Biləsuvarlı müəllim prezidentdən imdad dilədi
Tarix: 5-10-2015, 08:55 | Çap et
Biləsuvarlı müəllim prezidentdən imdad dilədi
Azərbaycan Respublikasının prezidenti , Ali baş komandan İlham

Əliyev cənablarına ,

Surəti Azərbaycan Respublikası Heydər Əliyev fondunun sədri, millət

vəkili Mehriban xanım Əliyevaya

Surəti Azərbaycan Respublikası Milli Məclisinin sədri Oktay Əsədov

cənablarına,

Surəti: Yeni Azərbaycan icraçı katibi Əli Əhmədov cənablarına

Surəti: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev cənablarına

Surəti : Azəriqaz İstehsalat Birliyinin sədri cənab Əkbər Hacıyevə

Məlumat üçün surəti Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev cənablarına

Biləsuvar rayon Ovçubərə kənd sakini , Yeni Azərbaycan partiyasının üzvi , Ovçubərə kənd tam orta məktəbinin müəllimi Əmirov Rasim Əmirxan oğlu tərəfindən

Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ

Cənab prezident, dövlətimizin səlahiyyət sahibi olan hörmətli nümayəndələri, hörmətli məsul şəxslər, mənim sizə müraciətim onunla bağlıdır ki, yaşadığım Ovçubərə kəndində yeni yaşayış məntəqəsi üçün kənd bələdiyyəsinin ayırdığı sahədə özümə ev tikmişəm. Həyatyanı torpağın verilməsi və yaşayış evin tikilməsi haqqında sənədlərim hamısı qaydasındadır.

Bildirmək istəyirəm ki, köçüb yaşamaq istədiyim Yeni yaşayış məntəqəsi əsas daşıyıcı qaz və işıq xəttindən 100 metrdən artıq aralı məsafədə yerləşir. Buraya daşıyıcı küçə qaz və elektrik xətləri çəkilməli , yeni tikilmiş evlər mavi qazla, elektriklə təmin olunmalıdır.

Qaz İstismar idarəsinin Biləsuvar şöbəsinin məsul əməkdaşları ilə görüşərək bu məsələ barədə onlara dəfələrlə şifahi olaraq məlumat vermişəm. Cavabında mənə deyiblər ki, yeni yaşayış məntəqəsi əsas daşıyıcı qaz xəttindən 100 metr aralı məsafədə olduğu üçün sənə heç bir köməklik edə bilmərik. Hal-hazırda idarəmizdə bu cür məsələlərin həlli üçün heç bir maddi vəsait ayrilmayıb. O vaxtı, əsas daşıyıcı küçə qaz xətləri çəkilərkən Kənd icra nümayəndəliyi və kənd bələdiyyəsi podratçı təşkilata sifariş verməliydi. Buna görə də bu təzə küçələrə və evlərə daşıyıcı qaz xəttinin çəkilməsi və verilməsi mümkün deyil. Sizə mövcud vəziyyətdə kənd bələdiyyəsi və icra nümayəndəliyi köməklik edə bilər.

Kənd icra nümayəndəsini müfəqqəti əvəz edən şəxsə də bu barədə müraciət etmişəm. Məlumat üçün deyim ki, bu gün kəndimizin işində buraxdığı nöqsanlara və korrupsiya faktlarına görə müfəqqəti işdən azad edilmiş icra nümayəndəsi Ağaddin Mikayılovun işi məhkəmədədir. Əvəzləyici şəxsdə deyirki icra nümayəndəsi bilinəndən sonra araşdırma aparıb sənə nəsə deyə bilərik.

Dəfələrlə Ovçubərə kənd bələdiyyəsinin sədri Əmənov Mətləbə bu barədə müraciət etmişəm. Cavabında isə deyir ki bələdiyyənin elə bir vəsaiti yoxdur ki, bu cür problemlərin həllinə sərf etsin. Hörmətli Mətləb müəllimə iradımı bildirərək dəfələrlə demişəm, bəs 20 nəfərə yaxın sakinin hər birindən bu həyətyanı torpaq üçün aldığınız 560 azn olan pulları neynəmisiniz ?

