Ağamirzə Ağamirzəyevin ikili oyunu
Tarix: 30-11-2015, 10:42 | Çap et
Ağamirzə Ağamirzəyevin ikili oyunu
Ölkənin hüquq-mühafizə orqanları tərəfindən məlum “MTN işi” ilə əlaqədar Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyində, eləcə də nazirliyin bir çox struktur bölmələrində və tabelikdə fəaliyyət göstərən müəssisələrdə həyata keçirilmiş həbslər, bu xüsusda aparılan istintaq və təhqiqatlar, paralel olaraq müəyyən jurnalist araşdırmalarına da rəvac vermiş oldu. Nəticədə isə, proseslərin başlandığı və yüksək ajiotaj yaşanan ilk günlərdə müəyyən qədər “kölgədə” qalmış bəzi adlar da yenidən diqqət mərkəzinə gətirildi. O cümlədən bir neçə müddət bundan əvvəl, “Bizim Dövr”ün səhifələrində dərc olunmuş materiallarda “Aztelekom” İB-nin tabeliyində fəaliyyət göstərən Kabel Magistralları Texniki Qovşağının (KMTQ) rəisi Ağamirzə Ağamirzəyevin də fəaliyyəti bir sıra neqativ hallar xüsusunda diqqət mərkəzinə çəkilmişdi. Həmin vaxt KMTQ-nin fəaliyyətinə dair etibarlı mənbələrdən aldığımız açıqlamalarda da qeyd olunmuşdu ki, “Aztelekom”un tabeliyində olan bu struktur bölmə rəhbərinin səriştəsizliyi, yol verilən özbaşınalıqlar və korrupsiya halları bu sahədə hələ ki, təcili həllini gözləyən ciddi problemlərin mövcudluğundan xəbər verir. Qurumun fəaliyyətində korrupsiya hallarının yer aldığını iddia edən mənbə, bu ağır ittihamı əsaslandırmaq üçün ilk növbədə vurğulayır ki, Ağamirzə Ağamirzəyev sıradan bir bölmə rəhbəri vəzifəsində çalışdığı halda, şəhərimizin müxtəlif yerlərində bahalı şəxsi villalara sahib ola bilmişdir. Digər tərəfdən də KMTQ rəhbərinin nə övladlarının aldıqları təhsil müqabilində ödədiyi pullar, nə də yaxın qohumlarını müxtəlif vəzifələrə düzəltmək üçün sərf etdiyi vəsait onun rəsmi gəlirlərinə uyğun deyildir. Eyni zamanda da, Ağamirzə müəllim Azərbaycanda “qazandığı” pullar hesabına özünə Türkiyədə biznes də qura bilib. Belə ki, hazırda onun kürəkənlərindən biri Ağamirzə müəllimin xalça biznesinə, digəri isə otel biznesinə nəzarət edirlər. Mövzuya dair son dərc etdiyimiz yazıda biz belə bir məqamı da qeyd etmişdik ki, Ağamirzə Ağamirzəyev bir qızı hələ Azərbaycan Tibb Universitetində təhsil aldığı dövrdə BTRİB-nin keçmiş rəhbəri Beytulla Hüseynovun qızı ilə rəfiqə olub. Ağamirzə müəllim isə, bu münasibətləri daha da inkişaf etdirərək, hardasa ailəvi dostluğa çevirə bilib. Bəzi mənbələrin iddiasına görə, məhz bu münasibətlərin hesabına Ağamirzə Ağamirzəyev də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “toxunulmaz əməkdaşı” statusunu əldə edə bilib. Bu xüsusda yeni aldığımız başqa bir məlumatda isə, KMTQ rəhbərinin bu münasibətlərdə heç də həmişə səmimi olmadığı da diqqət mərkəzinə çəkilir. Məsələ bundadır ki, BTRİB-nin keçmiş rəhbəri Beytulla Hüseynovun “Aztelekom” İB-nin keçmiş baş direktoru Məhəmməd Məmmədovla münasibətləri kifayət qədər gərginliyi ilə seçilirdi. Belə olan halda isə, Ağamirzə Ağamirzəyevin də vəziyyəti ən azından konkret tərəf seçimi məcburiyyətində qalmış bir şəxs kimi, heç də birmənalı qiymətləndirilməyə bilərdi. Lakin məlumatı təqdim edən mənbə vurğulayır ki, KMTQ rəhbəri də RYTN-nin bu iki nüfuzlu füqurunun məhz elə münasibətlərindəki gərginlikdən yüksək məharətlə yararlana bilmişdi. İddiaya görə, Ağamirzə Ağamirzəyev apardığı çoxgedişli və ikili oyun sayəsində bir tərəfdən özünə hər iki vəzifəli şəxsin himayəsini təmin etmiş, digər tərəfdən də onlardan hər biri üçün rəqib düşərgədə “öz adamı” statusunda, arzuolunan kadra çevrilməyi bacarmışdı...

Qarşı tərəfin də münasibətini öyrənə bilərik.





Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net