ANS İlkin Həsənini məhkəməyə verdi: "Hər kəs yerini bilsin"
Tarix: 23-05-2015, 11:27 |
Çap et
ANS Şirkətlər Qrupu barəsində səsləndirilən təhqirlərə görə məhkəməyə müraciət edib.
Axşam.az xəbər verir ki, telekanal ANS haqqında təhqirə və böhtana yol verdiyini iddia edərək ATV telekanalının əməkdaşı İlkin Həsəni və “azxeber.com” saytını məhkəməyə verib.
“Bu təhqir dolu xəbərləri tirajlayan digər portallar, agentliklər də müəyyənləşdirilərək məhkəməyə veriləcək.
ANS açıq şəkildə bəyan edir ki, bundan sonra da öz nüfuzunu, əməkdaşlarının şərəf və ləyaqətini etibarlı surətdə qoruyacaq. Əgər kimsə milli mənəvi dəyərlərə həqarət edəcəksə, Azərbaycan xalqının heysiyyatına toxunan addımlar atacaqsa, qarşısında ANS-i görəcək. Heç bir KİV və ya onun nümayəndəsi bizim sərt və amansız reaksiyamızdan sığortalandığını güman etməsin. Biz milli mənəvi dəyərlərin hardan başlandığını və onu tapdayan şəxslərin namus və ismət böhranı keçirmə səbəblərini yaxşı başa düşürük.
Məhkəməyə müraciət etməyimizin səbəbi də elə bu fikri çatdırmaqdır ki, hər kəs öz yerini bilsin. Yoxsa, onlara yerlərini biz göstərəcəyik.
Qeyd edək ki, ötən gün ANS-in efirində ATV-nin aparıсısı Mətanət Əliverdiyevanın Bakıda baş vermiş məlum faсiə ilə əlaqədar səsləndirdiyi fikirlərlə bağlı sərt sujet getmişdi. Sujetdə Mətanət Əliverdiyevanın 15 nəfərin (5-i körpə olmaqla!) ölümü ilə nəticələnən hadisəyə “Bir küləkdi, əsdi keçdi” kimi qiymət verməsinin səbəbləri və aparıcını bu qənaətə gətirən yol təhlil edilmişdi. Bundan sonra ATV-nin əməkdaşı İlkin Həsənli ANS-in ünvanına təhqiramiz ifadələr işlədib. Bir sıra xəbər saytları və portalları bu təhqiramiz fikirləri tirajlayıb” – deyə anspress-in yaydığı məlumatda bildirilir.