Dövlət tərəfindən ayrılan yardımları, datasiyaları, yığdığınız vergi pullarını və . s. demirəm. O isə sadəcə bütün bünları qulaq ardına vurub, sakitcə öz xeyri üçün çalışır.

Bu məsələ ilə bağlı məcbur olub 3 avqust 2015-ci il tarixində yazılı şəkildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev cənablarına , Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev cənablarına da məktub ünvanlayıb müraciət etdim.

Məktubuma ilk olaraq 11 avqust 2015 –ci il tarixində Biləsuvar rayon İcra hakimiyyətinin Sosial – İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Rafael Quliyev cənabları tərəfindən cavab gəldi. Rəfail müəllim məktubun cavabında yazıb bildirir ki , “ 2016-ci ildən başlayaraq kəndlər də yeni salınmış yaşayış massivlərində daşıyıcı qaz xətləri çəkiləcəkdir ki bununla da rayon əhalisi qazla tam təmin olunacaqdır. Hal-hazırda bu işlə bağlı layihə smeta sənədləri hazırlanır.” (Yəni mədəni şəkildə yola verildim... Qarşıdan qılınc kimi qış gəlir ay Rəfail müəllim. İki körpə uşaqla qışın soyuğunda naçar qalıb gözləməliyik ki sizin nə vaxtsa könlünüz olanda layihə smeta sənədi hazırlayacaqsınız hə? )

Sonra 24 avqust 2015-ci il tarixində Azəriqaz İB-nin Baş direktorunun ümumi məsələlər üzrə müavini Nazim Tağıyev adlı məsul şəxsdən də mənə məktub gəldiki Yeni yaşayış massivlərinin qazlaşdırılması üçün Azəriqaz İstesalat Birliyinə maliyyə vəsaiti ayrılmadığı üçün sizə köməklik edə bilmərik. Bu məsələ ilə xüsusi icazəsi (lisenziyası) olan podratçı təşkilat məşğul olur. Öz vəsaitiniz hesabına küçə daşıyıcı qaz xəttinin çəkilişini bu təşkilata müraciət edərək yerinə yetirməlisiniz. ( Bu da belə...)

Sizlərə özüm haqqında geniş məlumat vermək istəyirəm.

Sizə yazıb bildirirəmki mən və həyat yoldaşım Ovçubərə kənd tam orta məktəbində ixtisasımız üzrə müəllim işləyirik.

Müəllimlik fəaliyyətimlə yanaşı 2009-cu ildən Təhsil Nazirliyinin təşəbbüsü ilə “Mədəd” HTİB-nin həyata keçirdiyi İKT sahəsi üzrə “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşməsi “ və “Təhsil Sisteminin İnzibati- İdarəetmə Heyəti üçün İKT-nin Təhsilə Tətbiqi” və İdarəetmə heyəti üzrə bölgələrdə keçirilən treninqlərdə təlimçi müəllim kimi də fəaliyyət göstərmişəm. Pedaqoji fəaliyyətimlə yanaşı müasir təlim metodları ilə, İnteraktiv təlim ilə və yeni texnologiya ilə mükəmməl işləmək qabiliyyətinə malikəm. Rayonumuzda təhsil nazirliyinin həyata keçirdiyi İKT və yeni təlim üzrə kurikulum kurslarında iştirak edərək birinci dərəcəli İnformatika müəllimi statusunu almışam. 2013-ci il yenidən Bakı şəhərində, Azərbaycan Universitetində “Şəxsiyyətin inkişafı və yeni pedaqoji texnologiyalar” İctimai Birliyinin idarə heyyəti tərəfindən 03-12 may tarixində fənn kurikulumunun tətbiqi əlaqədar təşkil olunmuş “Öyrədənlərin öyrədəni” təlimi kursundan keçərək Riyaziyyat fənni üzrə də“Təlimçi” statusu almışam. Bu yaxınlarda yenidən təhsil nazirliyinin sifarışı ilə Unikal təhsil təşkilatının həyata keçirdiyi İKT və yeni təlim üzrə kurikulum kurslarında iştirak edərək 6-cı və 7-ci və 8-ci siniflərədə dərs deyəcək müəllimlər üçün təşkil olunmuş 10 günlük kursda iştirak edərək Fizika fənni üzrə də sertifikat almışam.
2004-cü ildən özüm və 2008-ci ildən həyat yoldaşım və qardaşlarım YAP –ın üzviyik.Hökumətimizin siyasətini bəyənir, ulu öndərimizin siyasi kusunun layiqli davamçısı olan prezidentimiz İlham Əliyev cənablarını yekdilliklə dəstəkləyirik.

