Daşkəsənin "kor xəlifəsi"...
Tarix: 10-09-2015, 10:40 | Çap et
Daşkəsənin "kor xəlifəsi"...
Daşkəsəndə məmur zülmü ərşə dirənib. Ucqar dağ bölgəsinin sakinləri rayon rəhbərliyinin özbaşınalıqlarından və əhaliyə qarşı qanunsuzluqlardan cana doyub. Daşkəsən sakinlərinin ölkə rəhbərliyinə ünvanlandığı saysız-hesabsız şikayətlərə baxmayaraq, onların problemləri olduğu kimi qalır.

Prezidentə şok müraciət

Sakinlər Vertikal.az-a müraciətlərində qeyd edirlər ki, rayon icra başçısı Əhəd Abıyev öz qanunları ilə Daşkəsəni idarə edir. Onun fəaliyyətindən bezən rayon camaatı prezidentə məktub göndərib. Müraciətdə rayona yeni icra başçısının təyin olunması xahiş olunur.

Sakinlər xatırladıblar ki, bu günlərdə prezident sərəncamı ilə bir neçə icra başçısı dəyişdirildi. Onlar oxşar qərarın daşkəsənlə də bağlı verilməsini istəyirlər. Buna səbəb geridə qalan dövr ərzində Ə.Abıyevin heç bir iş görməməsi, ayrılan vəsaitləri çapıb talaması, ətrafındakı məmurlara əhaliyə zülm etməyə şərait yaratması göstərilir.

Bu barədə Vertikal.az-a verilən məlumata görə, Ə.Abıyevin qanunsuz və korrupsioner əməlləri haqqında cinayət dosyesi yuxarı dairələrə çatdırılıb. Bildirilib ki, icra başçısı tezliklə istefaya göndərilməlidir. Məktub müəllifləri Prezidentə güvənərək tək ümid yeri ölkə başçısının olduğunu söyləyiblər. Belə ki, Abıyevdən şikayətlər səngimək bilmir.

Torpaqlar yağmalanır, kəndlilər qan ağlayır

“Mən 1996-cı ildən Daşkəsəndə kənd və fermer təsərrüfatı ilə məşğul oluram. Təəssüf ki, təsərrüfatıma ayrılmış 130 hektara yaxın torpaq sahəsindən istifadə edə bilmirəm. Çünki torpağım icra başçısı Əhəd Abıyevin rəhbərliyi altında başqa şəxslərə satılır.

Bu işi ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon Şöbəsinin müdiri Şahbaz Mehtiyev həyata keçirməkdə davam edir. Komitə ləğv olunandan sonra icra başçısı onu bu "xidmətlərinə" görə işsiz qoymayıb, yeni vəzifəyə təyin edib".

Bu barədə Daşkəsən rayon, İ.Qayıbov küçəsi 45, ev 21-də yaşayan, "Sahil-M" kiçik müəssisəsinin rəhbəri Məmmədova Nuriyyə Cəlil qızı bildirib. Şikayətçi ona məxsus torpaq sahəsi üzərində pozulmuş hüquqlarının bərpa olunmasını tələb edir.

N.Məmmədova bildirir ki, zəbt olunmuş torpaqlarının təsərrüfatına qaytarılması üçün Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Kənd Təsərrüfatı Nazirliyinə və məhkəməyə müraciət edin. Prezident İlham Əliyev bu ilin-2015-ci ilin "Kənd təsərrüfatı ili" elan olunması haqda sərəncam verib. Yerli icra hakimiyyəti sərəncamı icra etmək əvəzinə, yerli fermerə məxsus torpaq sahəsini satır.

Nuriyyə Məmmədovanın sözlərinə görə, şikayətləri araşdırılması üçün Daşkəsən rayon İcra Hakimiyyətinə göndərilib. Onu dəfələrlə icra başçısı Əhəd Abıyev qəbul edib, vədlər verib. Amma problem həll olunmamış qalıb və təsərrüfat üçün nəzərdə tutulmuş torpaq sahəsi satılmaqda davam edir.

Başçının yolkəsənləri

Şikayətçinin Daşkəsən rayon İcra Hakimiyyətinə qarşı qaldırdığı iddia ərizəsini yerli məhkəmə icraata götürsə də, məhkəmə prosesində hakim şikayətçiyə qarşı çıxıb.

