4 günlük blits-savaşın əsas yekunu – dünyaya mesaj, düşmənə dərs...
Tarix: 6-04-2016, 09:24 | Çap et
4 günlük blits-savaşın əsas yekunu – dünyaya mesaj, düşmənə dərs...
Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin 2-dən başlayan hərbi əməliyyatlarda qarşılıqlı razılıq əsasında növbəti atəşkəs əldə olundu. Belə görünür, bunda ən çox düşmən tərəf maraqlı idi. Hər halda, erməni KİV-lərindəki bədbin ab-havadan bunu sezmək çətin deyildi. Təbiidir, çünki işğalçı tərəf hər gün daha ağır itkilərlə üzləşməkdə idi.

Əlbəttə ki, yaxşı olardı ki, atəşkəs rejimi ən azı, bir rayonumuzun işğalçıdan azad olunmasından sonra qüvvəyə minəydi. Amma Azərbaycan prezidenti İlham Əliyev də atəşkəsə bir şərtlə razılıq verildiyini bəyan elədi: “İşğalçı tərəf bundan istifadə eləməsin və ərazilərimizdən rədd olub getsin!..”

Bununla belə, 4 günlük müharibənin ölkəmiz üçün əsas pozitiv nəticəsi, bizcə, budur ki, Azərbaycan 22 illik atəşkəs dövründə ilk dəfə hərbi gücə əl ataraq ağır itkilər bahasına da olsa dünyaya, işğalçıya, onun havadarlarına, xüsusən də Rusiyaya nümayiş etdirdi ki, dövlət, millət olaraq öz ərazilərinin, Qarabağın işğalı ilə barışmayıb, heç vaxt barışmayacaq və bu yolda qələbə əzmini də saxlayır.

Bütün dünyaya xatırlatdı ki, bu millət, onun dövləti və ordusu birlikdədir, yekdildir və torpaqlarının azadlığı yolunda hər şeyə hazır və qadirdir.

Bu günlər həmçinin Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacibliyi məsələsi kifayət qədər ciddiliyi ilə beynəlxalq ictimaiyyətin gündəminə gəldi. Əksər ölkələr (Türkiyə, İran, Pakistan, Ukrayna, Belarus, Gürcüstan, bir çox Avropa ölkələri) və nüfuzlu qurumlar ərazi bütövlüyümüzə sayğı nümayişi etdirən bəyanatlar yaydılar, sərhədlərin zorla dəyişdirilməsinə qarşı öz etiraz səslərini qaldırdılar.

İkinci mühüm nəticə Azərbaycan Ordusunun işğalçı ordu üzərində texniki, hazırlıq və başqa göstəricilərə görə üstünlüyünün təsdiqlənməsi idi - hansı məqamı ki, bir sıra Qərb və rusiyalı hərbi ekspertlər döyüş əməliyyatlarının gedişindəcə qeyd eləmişdilər. Bu da ilk növbədə Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı sayəsində mümkün olub və bu əməkdaşlıq sözsüz ki, indi daha da dərinləşəcək.
Azərbaycan özünün blits-zəfəri ilə həmçinin işğalçı ölkənin arxayınçılığına son qoymuş oldu, “yumsaq güc” nümayişi ilə ona və onun havadarlarına mesaj və dərs verdi ki, növbəti və daha əlverişli regional şərtlər yetişən kimi ona daha sarsıdıcı və sonuncu həlledici zərbəni endirəcək. Özü də bu zərbə uzaq tarixə qalmayacaq - çox şey blits-müharibədən öncəliklə Minsk Qrupu həmsədrlərinin hansı nəticə çıxaracağından asılı olacaq.

Əgər onlar ənənəvi şəkildə işğalçı ilə işğala məruz qalan tərəfə eyni gözlə baxaraq, BMT TŞ-nin, Avropa Şurası və Avropa Parlamentinin, NATO Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, digər mötəbər təşkilatların Dağlıq Qarabağa dair dünya birliyinin iradəsini əks etdirən qətnamələrini qulaqardı edəcəksə, o zaman həlledici savaş özünü çox gözlətməyəcək. Azərbaycanın milli maraqları üçün bir qiymətli mesaj-çatdırış da bundan ibarətdir.