İki az yaşlı övladımız var. Atamın evində darısqal otaqlarda üç böyük ailə birlikdə yaşayırdıq. Vəziyyətimiz çox çətin idi. Atam xəstə olduğu üçün dünyasını dəyişdi. Ailə vəziyyətimiz daha da ağırlaşdı. Mən məcburiyyət qarşısında qalıb əvvəlcə kirəsinə evdə yaşamalı oldum. Ev kirəsini vaxtı-vaxtında ödəyə bilmədiyim üçün yenidən evimizə qayıdıb qapımızda qardaşımın təsərrüfat məqsədi ilə tikdiyi bir daxmada yaşamalı olduq.

Hal-hazırda 5 ildən artıqdır ki, həmin daxmada yaşayırıq. Həyat şəraiti çətin olan daxmada vəziyyətimiz acınacaqlı olaraq qalır. ( Yaşadığım daxmanın şəkillərini də sizə yollayıram.)

Gənc ailələrə verilən İpoteka kreditindən yararlanmaq istədim. Cənab prezident sizə və Milli Məclisimizə bu səbəbdən müraciət etdim. Cavab olaraq mənə müvəkkil banklara müraciət etməyi məsləhət gördülər . Bir neçə banka müraciət edib İpoteka kreditinin şərtləri haqqında məlumat aldım. Bizim aldığımız məvacibin İpoteka kreditinin götürülməsi üçün yetərli olmadığını öyrəndim. Beləcə İpoteka krediti götürmək istəyimiz də mümkünsüz oldu.

Həyətyanı sahə üçün Ovçubərə kənd bələdiyyəsinə müraciət etdim. Ovçubərə kənd bələdiyyəsinin rəhbərliyi həyətyanı sahə üçün mənə pulunu nəğd ödəmək şərtilə torpaq veriləcəyini bildirdi. Mən yerli , məhdud kredit verən banklardan müəyyən kiçik məbləğ götürərək 0,08 həyətyanı sahə üçün Ovçubərə kənd bələdiyyəsinə 560 manat pul köçürdüm. Sonra bələdiyyənin mənə verdiyi sənədlərə əsasən torpaq sahəsi verildi.O vaxtı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon şöbəsinə müraciət etdim.Uzun sürən danışıqlardan və çətinliklərdən sonra məndən zor-güc 600 azn hələ hörmətə pul alaraq həyətyanı torpaq sahəsi olan yerə aidiyyatı təşkilatın nümayəndəsi tərəfindən baxış keçirildi. Həmin torpaq sahəsinin həyətyanı torpaq sahəsi kimi verilməsi məqsədə uyğun hesab edilib mənə verilməsi haqqında Biləsuvar RİH –nin memarlıq və tikinti şöbəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon şöbəsi tərəfindən rəy verildi. Digər sənədləri də müəyyən vaxtdan sonra əldə etdim.

