“Eurovision”un yarımfinalından sonrakı mətbuat konfransında “bayraq”qalmaqalı (VİDEO)
Tarix: 11-05-2016, 09:32 | Çap et
“Eurovision”un yarımfinalından sonrakı mətbuat konfransında “bayraq”qalmaqalı (VİDEO)
“Eurovision-2016” mahnı yarışmasının ilk yarımfinal mərhələsindən sonra mətbuat konfransı keçirilib. Finala vəsiqə qazanan 10 ölkə təmsilçisi jurnalistlərin suallarına cavab verib.

Müsabiqə ilə bağlı təəssüratlarını bölüşən Azərbaycan təmsilçisi Səmra Rəhimli özünü xoşbəxt hiss etdiyini bildirib: “Çox şadam ki, ölkəmi bu müsabiqədə təmsil edirəm. Bu mənim arzum idi. Mənə səs verən, dəstək olan hər kəsə təşəkkür edirəm. Hisslərimi dilə gətirmək çətindir”.

Konfransda iştirak edən İTV-nin baş direktor müavini Şaiq Məmmədov Səmranı ilk yarımfinal mərhələsində qazandığı uğur münasibəti ilə təbrik edib.

İşğalçı Ermənistan tərəfinin növbəti dəfə təxribata əl ataraq qondarma Dağlıq Qarabağın “bayrağ”ının səsvermə zamanı qaldırılmasına sərt reaksiya verən Ş.Məmmədov ermənilərin qurumun qanunlarını kobud şəkildə pozduğunu, Azərbaycanın ərazisindəki tanınmamış, qondarma “respublikaya” aid olan “bayrağ”ın böyük bir yarışmada dalğalandırılmasının isə qurum adına bir ləkə olduğunu qeyd edib.

“Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisidir və heç bir dövlət onun müstəqilliyini tanımır”. O “Eurovision-2016” komitəsinin bu təxribata qarşı ciddi ölçü götürəcəyinə inamını ifadə edib.

Bayrağın dalğalandırılmasına icazə verən Eurovision rəsmiləri isə bu dəfə İctimai TV-nin Baş Direktorunun müavininin sözünü kəsməyə cəhd ediblər. Lakin Şaiq Məmmədov Dağlıq Qarabağın Azərbaycanın tarixi torpağı olduğunu, ermənilərin isə işğalçı siyasət yeritdiyini dönə-dönə qeyd edib. Baş direktor müavininin bu çıxışı alqışla qarşılanıb.

Aprelin 29-da Avropa Yayımçılar İttifaqı müsabiqənin yarımfinal və finalının keçiriləcəyi zallara gətirilməsi qadağan olunan bayraqların siyahısını açıqlamışdı.

Siyahıda İspaniyanın baskların yaşadığı bölgə, Kosovo, Krım, Fələstin və qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayraqları yer almışdı.

Qeyd edək ki, Amir Ali, Jeyk Erikson, Henrik Vikstromun müəllifi olduğu “Miracle” mahnısı ilə ölkəmizi təmsil edən Səmra finalın birinci hissəsində çıxış edəcək. “Bir araya gələk!” şüarı ilə keçirilən müsabiqənin ikinci yarımfinalı mayın 12-si saat 23:00-da, final isə mayın 14-ü saat 23:00-da yayımlanacaq.







Xəbərlər
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net