İlhamə Quliyeva sui-qəsdin qurbanıdır?
Tarix: 29-02-2016, 09:22 |
Çap et
Müğənni İlhamə Quliyevanın vəfatından sonra onun barəsində ortaya atılan zəhərlənmə iddiası gündəmdən düşmür. Mərhum müğənninin ölümünün fonunda gizli sui-qəsd yolu ilə zəhərlənmələr məsələsi bir daha aktuallaşıb.
Dünya tarixində gizli yolla həyata keçirilən sui-qəsdlərin dəfələrlə şahidi olmuşuq. Xüsusilə, tanınmış şəxslərə qarşı bu üsullardan istifadə olunur. Məhz bu amillərə görə, İ.Quliyevanın zəhərlənməsinə inananlar gündən-günə çoxalır.
Mərhumun qohumları və vəkilinin zəhərlənmə ilə bağlı açıqlamaları da bu qəbildən iddiaların çoxalmasına səbəb olub. Quliyevanın vəfatının ilk anlarından meyitin əvvəlcə ciddi ekspertizadan keçirilməsi, sonradan onun evində əl izlərinin götürülməsi, ardınca hüquq mühafizə orqanlarının müğənninin ölümündə sui-qəsd versiyasını araşdırmaları ilə bağlı yayılan xəbərlər zəhərlənmə iddiasına əlavə çalarlar.
Gizli sui-qəsdin yolları əsasən bunlardır - qida və içkilərə zəhər qatmaq, zəhərli spreylər, zəhərli diş pastası, zəhərli diş çöpü, zəhərli kitab, zəhərli üzük, zəhərli stul, zəhərli ülgüc, zəhərli siqaret və ya qəlyan, zəhərli çətir , zəhərli əlcək, salfet və qaz zəhərlənməsi.
Maraqlıdır, təbabətdə və məxfi sistemdə gizli sui-qəsdlə bağlı faktlar varmı?
ADP sədri, həkim Sərdar Cəlaloğlu tibdə belə halların olduğunu söylədi: “Misirdə olan bir siyasi qəsdi nümunə gətirəcəm. Prezident Camal Əbdül Nasiri masajisti bu yolla zəhərləmişdi. İçərində arsen deyilən təhlükəli zəhərli maddə olan kremlə onu 6-7 ay masaj etmişdi. Nəticədə dəridən həmin zəhəri yeritmişdi. Misir prezidenti o zəhərlənmədən öldü. Həkimlər bunu təsdiq etdilər və masajist də cəzasını aldı. Elə dərmanlar var ki, onlar müəyyən mərhələyə çatanda təsir etməyə başlayır. Hətta suyun özü belə çox içəndə zəhər kimi təsir edir. Təbabətdə tədricən zəhərləyən dərmanlar var. Qida, hava, su və digər hallarla xroniki zəhərlənmələr ola bilər. O baxır zəhərin necə təsir etməyindən. Biri var kəskin zəhərlənmə. Elə bir miqdarda zəhər bədənə daxil olur ki, bədən dərhal reaksiya verir. İlan saçmağı buna misal çəkə bilərəm. Amma elə zəhərli maddələr də var ki, bədənə az miqdarda daxil olanda büruzə vermir. Yavaş-yavaş bədəndə toplaşıb, müəyyən həddə çatanda həmin zəhərlənməni həyata keçirirlər”.