Ötən il evi tikmək üçün Kapital Bankın Biləsuvar filialından 3 il müddətinə 6000 azn pul götürərək evi tikməyə başladım. Bu pulla evin yarı hissəsini tikib başa çatdırdım. Hal-hazırda həyat yoldaşımın adına da kredit götürüb evin içərisində təmir işləri apardıq. İllərlə xəyal etdiyimiz bir yuvaya , şəxsi mənzilimizə köçmək ərəfəsindəyik.

Aidiyyatı orqanların “dediyinə görə” qaz xəttinin, işıq xəttinin çəkilməsi öz vəsaitimiz hesabına olması bizim yeni mənzilimizə köçüb yaşamağımıza böyük əngəl yaratdı. Təxminən küçə xəttini özümüz çəksək 400 azn-dən çox qaz borusuna, 250 azn digər xərclər, 400 azn-ə yaxın elektrik xəttin çəkmək (yəni 1000 azn-dən artıq) üçün vəsait lazımdır. Aldığımız məvaciblə isə ancaq tikdiyimiz ev üçün banklardan götürdüyümüz krediti ödəyə bilirik.

Deməli, bu gün canımızdan da əziz bildiyimiz, tükənməz sərvəti olan vətənimizdə, təhsili üçün çalışdığımız, təbliğatı üçün çalışdığım bir dövlətdə elə hər bir xidmət üçün pul ödəməli , vəsait xərcləməliyik. Bəs ziyalıya, gənc ailə olanlara harda qaldı dövlət qayğısı?

Bəyənmədiyimiz sovet dönəmində müəllimə, ziyalıya dövlət böyük önəm verirdi. Çünki dövlət üçün vətəndaşı bu ziyalılar yetişdirir. Müstəqil dövlətçiliyimiz, ali qanunlarımızda da bunlar hamısı var. Sadəcə cənab prezident, hörmətli məsul şəxslər bu gün yerli məmurlar tərəfindən , təşkilatlar tərəfindən bu imtiyazlar yerinə yetirilmir. Dərdimizi , şikayətimizi deyəndə min bir bəhanə ilə mədəni şəkildə yola verirlər bizim kimiləri. Qanun əllərində , səlahiyyət əllərində. İstədikləri kimi nizamlayırlar işlərini. Azəriqaz İB-nin Baş direktorunun ümumi məsələlər üzrə müavini Nazim Tağıyevi şəxsən tanımıram, ancaq Biləsuvar rayon İcra hakimiyyətinin Sosial – İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Rafael Quliyev cənablarını və digər məmurları tanıyıram. Özləri üçün o qədər gözəl mənzil, şərait qurublarki, rəhmətlik, gözəl şairimiz Süleyman Rüstəm demişkən:

“Cənnət görmək istəyən Azərbaycana gəlsin,

Ordanda Biləsuvara, icra və güc sturukturları olan məmurlar gilə getsin”...

Burda demək lazımdı:

Qanunlar gizlənib, qalıb kölgədə,

Məmurlar baş kəsir bizim ölkədə...

Yalnız özləri, şəxsi mənafeləri üçün çalışan, biz sadə vətəndaşlara yox , öz övladlarına, yaxınlarına gün ağalayanlarla hara gedirik cənab prezident? Bunu rəhbərini sevən, siyasətini bəyənən, YAP-ın üzvü kimi , dövlətin siyasətini təbliğ edən, tarixini , keçmişini gənc nəsilə tanıdan, liderini sevdirən, sadə bir vətəndaş olaraq deyirəm. Harda qaldı Dövlətin yeganə mənbəyi olan xalq? Qarabağda öləndə biz, vətən yolunda şəhid olanda biz , vətənində ac-yalavac , ehtiyac içində yaşayanda biz, biz və yenə bizlər, sadə vətəndaşlar. Burda bir şeir gəldi beynimə. Belə çıxırki, Ürək ağrısı ilə :

Sərvətimiz qızıldan,

Bizə misi qalıbdı...

Yanar qazdan – nöyütdən

Bizə hisi qalıbdı...