Məhkəmə hüquqlarının pozulmasının davam etməsində israrlı görünür. Çünki Əhəd Abıyev məhkəməyə təzyiq göstərir. Axı onun da satılmış torpaqlarda əli var.

Fermer Nuriyyə Məmmədova yaranmış problemlə bağlı Kənd Təsərrüfatı Nazirliyinə etdiyi müraciətinə hələ cavab almadığını bildirin.

Sakinlər Vertikal.az-a yazırlar: “Daşkəsəndəki yaylaqlara qoyun-quzularımızı aparmaq üçün hər il müsibətlərə düçar oluruq. İcra başçısı Əhəd Abiyevin yaylağa qalxan 3 istiqamətdə postu var. "Xanlar" rayonundakı Lülləli adlanan postu keçəndən sonra Daşkəsən ərazisi başlayır.

Burada Gülazar adlanan ərazidə (köhnə Qara Keşiş) olan postda polislər və iki nəfər də Əhəd Abiyevin Azər və Nüsrət adlı nümayəndələri dayanırlar. Onlar hər il qoyun-quzu yaylağa köçəndə hər sürüdən 30-40 baş qoyun alırlar.

Hər sürüyə görə isə Şahbaz Mehdiyev əlavə 2000-5000 manat, bəzi fermerlərdən isə 8-10 min manat haqq alırlar. Bir də köç yaylaqdan qayıdanda. Hər köç mövsümündə orta hesabla 800-1000 baş qoyun rüşvət kimi biz fermerlərdən yığılır və Daşkəsənin icra başçısına çatır”.

Xoşbulağın qara günləri

Digər məlumat Daşkəsənin məşhur Xoşbulaq istirahət mərkəzi haqdadır. Xoşbulaq qəsəbəsində icra başçısının müavini rayonun yaylaq ərazilərini fermerlərə satıb. Özü üçün biznes sahəsi yaratmasını qeyd etməkdən başqa, o, Ə.Abıyevin burada özü üçün görünməmiş mülklər tikib.

Prezident cənab İlham Əliyevə ünvanlı müraciətdə Ə.Abiyevin Xoşbulaqdakı toxunulmaz dövlət torpaq sahələrini vəhşicəsinə dağıdaraq hasarlamasını, torpağın darmadağın edilərək xəndəkləməsi qeyd olunub.

Həmçinin, Mir Cəfər Bağırovun vaxtında salınmış meşə ərazisinin mərkəzində ağacları kəsdirərək möhtəşəm qəsr tikdirməsi narazılıq doğruub.

Xoşbulağın girişindəki gölün kənarında yerləşən qəbirstanlığın qarşısında restoran yaratması da etirazla qarşlanıb.

Xoşbulaqdakı Gənclər Mərkəzini özü üçün şəxsi istirahət mərkəzi etməsi, buradakı idman meydançasına onun qorxusundan bir nəfər gəncin belə buraxılmaması iddia olunub. Bu faktlar ölkə rəhbərliyinə təqdim olunub. Ə.Abıyev artıq səksəkə içindədir və hər an başçı postunu itirmək təhlükəsini görür.

Abıyevin dostunun talanı

Bundan əlavə, Daşkəsən Filizsaflaşdırma Kombinatının direktoru rayonu çapıb talayır. Rayonda dəmir filizi mədəninə direktorluq edən Ələddin Sadıqov yeraltı sərvətlər hesabına malikanələrə, bahalı avtomobillərə sahiblənib.

Verilən xəbərdə deyilir ki, Ə.Sadıqov Bakıda üçotaqlı mənzil, Gəncədə üçmərtəbəli villa və ticarət məntəqəsi, Daşkəsənin Xoşbulaq yaylağında 12 sotluq bağ evinə malikdir. Bu mal-mülkə yiyələnən Ə.Sadıqov məhz dəmir filizindən gələn milyonların hesabına varlanıb.

Mənbə deyir ki, hətta mərkəzi kitabxananı özəlləşdirib və 200 kvadratmetri ələ keçirib. Onun “Range Rover” avtomobili, “CİP” markalı maşınları sıraya düzlənib.

