“Səni axtarıram” verilişində gəlinin qaynanasını öldürdüyünü etiraf etməsi məsələsi sərt tənqid olunub. Canlı efirdə 1 il 9 ay əvvəl törədilən cinayətin üstünün açılması hüquqi baxımdan yalnış addım kimi qiymətləndirilib.
Bu barədə Bizim.Media-ya danışan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev telekanal rəhbərliyini və verilişin aparıcısı Xoşqədəm Baxşəliyevanı hüquqi normaları pozduğuna görə sərt tənqid edib:
“Cinayət faktının efirdən səslənməsi doğru deyil. İlk növbədə Xoşqədəmin qadını gətirib efirdə etirafına şərait yaratması məsələsinə qiymət verilməlidir. Araşdırmaq lazımdır ki, Xoşqədəm həmin qadının cinayətindən və efirdə bəyan edəcəyindən xəbərdar idimi? Əgər xəbərdar idisə, xanım aparıcı efirə çıxarmamış qadını hüquq mühafizə orqanlarına yönəltməli idi. Onun reytinq istəyi artıq bütün hüquqi normaları tapdalamaq deməkdir. Aparıcının da hərəkətlərinə hüquqi qiymət verilməlidir. Çünki qadının illərdən sonra indi etiraf etməsi də maraq doğurur.
Ola bilsin ki, məcburiyyət qarşısında nəyisə etiraf edir və ya kiminsə cinayət əməlini ört-basdır edir. Bütün bunlar ciddi araşdırma tələb edir”.
Vəkilin sözlərinə görə son vaxtlar televiziya verilişləri hüquqi çərçivədən çıxıb və cinayət əməlinin istənilən formada efirdən səslənməsi ictimaiyyətdə yalnış fikir formalaşdırır:
“Efir aparıcıları bir qayda olaraq kimisə günahlandırır və ya kiməsə bəraət verirlər. Bu doğru yanaşma deyil. Gəlin artıq cəmiyyətdə cinayət əməlini ehtiyatsızlıq ucbatından etdiyi fikrini formalaşdırıb. Hansı ki, bu rəy istintaqa təsir edəcək və ədalətsiz qərar qəbul olunmasına səbəb ola bilər. Belə bir şəraiti yaradan Xoşqədəm xanım öz məsuliyyətini başa düşməli idi”.
Cinayət əməlini etiraf edən gəlinin barəsində hansı hökm çıxarılacağı məsələsinə gəlincə, vəkil sözügedən hadisənin araşdırılmasının bir qədər çətin olacağını bildirib:
“Qadının məsuliyyətə cəlb edilmə müddəti keçməyib. Amma hadisədən təqribən 2 il keçib və orada şahid olmayıb. Qadının kiməsə qətli etiraf etməsinin və ya efirdən açıqlamasının həqiqət olduğunu bilmək çətindir. Çünki hadisə yerində qayınanası ilə özü olub. Qadın ölüb, danışan isə gəlindir.
Xüsusilə qayınana-gəlin münasibətlərini də araşdırmaq vacibdir. Qadın üç variantla – ehtiyatsızlıqdan adam öldürmə, ölümlə nəticələnən ağır xəsarət yetirmə və qətllə mühakimə olan bilər.
Baş verənləri isə istintaq müəyyənləşdirəcək. Sübut olunsa ki, qətl həqiqətən də ehtiyatsızlıqdan baş verib və gəlinin qayınanasını öldürmək fikri olmayıb, qadın 120-ci maddə ilə məsuliyyətə cəlb oluna və yüngül cəza tətbiq edilə bilər. 3-4 il azadlıqdan məhrum edilə və ya qadın olduğu nəzərə alınaraq şərti cəza da kəsilə bilər. Bundan əlavə azyaşlı övladları varsa və ya uşaqlar 8 yaşa qədərdirsə, cəzanın təxirə salınması baş verə bilər. Adətən isə ehtiyatsızlıqdan öldürmə praktikada çox vaxt şərti cəza ilə nəticələnir”.