Ulu tanriya and olsunki, bu belədir. Əgər istəsəniz bunu araşdıra bilərsiniz. Birdəki elin gözü tərəzidir deyib babalar. Rəfail müəllimə öz övladı qaz problemi, işıq problemi barədə müraciət etsəydi, yəqin ki ona mənə göndərdiyi kimi şanlı məktub yox, əməli kömək edərdi tez bir zamanda...Yoxsa mənim kimi ocağı soyuğa qalıb haray salardı oda ?

Bu gün çox gözəl bilirsiniz ki, müəllim olaraq yaşamaq çox çətindir. Ehtiyaclar içində qalıb boğuluruq. Uşaqlarımza əyin-baş ala bilmir, düzgün qidalanmasını, yaxşı yaşamasını təmin edə bilmirik. Yenə də bu şərəfli peşə bizə rəvac verir ki , dövlətimizə , xalqımıza xidmət edək, gənc nəslin təlim- tərbiyyəsi ilə məşğul olaq.

Səlahiyyət sahibi olan rəhbərim

Qoy sizə söyləyim hay-harayımı.

Səfalət içində keçib zay olan

Yaşamaq olarmı ömür payını?



Müəllim! Həyatın özü deyiblər,

İndisə müəllim yaşaya bilmir.

Ehtiyac içində qalıb boğulur

Bu həyat yükünü daşıya bilmir.



Sizə söyləyirəm öz həyatımdan

Kasıb müəlliməm , maaşa möhtac.

Amalım elm öyrətmək olubdur mənim

Üzsə də canımı hər an ehtiyac.

Artıq çox yaza-danışa bilmirəm. Bu cavan yaşımda ürəyim ağrıyır. Bu həlli asan olan, ancaq məmurlara sərf etməyən problemlərim ucbatından canım –boğaza yığılıb. Çünki bu gün belə ortamda yaşamaq, belə insanlara inanıb etibar etmək tam səmimi deyirəm çox təhlükəlidir. Belə yaşamaqdansa şərəfli ölüm yaxşıdı. Çünki ən azı ulu yaradanın sərəncamında , ixtiyarındasan...

Yenə də son ümüd olaraq cənab prezident, başda siz olaraq müraciət etmək istədim. Bilirsiniz geci- tezi bu küçə xətti çəkilməlidir. Axı burada yeni yaşayış məntəqəsi salınır, yeni gənc ailələr evlər tikərək bura köçəcəklər. Birinci mən bura köçdüyüm üçün bu qədər əziyyət çəkirəm.

Hörmətli İlham müəllim, məsul şəxslər bir ziyalı kimi , Yeni Azərbaycan Partıyasının üzvi kimi, iqtidarın siyasətini bəyənib idealogiya daşıyıcısı kimi sizdən dönə-dönə xahiş edirəm bu məsələnin həll olunmasında , qaz- işıq xəttinin çəkilməsində və evimizə mavi qazın , elektrikin verilməsində, bizim az da olsa rifahımızın yaxşılaşmasında mənə yaxından köməklik edəsiniz.

Kömək etməyəcəksinizsə körpələrimizi alıb uşaq evinə verin, özümüzə də yurdsuz, dövləti tərəfindən qayğı görməyən, imtiyazsız, hüquqsuz insan statusu verib imtina edin ziyalı vətəndaşınızdan... Bunu deməyə məcburam. Çünki artıq canım boğazımdadı.

Hörmətlə: Rasim müəllim

VERTİKAL.AZ
\\istinad zəruridir\\

Biləsuvarlı müəllim prezidentdən imdad dilədi
Biləsuvarlı müəllim prezidentdən imdad dilədi
Biləsuvarlı müəllim prezidentdən imdad dilədi
Biləsuvarlı müəllim prezidentdən imdad dilədi
Biləsuvarlı müəllim prezidentdən imdad dilədi
Biləsuvarlı müəllim prezidentdən imdad dilədi




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net