Şuşanın Quşçular kəndində 5 hektar sahədə kultivasiya edilmiş növbəti narkotik plantasiyası aşkar edilib.
Bu barədə APA-ya DİN-dən məlumat verilib.
Qeyd olunub ki, Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirlərindən sonra bölgədə kütləvi olaraq narkotik tərkibli bitkilərin əkildiyi plantasiyaların aşkar olunması barədə məlumatlar verilib. Polis əməkdaşları tərəfindən Xocalı, Ağdam rayonları ilə yanaşı, Şuşanın Quşçular kəndi ərazisində də təsərrüfat sahələrinin birində 5 hektar sahədə çətənə kolu plantasiyası aşkarlanıb. Fermer təsərrüafatı adı altında fəalliyyət göstərmiş plantasiyada yetişdirilən narkotik tərkibli bitkilərə mütəxəssislərin iştirakı ilə baxış keçirilib. Müəyyən edilib ki, həmin ərazidə çətənə kolunun sativa və digər qarışıq növləri aqrotexniki üsulla xüsusi qulluq olunaraq yetişdirilib. Araşdırmalar davam etdirilir.