Ə.Sadıqov haqda daxil olan ən sensasion məlumat isə ondan ibarətdir ki, 200 min ton dəmir filizi Gürcüstana aşağı qiymətə satıb. Qaynağımız vertikal.az-a açıqlamasında qeyd edir ki, dünya bazarında 50 dollardan yuxarı olan filizi 15 dollardan qonşu respublikadakı firmaların birinə satıb. Həmin gürcü firması isə malları Çinə satıb.

İddialara görə, Daşkəsəndə qeyri-rəsmi səlahiyyətlərə sahiblənən mədən direktoru bu imkanlardna istifadə edərək öz həyat yoldaşını uşaq bağçasına direktor təyin etdirib. Bu əlaqələrin genişlənməsində rayonun icra başçısı Əhəd Abıyevin də rolu var. Çünki Sadıqovla Abıyev sıx münasibətləri var.

Su idarəsi rəisinin “oyun”ları

Daşkəsən rayonu demək olar ki, ağır günlərini, ağır illərini yaşayır. Bunu rayon sakinləri Vertikal.az-a yazırlar. Bildirirlər ki, Daşkəsən şəhəri hər bir tərəfdən içməli bulaqlarla zəngindir. Şəhərin su ehtiyatını yaxşılaşdırmaqdan ötrü 90-cı illərin axərında Qoşqar dagından rayona su xətti cəkildi. Bu xətt şəhər sakinlərinin içməli suya olan təminatını ödəyirdi.

Lakin artıq 4 ildir ki, bu xəttin suyu Xoşbulaq yaylağına gələn heyvan sürülərinə və Xoşbulaqda tikilən bağ evlərinə satılır.

Rayon Su İdarəsini rəisi Pənah Əhmədov bu idarəyə rəis təyin olunandan rayonda mənzillərə su sayğaclarının quraşdırılması dayandırıldı, əhalidən adambaşı hesabla pul yığılmağa başlanıldı.

1860 abunəçısı olan şəhərin 70 faizində su sayğacı yoxdur. Sakinlərə 5-9 gündən bir su verilir, bu hesabla sayğacı olan sakinlərdə su sayğacı 30-50 qəpik yazdığı halda sayğacı olmayan sakinlərdən adambaşı hesabla 2-4 manat pul yığılır, bu da orta hesabla her ay 4-5 min manat artıq pulun mənimsənilməsinə gətirib çıxarır.

Yay aylarında Qoşqar su xəttindəki su hər heyvan sürüsünə 1000-2000 manat olmaqla, hər bağ evinə 100-300 manat olmaqla Xoşbulaqdaca satılır. Bu, orta hesabla her il yay aylarında 30000-45000 manat pul demekdir ki, onu da Əhmədov çox məharətlə mənimsəyir. Şəhər əhalisi isə susuz

qalır. Susuz sakinlər və yeyilən pullar

Sakinlər qeyd edirlər ki, Daşkəsənə gələn digər Gülbulaq su xəttində elektrik enerjisinə qənaət edərək su anbarlarına fasilə ilə su vurulur.

Sakinlər bulaqlardan su gətirib mənzildə işlədir. Verilməyən suya görə də hər ay icra qurumlarının təzyiqi altında pul yığılır.

Hər il rayon su xəttinin təmirinə yüz min manatlarla pul ayrılır cari təmir adı altında saxta sənədlə P.Əhmədov bunları da mənimsəyir. Qış fəslinə heç bir hazırlıq işləri aparılmır və bunun nəticəsində qışda su borularını bir çoxu donur ki, bu da sakinlərin 10-15 günlərlə susuz qalmasına səbəb olur. Müraciət müəllifləri P.Əhmədovu başqa bir əməldə də ittiham edirlər. Bildirirlər ki, o, rayonda Qarabağ əlilləri üçün nəzərdə tutulan binadan 3 otaqlı mənzili saxta sənədlərlə özəlləşdirib. Rayon rəhbərliyi özbaşınalığın pik həddindədir.

İcra başçısı Əhəd Abıyev və onun Namiq adlı müavini özlərinə 3 mərtəbəli əyləncə mərkəzi tikdirirlər. Rayonun digər küçə və məhəllələri nə asfalt nə də təmir görür. Rayonun ən yüksək və mənzərəli yerində köhnə stadionun yanini çevirdilər zibilliyə.





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net