"Neftin qiyməti uzun müddət aşağı səviyyədə qalmayacaq"
Tarix: 10-03-2016, 11:04 | Çap et
"Neftin qiyməti uzun müddət aşağı səviyyədə qalmayacaq"
“Cənub Qaz Dəhlizi XXI əsrin nəhəng layihəsidir. Biz ölkə və şirkətlərdən komanda formalaşdırmışıq, Məşvərət Şurası bu layihənin həyata keçirilməsi üçün vacibdir”.

APA-nın məlumatına görə, bunu bu gün IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı deyib ki, bu layihə Bakıdan İtaliyaya qədər uzanacaq: "Fevralın 29-da 11 ölkə, o cümlədən Avropa İttifaqının imza atdığı sənəddə Azərbaycan bu strateji layihəni həyata keçirən əsas ölkə kimi qeyd edildi. Xorvatiya və Monteneqronun da bu layihəyə, komandaya qoşulacağına inanıram. Bu, enerjinin şaxələndirilməsi, azad rəqabət layihəsidir. Əsas məqsədimiz bunu kommersiya layihəsi kimi həyata keçirməkdir. Enerji siyasi vasitə kimi istifadə edilməli deyil. Siyasi alətlər biznes sahəsinə müdaxilə etməməlidir. Neftin qiyməti uzun müddət aşağı səviyyədə qalmayacaq. Avropada təbii qaza ehtiyac artacaq. Biz lazım olmayan rəqabətdən qurtulmalıyıq. Enerji və siyasətə ayrılıqda baxmalıyıq ki, uğur qazanaq".

***

“Çox şadam ki, bu Forum bir ənənəyə çevrilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qısa dövrdə uğurlu beynəlxalq təchizata çevrilib”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən IV Qlobal Bakı Forumunun açılışında Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, hər bir beynəlxalq forumun səviyyəsi iştirakçılardan asılıdır: “Forumda 50-dən artıq hazırkı və sabiq dövlət və hökumət başçısı iştirak edir. Hazırda regionumuzda da münasibətlər kəskinləşir, köhnə münaqişələr həllini tapmayıb, yeni münaqişə ocaqları yaranır. Bizim əsas məqsədimiz öz rolumuzu bir hökumət, siyasətçi kimi oynamaqdan ibarətdir. Çalışmalıyıq ki, əməkdaşlıq və qarşılıqlı hörmət yaradaq. Orta Şərqdə, Avropada olan vəziyyət, qaçqınlar məsələsi son illər qarşılaşdığımız problemlərdir. Forumda bu məsələlər nəzərdən keçiriləcək. İştirakçıların bilik və səviyyəsi bu problemlərdən çıxış yolu tapmağa kömək edə bilər. Qarşılıqlı əməkdaşlıq və sülhü təşviq etməliyik”.

Prezident İlham Əliyev bildirib ki, dünyanın müxtəlif yerlərində müxtəlif addımlar atılır: “Qaçqınlar böhranı göstərdi ki, biz hamımız bir-birimizlə bağlıyıq. Digər ölkələrin daxili işlərinə qarışmanın yaratdığı çətinliklər o problemləri yaradan ölkələr üçün də çətinliklərə yol açır. Biz hamımız bir-birimizə hörmətlə yanaşmalıyıq”.

***

“2004-2014-cü illərdə Azərbaycan iqtisadiyyatı dünyada ən sürətli inkişaf edən iqtisadiyyat olub. Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə dünyada 40-cı yerdədir”.

APA-nın məlumatına görə, bu sözləri IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, Azərbaycanda neftdən sonrakı dövr başlayıb: “Bu, hasilatın azaldılması ilə deyil, neftin qiymətinin 4 dəfə düşməsi ilə bağlıdır. Heç kim buna hazır deyildi. Biz fəal şəkildə işləməliydik ki, bunun mənfi təsirlərini azaldaq. İndi maliyyə durumumuz sabitdir. Büdcəmiz neftin bir barelinin 25 dollar olması əsasında hesablanıb. Bizim Dövlət Neft Fondunda kifayət qədər ehtiyatlarımız var. Biz düzgün istiqamətdəyik, hazırda iqtisadiyyatda şaxələndirmə ilə məşğuluq”.

Prezidentin sözlərinə görə, Azərbaycan nəqliyyat şəbəkəsi yaradır: “Azərbaycanın coğrafi mövqeyi mühümdür, bu, nəqliyyat infrastrukturunu inkişaf etdirməyə imkan verir. Şərq-Qərb dəhlizi işə başlayıb, inanırıq ki, gələn il Bakı-Tbilisi-Qars dəmir yolu işə salınacaq. Biz vahid nəqliyyat xətti yaratmağa çalışırıq. Digər vacib nəqliyyat dəhlizi Şimal-Cənub nəqliyyat dəhlizidir. Bu nəqliyyat dəhlizləri Azərbaycanın geosiyasi əhəmiyyətini artırır, inkişafımıza xidmət edir”.

***

“Azərbaycan müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək. Müstəqilliyin ilk illərində ölkəmiz Ermənistanın terroru, işğalı ilə qarşılaşıb. Münaqişə hələ də həllini tapmayıb”.

APA-nın məlumatına görə, bunu bu gün IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini tapdığı halda 1 milyona yaxın qaçqın və köçkün öz torpaqlarına qayıdacaq: “Ermənistan işğalı davam etdirdikcə isə özünü daha da təcrid vəziyyətinə salır. Nəticədə yoxsulluq artır. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bütün dövlətlər, beynəlxalq təşkilatlar Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır. Torpaqlarımızın 20 faizi işğal altındadır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində işğalçı qoşunların torpaqlarımızdan çıxarılması tələb olunur. Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi mexanizmi müzakirə mövzusu olmalıdır. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə dəqiqəyə, saata icra olunur, bizə gələndə isə yerinə yetirilmir”.

Prezident İlham Əliyev bildirib ki, Ermənistan status-kvonun dəyişməz qalmasını istəyir: “Ancaq status-kvo dəyişməlidir, dəyişməməsi mümkün deyil. ATƏT-in Minsk Qrupunun həmsədrləri də status-kvonun dəyişməli olduğunu bildirirlər. Bunun üçün Ermənistan işğal olunmuş torpaqları azad etməlidir. 21-ci əsrdə qonşu dövlətin torpaqlarını işğal altında saxlamaq yolverilməzdir. Torpaqlarımız işğaldan azad ediləndə Azərbaycan daha böyük iqtisadi uğurlar qazana bilər. BMT Təhlükəsizlik Şurası Ermənistanı qətnamələri yerinə yetirməyə, işğala son qoymağa məcbur etməlidir. İşğal olunmuş ərazilərdə məscidlərimiz, tarixi abidələrimiz dağıdılıb. ATƏT-in faktaraşdırıcı missiyası da regiona etdiyi hər iki səfərində bunu təsdiq edib. Bu gün Yaxış Şərqdə də tarixi abidələrin dağıdılmasını müşahidə edirik. Ancaq bundan əvvəl Azərbaycanın tarixi abidələri dağıdılıb, zamanında bunun qarşısı alınmayıb”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan əhalisi 8 milyon nəfər olanda 1 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü: “Həmin dövrdə Azərbaycan iqtisadiyyatı tənəzzüldə idi. Biz dövlətimizi qurduq, ölkəni sərmayələr üçün açıq elan etdik. Bu gün siyasi və iqtisadi islahatları davam etdiririk. Azərbaycanda siyasi, iqtisadi, dini azadlıqlar, ifadə azadlığı təmin edilib. Əhalinin 70 faizi internet istifadəçisidir”.





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net