Masallının ən böyük qəsəbəsindən müraciət: «Leyla xanım bizim namizəd olsun»
Tarix: 9-09-2015, 10:44 |
Çap et
Masallının ən böyük yaşayış məntəqələrindən biri olan Ərkivan qəsəbəsinin sakinləri maraqlı bir addım atmağa hazırlaşırlar. Həmin addım isə 71 saylı Masallı kənd seçki dairəsindən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın deputatlığa namizədliyinin irəli sürülməsindən ibarətdir. JAM.AZ xəbər verir ki, bu barədə sosial şəbəkələrdə qəsəbə sakini Afər Cahangirov məlumat yayıb.
O bildirib ki, qəsəbə sakinlərinin böyük əksəriyyəti Leyla xanımın namizədliyini irəli sürməsini arzulayırlar. «Camaat ümid edir ki, onların üzləşdiyi problemləri ancaq Leyla Xanım Əliyeva həll edə bilər. Ona görə də, Leyla xanımın namizədliyini irəli sürməsi üçün təşəbbüs göstərməyə çalışırlar».
Qeyd edək ki, hələ bir müddət əvvəl Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Xanım Əliyevanın Qaradağ rayonundan namizədliyini irəli sürəcəyinə dair məlumat yayılmışdı. Hətta onun adının YAP-ın siyahısında olduğu da iddia edilirdi. Lakin hakim partiya bununla bağlı məlumat yayaraq, bildirmişdi ki, deyilənlər həqiqəti əks etdirmir və Leyla Xanımın deputatlığa namizəd olmaq fikri yoxdur.