Fazil Məmmədovun holdinqinin zərəri 3 dəfə artıb?– 66,5 milyon manatlıq ziyan
Tarix: 24-10-2015, 11:53 | Çap et
Fazil Məmmədovun holdinqinin zərəri 3 dəfə artıb?– 66,5 milyon manatlıq ziyan
Ölkənin oliqarxiya kommersiya qurumlarından biri 2014-cü ildə 66,5 milyon manat məbləğində zərər etdiyini bildirib ki, bu da əvvəlki ildə olduğundan 20 milyon manat çoxdur. Bu barədə “Turan”ın məlumatında deyilir.

Audit edilmiş maliyyə hesabatında deyilir ki, müəssisənin istehsalat, ticarət fəaliyyəti və xidmətlərdən əldə etdiyi gəlir 16,7 mln. manat təşkil edib ki, bu da əvvəlki ildə olduğundan 7,7% çoxdur. Birbaşa xərclər 2 dəfə artaraq 26,8 mln. manat təşkil edib.
İnzibati və digər əməliyyat xərclərinə 55,8 milyon manat yönəldilib ki, bu da əvvəlki ildə olduğundan 22,7 milyon manat çoxdur.

Qeyd edək ki, əgər 2013-cü ilin yekunlarına əsasən 22 şirkətin daxil olduğu holdinqin kapitalı 132,5 milyon manat təşkil edibsə, bu il yanvarın 1-nə olan məlumata görə, mənfi göstərici 24,2 mln. manat olub.

2014-cü ildə holdinq 137 milyon manat həcmində uzunmüddətli borc götürüb. 2014-cü ildə “Synergy Group” ASC-nin aktivləri 136 milyon manatdan 120 milyon. manata enib.
Səhmdarlar dövriyyədən 142,4 milyon manat çıxarıblar. Onlar 29,8 milyon manat səhmdar kapitalı, 22,2 milyon manat investisiya qoyublar.

Xatırladaq ki, “Synergy Group” ASC-yə əvvəllər sənaye, tikinti və sair sahələr üzrə 30-dan çox şirkət daxildi. Ancaq neftin qiymətinin düşməsindən sonra bəzi şirkətlər müəammalı şəkildə bağlanıldı.

Holdinqin adı isə bir qədər əvvəl deputat Eldar İbrahimovun qardaşına məxsus “Kövsər Bank”ın 38 milyonlıq nəzarər-səhm paketini alması ilə gündəmə gəldi.
Bundan əlavə, “Synergy Group” ASC “Azerbaijan Fibro Cement” MMC-nin yeganə təsisçisidir. Kimya Sənaye Parkının rezidenti statusu alan “Azerbaijan Fibro Cement” MMC-nin fibrosement istehsal edən zavodu 2014-cü ildən Salyan şossesinin 47-ci kilometrliyində tikilir. Orda 7 ha sahədə tikintinin ikinci mərhələsi idi. İlk məhsul bu ilin II yarısında buraxılmalı idi. təmsilçiləri 2014-cü ilin oktyabrında KİV-ə müsahibəsində bildiriblər ki, fibrosement istehsal edən zavodun tikintisi 2010-cu ildən fəaliyyət göstərən bu holdinqin sənayeyə qoyuduğu ən böyük sərmayədir. O vaxt avadanlığın ilk partiyası Azərbaycana göndərilməyə hazır idi.

Artıq Sumqayıtda tikiləcək zavodda düz fobrosement panellər, dalğalı panellər, dam örtüyü panelləri buraxılacaq. Onlardan binaların fasad və interyerində istifadə edilir. Material sement, qum və sellüloz lifindən ibarətdir.

Qeyd edək ki, “Synergy Group” ASC-nin hansı oliqarxa məxsus olduğu açıqlanmasa da, səhmlərinin 99%-nin Əşrəf Kamilov adlı birinə məxsus olduğu məlumdur. Bəzi məlumatlara görə isə, şirkət vergilər naziri Fazil Məmmədovun nəzarətindədir. Başqa faktlar da bunu təsdiqləyir.

