Fərid Qayıbov: “Həftənin bazar günləri üçün kütləviliyə yönəlmiş layihələrimiz var” - MÜSAHİBƏ
“Elə layihələr var ki, artıq reallaşdıra bilmişik, elə layihələr isə var ki, bir az vaxt tələb edir, planlarımız var. Amma bu bir il ərzində mən də çox şey öyrəndim”.
Bunu Trend İnformasiya Agentliyinə müsahibəsində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov deyib.
Müsahibəni təqdim edirik:
- Bu gün sizin nazir təyin olunmağınızdan bir il ötür. Ötən bir ili necə qiymətləndirmək olar? Qarşıya qoyulan vəzifələrin icrası mümkün oldumu?
- Bu bir il mənim üçün çox dinamik, tez keçdi və bir il ərzində müxtəlif layihələr üzərində çalışdıq. İşə idmanda mövcud şəraiti araşdırmaqla, strategiya müəyyənləşdirməklə başladıq. Bu işdə idman federasiyaları bizə çox köməklik göstərdilər. Biz mütəmadi olaraq federasiyalarla görüşlər keçiririk və çalışırıq ki, idmanla bağlı verdiyimiz qərarları onlarla məsləhətləşək, çünki idman siyasətinin müəyyənləşdirilib tətbiq edilməsində federasiyalar və klublar aktiv çalışırlar. Bilirsiniz ki, federasiyalarda da çox dəyişiklik oldu, bir çox olimpiya idman növü üzrə olan federasiyalarda rəhbərliklər dəyişildi. Prezident İlham Əliyev bu dəyişikliklərə yüksək qiymət verdi və bundan sonra da çalışmaq lazım olduğunu qeyd etdi.
Elə layihələr var ki, artıq reallaşdıra bilmişik, elə layihələr isə var ki, bir az vaxt tələb edir, planlarımız var. Amma bu bir il ərzində mən də çox şey öyrəndim. Regionlarda olduq, orada gənclərlə görüşdük, gənclər təşkilatları ilə tanışlıqlarımız oldu. Ümumiyyətlə, düşünürəm ki, yaxşı, aktiv bir il oldu. İşlərimiz uğurlu olubsa, bu, bizim komanda şəklində, bərabər çalışmağımız nəticəsində mümkün olub. Çünki təkcə Gənclər və İdman Nazirliyi bu işləri görə bilməz və mən həm federasiyalara, həm gənclər təşkilatlarına, bizimlə bərabər çalışan bütün qurumlara təşəkkür etmək istəyirəm.
- Prezident İlham Əliyev idmançılara daim diqqətlə yanaşıb. Bunun nəticəsidir ki, Azərbaycan idmançıları beynəlxalq yarışlarda öz sözlərini deyiblər, medallar qazanıblar. Qardaş Türkiyədə keçirilən İslam Həmrəyliyi Oyunlarında idmançılarımız böyük nailiyyət əldə etdilər. Bu haqda sizin fikirlərinizi bilmək istərdik.
- Bu il Milli Olimpiya Komitəsinin 30 yaşı tamam olur və son 25 ildə Milli Olimpiya Komitəsinə Prezident İlham Əliyev başçılıq edir. Bu illər ərzində təkcə Bakıda deyil, bütün regionlarımızda olimpiya kompleksləri, idman qurğuları tikilib və bir çox idman növləri inkişaf edib. Son illər ərzində İlk Avropa Oyunları məhz Bakıda keçirildi, Azərbaycan İslam Həmrəyliyi Oyunları, müxtəlif Avropa çempionatları, dünya çempionatlarına ev sahibliyi edib. Təbii ki, bu, idmanın inkişafıdır. Son İslam Həmrəyliyi Oyunlarında 24 idman növünün 22-də təmsil olunmağımız, ümumiyyətlə, 54 ölkə arasında ən böyük nümayəndə heyəti olmağımız o deməkdir ki, Azərbaycanda idman inkişaf edir.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən idmançılarımıza olan qayğı onlar üçün çox böyük bir stimuldur. Ölkə rəhbərliyinin İslam Oyunlarından əvvəl Atletlər kəndinə gəlməsi, oyunlardan sonra idmançıları qəbul etməsi idmançılarımız üçün böyük ruh yüksəkliyidir. Ümumiyyətlə, bu il ərzində Prezident İlham Əliyev bir neçə dəfə müxtəlif idman sahələrindən olan idmançılarımızı qəbul edib.