Məsələ də ondadır ki, kimin, hansı qüvvənin rəvac verməsindən asılı olmayaraq, Azərbaycanın son 4 gündə düşmənə endirdiyi sarsıdıcı zərbə həm də danışıqlar prosesində status-kvonu xeyrimizə dəyişməyə yönəlmişdi və əslində bu hədəfə də müəyyən mənada nail olundu. Bu da blits-zəfərin başqa bir uduşu sayıla bilər. Hər halda, bundan sonra Azərbaycanın əsas probleminə beynəlxalq birliyin, vasitəçi dövlətlərin daha həssas yanaşmasını gözləməyə dəyər.

Yeri gəlmişkən, məhz dünən - atəşkəs günündə Rusiya xarici işlər nazirinin sabah gözlənilən Bakı səfəri Ermənistan KİV-lərinin əsas mövzusu olub. “Aykakan Jamanak” qəzetinin yazdığına görə, Qarabağ konflikti ətrafında artıq yeni pərdəarxası proses başlayıb.

“Söhbət Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun Azərbaycana qaytarılmasından gedir. Hakimiyyətə yaxın mənbənin iddiasına görə, Rusiya bundan ötrü Ermənistanı dilə tutmağa çalışır, əvəzində isə Azərbaycanın Avrasiya Birliyinə qoşulacağına ümid edir” - nəşr qeyd edib.

***

4 günlük müharibə habelə uzun illər milləti içəridən yeyən “məğlubiyyət sindromu”ndan nəhayət ki, onun böyük ölçüdə çıxmasını təmin etdi, toplumu qısa zamanda toparlayıb bir araya gətirməklə, onda qəti qələbəyə inamı və əzmi birə-on möhkəmlətdi, millətin belini və başını dikəltdi.

Adekvat surətdə düşməndə məğlubedilməzlik mifini dağıtdı. Xocalı canisi Serj Sərkisyanın “kompomislərə hazırıq” deməsi sözsüz ki, ən əvvəl bunun təzahürü idi. Azdır?

Əlbəttə ki, müharibədə şəhid də olacaq, başqa itki və məhrumiyyətlər də. Bu yerdə “bunca şəhid verməyə dəyməzdi” deyən bəzi skeptiklərin qənaəti ilə razılaşmaq çətindir. Onların məntiqinə görə, 1994-cü ilin 12 mayına - atəşkəsədək olan şəhidlərimiz də boşuna vuruşubmuş.

Allah şəhidlərimizə rəhmət eləsin, amma əlbəttə ki, belə deyil. Şablon çıxmasın, “Torpaq uğrunda ölən varsa, Vətəndir!” Bu mənada bir neçə kəndin, yüksəkliyin geri alınması yuxarıda sadalanan pozitivlər və böyrümüzdəki yırtıcı Rusiya amilinin mövcudluğu fonunda balaca uğur deyil, bütövlükdə düşməndən üstün olduğumuzun təsbitidir.

Digər yandan, niyə unudulur ki, işğalçı daha çox itki verib? Düşünmürük ki, erməni anaları buna görə Sərkisyanın başını tumarlayacaqlar...

Bu savaşın başqa pozitiv yekunu kimi, bölgəyə, Azərbaycana “sülhməramlı” bəhanəsi ilə hərbi qüvvə yerləsdirmək üçün əldən gedən Rusiyaya bəhanə verilməməsi də nəzərdən qaçırılmamalıdır. Çünki sonuncu eskalasiyanın arxasında “rus barmağı”nın olması haqda ciddi dəlillər var idi...

Rusiyanın Azərbaycanda öz hərbi mövcudluğunun bərpası isə nəinki Dağlıq Qarabağın, bütövlükdə Azərbaycanın suverenliyinin itirilməsinə gətirərdi. Hələ ki bunların heç biri baş verməyib və yenə son söz Azərbaycan xalqının olaraq qalır. Blits-savaşın daha bir mühüm yekunu budur.





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net