Şəhid ailələrinə verilən evlər satışa çıxarılıb-ZAQATALADA BİABIRÇILIQ
Tarix: 4-11-2015, 09:41 |
Çap et
Zaqatalada biabırçı vəziyyət yaşanır. JAM.AZ-a verilən məlumata görə, rayonda artıq şəhid ailələrinə verilən mənzillərin də alveri start götürüb.
Məlumatda deyilir ki, rayon İcra Hakimiyyətinin nəzarətində olan, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən şəhid ailələri üçün inşa edilən evlərdən mənzil sahibi olmaq heç də ucuz deyil. JAM.AZ-a daxil olan məlumata görə, adı siyahıda olan, lakin mənzil ala bilməyənlərin bu istəklərini reallaşdırmalarına 10-15 min manat pul lazımdır.
Belə ki, rayonun icra başçısı Mübariz Əhmədzadə bu işlərə təhkim etdiyi müavinlərindən tələb edir ki, kimliyindən asılı olmayaraq, pul verməyənə mənzilin açarı belə göstərilməsin. Siyahıya gəldikdə isə onun tərkibi istənilən an dəyişə bilər. Məsələn, siyahıda 3-cü olan şəxs pul verməyibsə, 2 il sonra inşa ediləcək mənzillərin növbəsinə salınır. Pul verən şəxs isə siyahıda 150-ci yerdə olsa da, bir qələmlə birincilər sırasına çıxarılır.
JAM.AZ xəbər verir ki, uzun müddət rayonda bu işin maklerliyini icra başçısının müavini, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yaqub Məmmədov həyata keçirib. İddialara görə, o, şəhid ailələri və Qarabağ qazilərinə çatmalı olan mənzillərin açıq bazarını yaradıb. Hətta bir müddət əvvəl Qarabağda döyüşmüş, lakin biprcə güllə yarası belə almayan rayon sakinlərindən biri inəklərini sataraq, pullarını müavinə verdiyini deyərək, əlil və şəhid ailələri üçün inşa edilmin binadan mənzil alıb.
Məlumatda qeyd olunur ki, Yaqub Məmmədov Zaqatalada bir çox hallarda narazılıqların əsasını qoyan şəxs kimi tanınır. Onun adı hətta zəlzələ baş verdiyi dövrlərdə rayon sakinlərinə qarşı kobud davranmaqda, hətta təhqir etməkdə hallanırdı.
Bu əsnada, JAM.AZ başqa bir məlumatı da dəqiqləşdirməyə çalışır. Bildirək ki, şöbə müdiri Yaqub Məmmədovun oğlu bu yay avtoşluq edərkən, ağır avtomobil qəzası keçirib. Aldığı ağır bədən xəsarətlərindən dolayı xəstəxənada yatan oğul Məmmədovla bağlı yerli polis heç bir araşdırma aparmayıb və cəza verməyib. Həmçinin o da vurğulanır ki, İcra Hakimiyyəti rəsmisinin oğlunun qəza törətməsi ilk hadisə kimi qəbul edilmir. İddia olunur ki, o, bundan əvvəl də bir neçə dəfə avtoxuliqanlıq edərkən qəzalara səbəb olub.
Xatırladaq ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, məmur övladların qudurğanlıq edərsə, nəinki onlar, ataları da cəzalandırılacaq. Lakin görünən odur ku, oğlu avtoşluq edib, qəza törədən məmur cəzasız qalıb. Görünür, Mübariz Əhmədzadənin onunla ciddi anlaşması və ehtiyacı var. O səbəbdən də prezidentin tapşırığına etinsasız yanaşıb.
Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.