Milli Teleradio Şurasından müflis olmaq təhlükəsilə üzləşən Lider TV haqda AÇIQLAMA
Tarix: 3-06-2020, 09:14 |
Çap et
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə həmin MMC-yə qarşı iddia qaldırıb. İddia ərizəsinə iyunun 8-də Bakı Kommersiya Məhkəməsində baxılacağı qeyd olunub.
Lider TV-nin taleyinin necə olacağı haqqında Modern.az-a danışan Milli Televiziya və Radio Şurasının Aparat rəhbəri Fazil Novruzov məhkəmə prosesi yekunlaşmadan fikir söyləməyin düzgün olmadığını diqqətə çatdırıb:
“Proses yekunlaşmadan bizim açıqlama vermək hüququmuz yoxdur. Bu məsələ yekunlaşacaq, sonradan ictimaiyyətə açıqlanacaq.
Lider TV-nin tezliyi ilə bağlı müsabiqə elan edilməsi barədə heç bir məlumat yoxdur. Hələlik Lider TV haqqında hər hansı mənfi qərar verilməyib. Televiziya fəaliyyət göstərir. Məhkəmənin qərarını gözləyək. Sonrakı proseslər hər kəsə aydın olacaq”.
Qeyd edək ki, “Lider TV və Radio-Azərbaycan” MMC 1998-ci ildə qeydiyyatdan keçib. Şirkətin nəzdində "Lider TV" (1 sentyabr 2000-ci ildən), həmçinin "Radio Lider" fəaliyyət göstərir.