“Hörmətli Samir Şərifov, Sizi aldadan kimdir?” - Nazirə qəliz sual...
Tarix: 8-02-2016, 11:35 | Çap et
“Hörmətli Samir Şərifov, Sizi aldadan kimdir?” - Nazirə qəliz sual...
Artıq hamıya bəllidir ki, dövlət büdcəsi hesabına maliyyələşən idarə və təşkilatlarda milyonlarla, bəlkə də milyardlarla dövlət əmlakı mənimsənilib, talan edilib, təyinatı üzrə xərclənməyib.
Prezident hər dəfə keçirdiyi müşavirələrdə dövlət və maliyyə intizamının möhkəmləndirilməsinin vacibliyindən danışır. Çünki bu sahədə olan boşluqların nəticəsində bu gün dövlət büdcəmiz təhlükəyə düşüb və vəziyyət gün-gündən ağırlaşmaqda davam edir.
Bəs bu sahəyə rəhbərlik edən kimlərdir, onların məsuliyyəti nədir? Niyə indiyə qədər neçə-neçə MTN generalı, bank rəhbərləri, dövlət idarə və müəssisələrinin rəhbərləri həbs edilsə də, həmin şəxslərin maliyyə fəlaiyyətinə nəzarət etməli orqanların rəhbərlərindən heç kim məsuliyyətə cəlb edilməyib?
Axı, hamıya yaxşı məlumdur ki, nəzarət idarələrinin iştirakı və ya səhlənkarlığı olmadan, dövlət əmlakının indiki masştabda talanı mümkün deyil.
Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 1-ci maddəsində deyilir: “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti (bundan sonra — Xidmət) dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının və büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin, habelə dövlət zəmanəti ilə alınmış kreditlərin məqsədli və səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır”.
Hörmətli maliyyə nazirimiz Samir Şərifov bu yaxınlardakı çıxışında bildirdi ki, onu aldadıblar. Kimin aldatdığını isə demədi.
“Beynəlxalq Bank”dan oğurlanan milyardlara görə tək bir adamın-- Cahangir Hacıyevin sorumlu olduğuna inanmaq sadəlövhlük olardı. C.Hacıyev istəsəydi belə, Maliyyə Nazirliyinin və onun Dövlət Maliyyə Nəzarəti Xidmətinin iştirakı və ya xəbəri olmadan, ən azı, cinayətkarcasına səhlənkarlığı olmadan bunu edə bilməzdi.
“Xidmət” haqqında Əsasnamənin 7.2-ci yarımbəndinə əsasən, “ Xidmət, dövlət zəmanəti ilə alınmış və dövlət büdcəsinin vəsaiti hesabına verilmiş kreditlərin xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirir;”
“Beynəlxalq Bank”dan, eləcə də başqa banklardan kredit adiyla talan edimiş milyardlar Azərbaycan dövlətinin büdcəsinə aiddir, ya yox?
Bəlkə, bu pullar Ermənistana aid imiş deyə, belə həvəslə oğurlayıblar və “Xidmət” də onların bu qəhrəmanlığından vəcdə gəlib susubdur? Xidmətin rəhbərləri öz vəzifələrini vaxtında və layiqincə yerinə yetirsəydilər, oğurluq bu miqyasda və ölçülərdə ola bilərdimi? Əlbəttə yox.
Bəs nə baş verib?
Prezident, dövlət bu strukturları nə məqsədlə yaradıb?
Niyə onlar maliyyələşdirilir?
Bütün bu oğurluqlar baş verdiyi müddətdə onlar nə işlə məşğul imişlər?
Əsasnamənin 7.3-cü yarımbəndinə əsasən, “ Xidmət Azərbaycan Respublikasında dövlət maliyyə nəzarətinin həyata keçirilməsi işinə metodiki rəhbərlik edir, bu sahədə mövcud olan nöqsanları və neqativ halları doğuran səbəblərin aradan qaldırılması məqsədilə mütəmadi tədbirlər görür”.
“Dövlət xeyriyyə təşkilatı deyil” deyən hörmətli maliyyə nazirimiz öz tabeliyində olan bu Xidmətin rəhbərliyindən soruşubmu ki, dövlət idarə və müəssisələri xeyriyyə təşkilatıdır, ya yox?
Əminəm ki, heç vaxt soruşmayıb. Soruşsaydı, ən azı, “Xidmət”in rəhbərliyi “bu sahədə mövcud olan nöqsanları və neqativ halları doğuran səbəblərin aradan qaldırılması məqsədilə mütəmadi gördüyü tədbirlər” barədə nazirə məlumat verərdi. Nazir də indi “Beynəlxalq Bank”ı Cahangir Hacıyevin təkbaşına oğurlamasını sübut etmək məcburiyyətində qalmazdı.
“Xidmət haqqında Əsasnamə”də “Xidmətin vəzifələri” fəslində nəzərdə tutulan bir neçə bəndə nəzər yetirməyiniz kifayətdir ki, biləsiniz, bu “Xidmət” öz vəzifələrini icra etsəydi, büdcəmizin talan edilməsi mümkün olmazdı.
