Ramiz Həsənovun komitəsindən narazılıq; Sahibkarlar etiraza hazırlaşır
Tarix: 19-10-2015, 09:15 |
Çap et
Məlum olduğu kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkədə azad sahibkarlıq mühitinin formalaşdırılması yönündə olduqca mühüm açıqlamalar verdi. Prezident açıq şəkildə ifadə etdi ki, sahibkarlara qarşı əsassız təzyiqlər var, yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar.
Bu kimi halların yolverilməzliyini bir daha vurğulayan dövlət başçısı hər şeydən xəbərdar olduğunu və neqativ hallara son qoyulmasının vacibliyini diqqətə çatdırıb: “Bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə borclu deyil. Nə yerli icra hakimiyyəti orqanlarına, nə də hüquq-mühafizə orqanlarının nümayəndələrinə. Sahibkar yalnız dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu dözülməz haldır”.
9 ayda 67 minə yaxın iş yerinin yaradıldığını, amma eyni zamanda 30 min iş yerinin bağlandığını diqqətə çatdıran prezident bunun təhlilinin aparılmalı olduğunu söyləyib: “İş yerlərini bağlayan sahibkarları dəvət edib, soruşmaq lazımdır... Əlbəttə, bunun obyektiv səbəbləri var, amma subyektiv səbəbləri də var. Gəlirlər əsassız tələblər irəli sürürlər, sanki kimsə bunlara borcludur. Heç kim, heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu bizim siyasətəmizə ziddir, digər tərəfdən imkan vermir ki, iqtisadiyyatımız inkişaf etsin. İmkan vermirlər sahibkarlar ölkədə rahat işləsinlər”.
Daha sonar isə ölkəmizdə lisenziyaların sayının həddindən çox olduğunu deyən dövlət başçısı bunun əslində pul tələsi olduğunu da açıq şəkildə bəyan edib: “Mənə verilən məlumata görə, getdikcə lisenziyaların sayı artır. Əksinə azalmalıdır Amma bizdə artır. Nəyə görə?! Çünki qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da pul mənbəyidir, qanunsuz varlanmaq mənbəyidir. Nəyə lazımdır bu?! Buna çox ciddi baxmaq lazımdır. Hökumət təkliflər versin, hansı lisenziyalar verilir, əsaslıdır, əsaslı deyil? Lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır”.
Doğrudan da liberal iqtisadiyyat modelini, bazar iqtisadiyyatı yolunu seçmiş bir ölkə olaraq Azərbaycanda lüzumsuz yoxlamaların, gərəksiz lisenziyaların çoxluğu inkişafı tormozlayan amilə çevrilməkdədir. Prezidentin məlum çıxışından sonra isə bəzi nazirlik və dövlət komitələri hərəkətə keçərək, tövsiyyələrdən irəli gələn tapşırıqların icrasına start verib. Məsələn, İqtisadiyyat və Sənaye Nazirliyi bir neçə gün bundan öncə rəsmən bəyan etdi ki, yoxlamaları dayandırıb. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib. İclasda insanların həyat və sağlamlığının qorunması halları ilə bağlı zəruri nəzarət tədbirləri istisna olmaqla, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektlərində aparılan bütün yoxlamaların dayandırılması qərara alınıb.
Bundan sonra lisenziya və sertifikatların verilməsinə məsul olan digər qurumların da anoloji addımı atacağını gözləmək olardı. Məsələn, sahibkarların eyni qərarı Ramiz Həsənovun rəhbərlik etdiyi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən də gözləyir. Amma görünən odur ki, adıçəkilən komitə hələ də susqunluğunu qorumaqda və prezidentin göstərişlərinə laqeyd münasibət bəsləməkdə davam edir. Qeyd edək ki, sahibkarlar mütəmadi olaraq adıçəkilən komitənin onların normal fəaliyyətinə müxtəlif maneələr yaratmağa çalışdığı barədə müraciətlər ediblər. Odur ki, Ramiz Həsənovun prezidentin tövsiyyələrinə ilk qoşulanlardan biri olacağını gözləməkdən təbii heç nə ola bilməzdi. Amma görünən odur ki, ölkə rəhbərliyi sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin aradan qaldırılmasına dair dövlət orqanlarına verdiyi ciddi tapşırıqlar Ramiz Həsənov tərəfindən icra edilmir. Bu isə Ramiz Həsənov üçün heç də xoş perspektiv vəd etmir. Ən azından ona görə ki, prezident həmin müşavirədə qətiyyətlə bəyan etdi ki, tapşırıqlara əməl etməyənləri ciddi cəzalar gözləyir. Müşahidələr isə onu düşünməyə əsas verir ki, cəzalananlar siyahısında ilk yerlərdən birini məhz Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbəri Ramiz Həsənov tutacaq.