Bilirsiniz ki, dünya çempionatları başlayacaq və düşünürəm ki, idmançılarımız həmişəki kimi dövlətimizi layiqincə təmsil edəcəklər. Məşqlər üçün hər cür şərait yaradılıb.
- Nəticələr baxımından beynəlxalq yarışlardan hansı gözləntiləriniz var?
- Bəzi idman növlərindən uğurlu nəticələr gözləyirik. Bilirsiniz, biz güləş idman növü üzrə hər zaman medallar gözləyirik, amma elə idman növləri var ki, bizim onlarda finala çıxmağımız artıq bir nailiyyətdir.
Olimpiya oyunlarına artıq iki il qalıb və olimpiya oyunlarına lisenziya əldə etmək üçün müxtəlif yarışlar, o cümlədən dünya çempionatları keçirilir. Hər bir federasiyamız çalışır ki, maksimal sayda lisenziya əldə etsin.
- Bölgələrdə idmanın inkişafı ilə bağlı hansı işlər görülür? Bizim, demək olar ki, bütün rayonlarımızda olimpiya mərkəzləri, idman kompleksləri fəaliyyət göstərir. Lakin bəzi rayonlarda müəyyən qədər fəaliyyətsizlik də var. Bölgələrdə idmanın inkişafını daha da irəli aparmaq üçün hansı işləri planlaşdırırsınız?
- Olimpiya komplekslərinin sayı çoxdur və orada bir neçə idman növü inkişaf etdirilir. Bəzi komplekslərdə biz yeni idman növlərini inkişaf etdirmək istəyirik. Bunun üçün mütəxəssislər lazımdır və mütəxəssisləri hazırlaşdırmağa çalışacağıq. Bunun üçün də bizə federasiyaların köməyi lazımdır. Qeyd etdiyim kimi, yalnız nazirlik bu işi görə bilməz. Biz federasiyalarla mütəmadi olaraq görüşlər keçiririk və istiqamətlər müəyyənləşdiririk. Ümumiyyətlə, bütün məsələlər üzrə bərabər qərarlar verməyə çalışırıq. Bir çox federasiyalarda regionlar üzrə şöbələr yaradılıb. Bölgələrdə mütəxəssislərin inkişafı üçün bölgələrarası yarışların keçirilməsinə çalışırlar.
- Şübhəsiz ki, ölkəmizdə gənclər siyasəti yüksək səviyyədə həyata keçirilir. Gənclərin inkişafı, vətənpərvər milli-mənəvi dəyərlərə sadiq formada yetişdirilməsi ilə bağlı bütün məsələlərə ölkə rəhbərliyi tərəfindən ciddi önəm verilir. Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycan gənclərinin necə vətənpərvər, qəhrəman olduğunun şahidi olduq. Bu gün də bu siyasət uğurla davam etdirilir. Nazirliyin gənclər sahəsindəki siyasəti necə qurulub və bundan sonra gənclərlə iş məsələlərini necə görmək istəyirsiniz?
- Ölkəmizin müxtəlif rayon və şəhərlərində Gənclər Evi var. Orada müəyyən işlər qurulub. Gənclərlə iş elə bir sahədir ki, daim dinamikdir və müasirliyə doğru getmək lazımdır. Lakin eyni zamanda da adət-ənənələrimizi unutmamaq lazımdır. Buna görə biz Gənclər Evində işlərə yenidən baxırıq. Çalışırıq ki, gənclərə maraqlı olan sahələrə daha çox üstünlük verək. Gənclərlə tez-tez görüşməyə çalışırıq. Müxtəlif layihələrimiz də mövcuddur. İlk dəfə nazirlik tərəfindən gənclər üçün yay düşərgələri keçirdik. Bu düşərgələr müxtəlif regionlarda keçirildi. Çalışacağıq ki, qış fəslində də bu cür düşərgələri davam etdirək.
- Bundan sonra hədəfləriniz nələrdir? Qarşıda hansı layihələrin reallaşdırılması planlaşdırılır?
- Bizim kütləviliyə yönəlmiş layihələrimiz var. Biz həftənin bazar günləri kütləvi yerlərdə bu layihələri həyata keçirməklə insanları idmana dəvət edirik. Müxtəlif qaçışlar, üzgüçülük yarışları təşkil olunur. Bu yarışlar Bakı ilə yanaşı, digər şəhərlərdə də keçirilir. Gələcəklə bağlı planlarımız da mövcuddur.