Məmur belə işləməlidir… - İlham Əliyevin tələbi
Tarix: 20-10-2015, 10:00 |
Çap et
Keçmiş MTN şefi Eldar Mahmudovun işdən çıxarılması hələ də ölkənin ən aktual mövzusu olaraq qalır. Bundan öncəki yazıda qeyd etdiyimiz kimi, Mahmudovun “vurulması” səbəbsiz deyil. O prezident İlham Əliyevin tapşırıqlarına əməl etmədiyi üçün fəaliyyətinə xitam verilib.
E.Mahmudovun tutduğu vəzifədən uzaqlaşdırılmasının gerçək səbəbi onun və rəhbərlik etdiyi qurumun ölkədə fəaliyyət göstərən iş adamlarına, sahibkarla, iri biznes sahiblərinə qarşı həyata keçirdikləri qanunsuz yoxlamalar və təzyiqlərlə bağlıdır.
İlham Əliyev Mahmudovu işdən çıxarmaqla hansı mesajı verdi?
Prezident 17 oktyabr sərəncamı ilə ölkədə şəffaf idarəetmə mexanizminin mövcudluğunu, məmur özbaşnalığının yolverilməz olduğunu, dövlətin, xalqın maraqlarının hər kəsdən və hər şeydən üstün tutulduğunu bir daha nümayiş etdirdi.
“Filankəs neçə ildir nazirdir, niyə dəyişdirilmir”,-deyə səslənən iradlara prezident qəti şəkildə cavab vermiş oldu ki, 11 ilin MTN naziri buraxdığı böyük səhvə görə bağışlanmadı. Əksinə tərəddüdsüz sərəncam verilərək anındaca işdən çıxarıldı.
Prezidentin çıxışlarında dediyi kimi, iqtidarın komandasında vəzifə daşıyan məmurlar qarşısında qoyulan əsas və vacib tələb xalqa və dövlətə sədaqətlə işləməkdir. Kim bu prinsiplə işləməyi bacarmırsa, sonunda komandanı tərk etməli olur.
Ölkə başçısı Mahmudovu işdən çıxarmaqla cəmiyyətə “komandada kimin neçə il işləməsi əsas deyil, əsas məsələ nöqsansız, vicdanla və qüsursuz işləməkdir”,-deyə önəmli mesaj verdi.
İlham Əliyev üçün dövlətə və xalqa ləqayətlə xidmət etmək ən ümdə, ən vacib vəzifədir.
Prezidentin çıxışlarına diqqət edəndə görərik ki, məmurlar, nazirlər qarşısında şəffaflıq, özbaşnalığa yol verməmək və xalqa xidmət kimi məsuliyyətli tələblər qoyulub və dövlət rəhbəri özü şəxsən ölkədə baş verən prosesləri dəqiqliklə izləyir və bu proseslərdən nəticə çıxarır.
Birinci şəxs hansı məmurun nə işlə məşğul olmasından 100 faiz xəbərdardır. O görülən işlərlə yaxından tanış olur, problemlərdən anındaca xəbər tutur və nöqsanların təkrarlanmaması üçün ciddi addımlar atır. Vəzifə səlahiyyətindən sui-istifadə İlham Əliyevin bağışlamadığı səhvdir. O ölkə başçısı olaraq şəffaflığın tərəfdarıdır.
Prezidentin çıxışlarında dəfələrlə bəyan edib ki, Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır: “Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olsunlar"
Ölkə rəhbərli nazirlərlə keçirdiyi bütün müşavirələrdə onları təmiz işləməyə səsləyir: "Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Bax, budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərəəməl etsin".
Cənab İlham Əliyevin özünün də dediyi kimi apardığı islahatların kökündə yeganə və başlıca amil vətəndaş və xalqdır. O, xalqın rifahını düşünür və bu istiqamətdə lazım olan bütün addımları atır.
Özünü xalqın birinci xidmətçisi elan edən dövlət başçısı açıq şəkildə bildirir ki, ən ucqar kənddə belə vətəndaşları qəsdən incidən, sahibkarlara süni əngəllər yaradan, iş adamlarından “haqq” alan dövlət məmuru dərhal cəzalandırılacaq.
"Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaq. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın".
Birinci şəxsin qoyduğu bu tələblərə əməl etməyənlər cəzalandırılır, ən yaxşı halda vəzifədən çıxarılır, ya da törətdiyi cinayət əməlinə görə həbs edilir...
17 oktyabr sərəncamı da ölkə başçısının sahibkarla göstərdiyi diqqət və qayğıdan qaynaqlanır. Birinci şəxs əyani şəkildə göstərdi ki, o hər zaman vətəndaşların yanındadır, xalqın problemlərini mütəmadi olaraq diqqətdə saxlayır, onları narahat edən məqamları dərhal aradan qaldırır.
Bu konteksdə deyə bilərik ki, vəzifə səlahiyyətlərindən öz şəxsi maraqları naminə sui-istifadə edən məmurları heç şübhəsiz Eldar Mahmudovun aqibəti gözləyir...