çobanlar və ailə üzvləri ayrı-ayrı idarə və müəssisələrdə çalışdığını göstərir.
Onların hamısının Əhmədbəyli, Bala Bəhmənli və Horadizdə yaşadığı sənədləşdirilib. Maliyyə işlərini isə birinci müavin Bağır Aslanov həyata keçirir. O, kartlardakı pulları çıxararaq, Eminə verir və o da həmin pulları əlbəəl çobanlara çatdırır.

Fin qəsəbəsi deyilən ərazidəki yeni salınan yaşayış məntəqəsində çalışan fəhlələrin ərzaq təhcizatını da Alı Alıyev həyata keçirir. Və bütün işləri bacısı oğlu İltizamə həvalə edib. Füzuli camaatını qıcıqlandıran odur ki, İltizam dayısı icra başçısı olana qədər, Füzuli rayonunun harada yerləşdiyini belə bilməyib.
Dayısı icra başçısı olan kimi, dərhal 4 yol deyilən ərazidə özünə qapı-pəncərə sexi açıb. Həmin sex qısa müddətdə tender yolu ilə tikilən binaların bütün qapı-pəncərə işlərini özünə götürüb.
Əslində, sexlər elə dayınındır və Alı Alıyev işlətdiyinə görə, bacısı oğluna faiz verirmiş. Elə bu səbəbdəndir ki, rayonda İltizamdan başqa heç kimin cürəti çatmaz ki, qapı-pəncərə işinə girişsin».

Qapı-pəncərələr hazır olan kimi, Alı Alıyevin yeznəsi Nazimə ötürülür. O da nəzərdə tutulan işlər üçün istifadə edir. Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net