Xərçəngə tutulan əməkdar artistdən üzücü xəbər: Şiş ağciyərlərinə yayılıb - FOTO
Əməkdar artist Tünzalə Əliyeva səhhətinin daha da pisləşməsi barədə məlumat verib.
Oxu.Az xəbər verir ki, xərçəngdən əziyyət çəkən aktrisa şişin ağciyərlərinə yayılmasından sosial media hesabında söz açıb:
“Hər birinizə etdiyiniz dualarınıza, narahat olduğunuza görə dərin təşəkkürümü bildirirəm. Bunu da yenəcəm... Sizin dualarınız və həkimlərin sayəsində sağalacam.
Bildiyiniz kimi, əvvəl uşaqlıqboyunda bədxassəli şiş var idi. Həkimlərin sayəsində yaxşı nəticələr əldə etdik. Apreldə müayinə zamanı məlum oldu ki, böyrək damarlarımda törəmə şişlər var və iki ay müalicə aldım. Nəticə yaxşı oldu.
Çox təəssüf edirəm ki, iki gün əvvəl müayinə nəticəsində artıq öyrəndik ki, şiş ağciyərə yayılıb. Hazırda təcili kimyaterapiya aldım. İnşallah, üçüncü ağır prosesdən də salamat çıxaram”.
Qeyd edək ki, əməkdar artistin xəstəliyi 2018-ci ildə baş qaldırıb. Tünzalə Əliyeva ard-arda cərrahi əməliyyat keçirib və kimyaterapiya alıb.
Rəşad Əliyev