“8. Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:
8.1. dövlət büdcəsindən maliyyələşən və dövlət büdcəsindən dotasiya alan təşkilatlarda Azərbaycan Respublikasının xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik xidmət orqanlarında dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə nəzarət tədbirləri yerinə yetirmək;
8.2. dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının vəsaitlərinin əldə edilməsi və xərclənməsi üzərində dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə nəzarət tədbirləri yerinə yetirmək;
8.3. büdcə təşkilatlarının büdcədənkənar əməliyyatlar üzrə vəsaitlərinin əldə edilməsi və xərclənməsi üzərində dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə nəzarət tədbirləri yerinə yetirmək;
8.4. dövlət büdcəsinin rayon və şəhərlər üzrə yerli gəlir və xərclərinin tərtibi və icrası üzrə rayon və şəhər maliyyə idarələrinin (şöbələrinin) işlərini və həmin rayon və şəhərlərin ərazilərində fəaliyyət göstərən büdcə təşkilatlarının büdcə və büdcədənkənar vəsaitlər üzrə gəlir və xərc smetalarının icralarını təftiş etmək;
8.6. həyata keçirilən nəzarət tədbirləri nəticəsində tərkibində cinayət əlamətləri olan maliyyə pozuntuları aşkar olunduğu hallarda yoxlama materiallarını hüquq-mühafizə orqanlarına göndərilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək;
8.8. nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və gələcəkdə belə nöqsanlara yol verilməməsi məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi üçün yoxlanılan təşkilatların tabe olduqları yuxarı təşkilatlara təqdimatlar vermək;
8.10. maliyyə nəzarəti tədbirləri nəticəsində aşkar edilmiş hüquq pozuntularını təhlil etmək və onların aradan qaldırılması barədə təkliflər vermək;
8.14. dövlət maliyyə nəzarətini təmin etmək məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəhbərliyi ilə razılaşdırmaqla müvafiq il üçün iş planı hazırlamaq və təsdiq etmək;
Və sair”
Bu vəzifələrini yetərincə yerinə yetirmək üçün həmin Əsasnamə ilə “Xidmət”ə kifayət qədər hüquqlar da verilib.
Nəticə isə artıq göz qabağındadır.
“Xidmət” öz vəzifələrini son illər ərzində nəinki layiqincə, ümumiyyətlə yerinə yetirməyib. Ya oğurluğa şərik olub, ya da cinayətkarcasına səhlənkarlığa yol verib.
Bəs “Xidmət”in bu yarıtmaz nəticəyə görə məsuliyyət daşımalı olan vəzifəli şəxsi kimdir?
Bunu müəyyən etmək üçün “Xidmət haqqında Əsasnamə”nin “Xidmətin fəaliyyətinin təşkili” adlı V fəslinə baxmaq kifayətdir.
Orada yazılıb:
“10. Xidmətə Azərbaycan Respublikasınin maliyyə naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən rəis rəhbərlik edir.
11. Rəis Xidmətə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyır. “
İndi mən soruşuram: cənab nazir, hörmətli Samir Şərifov, Sizi aldadan kimdir?
Kim bu oğurluqlar barədə Sizə və hüquq-mühafizə orqanlarına vaxtında məlumat verməliydi?
Siz Xidmətə təyin etdiyiniz rəisdən, nə vaxtsa, gördüyü işlər barədə soruşmusunuzmu? Hesabat istəmisinizmi?
Əgər belə hesabatlar istəmisinizsə və Sizə movcud oğurluqlar barədə məlumat verilibsə, indiki cinayətlərə görə Siz də məsuliyyət daşıyırsınız. Ən azı, cinayəti bilib gizlətdiyinizə görə. Bu isə Sizi o vəzifəyə təyin etmiş Prezidentə və bu dövlətə xəyanətdir.
Yox əgər, Sizə belə məlumatlar vaxtında çatdırılmayıbsa, Sizi, etiraf etdiyiniz kimi, aldadıblarsa, “Xidmət”in rəisindən indi, heç olmasa, cinayətlərin üstü açılandan sonra, hesabat və cavabdehlik tələb etmisinizmi?
Bu yarıtmaz işinə görə rəisi cəzalandırmısınızmı?
Gördüyünüz tədbirlər barədə Prezidentə məlumat vermisinizmi?
“Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2015-ci ilin birinci yarısında aparılmış maliyyə nəzarəti tədbirlərinin nəticələri barədə” 24 iyul 2015-ci il tarixli məlumatda deyilir:“…Aşkar edilmiş nöqsanların xeyli hissəsi nəzarət tədbirlərinin gedişində aradan qaldırılmış, artıq və əsassız ödənişlərin əsas hissəsinin (3099,43 min manat) təqsirkar şəxslər tərəfindən büdcəyə bərpa edilməsi təmin edilmiş, …
Üç min doxsan doqquz manat qırx üç qəpik… Nəsə düz gəlmir, cənab Nazir!
Bəs “Rabitə və yüksək texnalogiyalar nazirliyi”ndə tikinti sahəsində milyonlarla hesablanan oğurluğu kim aşkara çıxardıb?
Sizin Xidmət hara baxırdı vaxtında?
Niyə vətəndaşlarımızı zamanında bu qanunsuz əməllərdən çəkindirməmisiniz?
Gözü yaşlı qalan ailələrin indiki faciəli durumuna görə özünüzü və rəhbərlik etdiyiniz “Xidmət”in rəhbərlərini təqsirli bilirsinizmi?
Axı, “dövlət xeyriyyə təşkilatı deyil”, cənab Samir Şərifov !

Hüquqşünas Qurban Məmmədov.
Bakı, 08 fevral 2016-cı il.
Vertikal.az





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net