Belə ki, Əşrəf Kamilovun həm də “AtaBank” ASC-nin 8%, “Bank VTB-nin (Azerbaijan)” 0,1% səhminə sahib olduğuna dair məlumatlar var. Daha maraqlı məqam isə odur ki, “Akkord Sənaye-Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 2012-ci il üçün auditor hesabatında qeyd olunub ki, faktiki olaraq bu şirkəti Əşrəf Kamilov idarə edir.

“Synergy Group” ASC-nin tərkibinə isə Azərbaycan Universiteti kimi böyük ali təhsil müəssisəsindən tutmuş, “Excelsior Hotel Shamkir”ə qədər, çoxlu sayda müxtəlif təyinatlı müəssisələr, şirkətlər daxildir.

Qeyd olunanlara əsasən ehtimal etmək olar ki, “Synergy Group” ASC ilə “AtaBank”ın, “Akkord”un sahibi eyni şəxs və ya eyni çevrədir. Nəzərə alsaq ki, mətbuatda “AtaBank”ın, “Akkord”un sahibi kimi Bakı klanının təmsilçilərinin adları çəkilir, onda “Synergy Group” ASC-nin eyni klana aid olduğu şübhə doğurmaz.

Yeri gəlmişkən qeyd edək ki, “Synergy Group” ASC-nin rəsmi saytında səhmdarların adları açıqlanmayıb. Ancaq “Synergy Group” ASC-nin faktiki sahibi ilə ən azı “AtaBank”ın sahibinin eyni adam olduğunu düşünməyə əsas verən çoxlu məqamlar var. Məsələn, 2014-cü ilin sentyabr ayından etibarən “Synergy Group” ASC-nin Müşahidə Şurasının Sədri olan Dəyanət Quliyev karyerasına “AtaBank” ASC-də Xəzinədarlıq Departamentinin Baş mütəxəssisi vəsifəsində başlayıb. Daha sonra təhsili ilə əlaqədar olaraq bir müddət əmək fəaliyyətini dayandırıb. 2008-ci ildə “AtaBank” ASC-nin Bank kartları və elektron xidmətlər Departamentinin direktor müavini, daha sonra isə “AtaBank” ASC İdarə Heyəti sədrinin müavini təyin edilib. 2013-cü ilin fevral ayından 2014-cü ilin sentyabrınadək “AtaBank” ASC-nin İdarə Heyəti Sədrinin birinci müavini olub.Ordan da “Synergy Group” ASC-yə göndərilib.

Və ya yaxud başqa bir fakt. “Synergy Group” ASC-nin rəsmi saytında Azərbaycan Universiteti onun subyektlərindən biri kimi qeyd olunur. Bu Universitetin Vergilər Nazirliyinin himayəsi altında olduğu isə hər kəsə məlumdur. Nə təsadüfdür ki, “AtaBank”ın da daxil olduğu “ATA HOLDİNQ”in yaradıcısi kimi vergilər naziri Fazil Məmmədovun adı çəkilir.

“Synergy Group” ASC-nin tərkibindəki “Excelsior Hotel Shamkir”, “AzAqro” qızılgül istixanaları, Zəyəm Texnologiyalar Parkı, “Zəka” Gənclər Mərkəzi kimi bəzi şirkətlərin Fazil Məmmədovun kurasiyasında olan Şəmkirdə yerləşməsi isə təsadüfdən daha çox bu Səhmdar Cəmiyyətin vergilər nazirinə bağlılığı ehtimalını yaradır.
Yəni, şirkət şəxsən Fazil Məmmədovun adına olmasa da, onun nəzarətində olduğu şübhə doğurmur. Holdinqin müəssisələrinin bir hissəsinin onun doğma rayonunda yerləməsi də bununla bağlanılır.

Vergilər nazirinə bağlı holdinqin zərərlə işləməsi isə bir o qədəır də inandırıcı görünmür. Hələ nəzərə alsaq ki, bu holdinq yüksək gəlirli sahələrdə fəaliyyət göstərir, hətta bunu qeyri-mümkün hesab etmək olar. Kim bilir bəlkə holdinqin “zərərlə” işləməsi daha xeyirli olduğu üşün hesabatda belə yazılır. Bəlkə də…





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net