Mikayıl Cabbarova Beyləqandan çağırış...
Tarix: 3-08-2015, 10:08 |
Çap et
Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqovun adı indiyədək bir sıra xoşagəlməz məqamlarda hallandırılıb. Belə ki, bu barədə əldə etdiyi bilgiləri bizimlə paylaşan məlumatlı şəxsin sözlərinə görə, təhsil şöbəsinin müdirnin həyata keçirdiyi qeyri-qanuni işlər nəticəsində rayonun təhsil sistemi məhv olmaq üzrədir.
Tofiq Sadıqovun rəhbərlik etdiyi qurumda mənimsəmə faktlarının olduğunu vurğulayan mənbə iddia edir ki, Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri ayrı-ayrı vaxtlarda bir sıra şəxslərin saxta diplomla işə qəbul olunmasına rəvac verib: "Uzun müddətdir ki, Tofiq Sadıqov Beyləqan rayon təhsilinə rəhbərlik edir. Düzdür, indiyədək bir neçə dəfə onun tutduğu postdan kənarlaşdırılacağına dair müxtəlif səpkili informasiyalar dolaşsa da, hələ ki, heç bir qüvvə Tofiq Sadıqovu yerindən tərpədə bilməyib. Görünən odur ki, o, təhsil naziri Mikayıl Cabbarovla dil tapmağı bacarıb. Bundan başqa, o Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin himayəsində olduğu üçün özünü olduqca rahat hiss edir. Onu da qeyd edim ki, bir neçə ay bundan öncə Beyləqan Rayon Təhsil Şöbəsində müvafiq yoxlama aparılmış və bu zaman bir sıra neqativ hallar aşkarlanmışdı. Rayon sakinləri ümid edirdilər ki, məhz həmin yoxlamadan sonra Beyləqan təhsili Tofiq Sadıqovdan yaxa qurtara biləcək. Lakin nədənsə bununla bağlı gözləntilər sonda özünü doğrultmadı. Yəni bu dəfə şöbə müdiri sudan quru çıxmağı bacardı. Ancaq buna baxmayaraq, rayon camaatı Beyləqan təhsilində olub-bitənlərlə bağlı yaxın vaxtlarda Təhsil Nazirliyinə müraciət etmək qərarındadırlar. Bununla yanaşı, rayon sakinləri Baş prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə də müraciət etmək niyyətindədir".
Bu arada, məlumatlı şəxsin sözlərindən belə aydın olur ki, təxminən, bir il öncə təmir edilmiş və 43 min manata başa gələn Beyləqan Rayon Təhsil Şöbəsinin binası artıq bərbad vəziyyətə düşmək üzrədir: "Binaya xərclənən vəsait isə bütövlükdə rayondakı məktəb direktorlarından yığılıb. Direktorlar isə öz növbəsində həmin vəsaiti müəllimlərdən toplayıblar. Təmirdən sonra bina xarici görünüşcə qonşu binalara bənzəsə də, binanın daxili bərbad vəziyyətdə qalıb. Rayon təhsil şöbəsinin binası ilə yanaşı Heydər parkında yaxın vaxtlarda inşa olunmuş Heydər Əliyev mərkəzi, Gənclər mərkəzi və Şahmat məktəbi kimi binalar da var. Lakin təhsil şöbəsi binasının daxilində iş otaqlarını işçilər hərə öz hesabına təmir etdirsə də, ümumi iclas zalı və inventarlar üçün anbarın tavanı təmir olunmayıb. Yağış yağarkən, bu otaqların müxtəlif yerlərindən su damır. Bu səbəbdən də iclas zalının və inventarlar üçün anbarın divarları kiflənib, döşəmələr isə çürüyüb. Adıçəkilən otaqlardakı bərbad vəziyyəti kimlərinsə daxil olub görməməsi üçün həmin otaqların qapıları mismarlanaraq qapadılıb".
Tofiq Sadıqovun fəaliyyətində yol verdiyi çoxsaylı nöqsanlar səbəbindən işdən kənarlaşdırılma ehtimalının böyük olduğunu deyən məlumatlı şəxsin sözlərinə görə, şöbə müdirinin adı indiyədək bir çox qalmaqallı hadisədə hallandırılıb. Bundan əlavə, son zamanlar Beyləqan Rayon Təhsil Şöbəsilə bağlı ölkənin hüquq-mühafizə orqanlarına, rayon icra hakimiyyətinə, Təhsil Nazirliyinə, eləcə də Prezident Administrasiyasına çoxsaylı şikayətlərin daxil olduğunu qeyd edən məlumatlı şəxs bildirir ki, artıq Tofiq Sadıqovun məsələsi ən yuxarı səviyyədə müzakirəyə çıxarılıb: "Uzun illərdir ki, Beyləqan rayonunun əsasən kənd məktəblərində dərsə davamiyyət çox aşağı səviyyədədir. Yuxarı siniflərin bəzi şagirdləri var ki, məktəb üzü görməsələr də adları sinif jurnalında əksini tapıb və sonda bir sıra yollarla attestata sahiblənirlər. Ümumiyyətlə, rayonda fəaliyyət göstərən əksər təhsil ocaqlarında çalışan gənc müəllimlərin bir qismi özəl təhsil müəssisələrinin məzunlarıdırlar. Bu isə özlüyündə Beyləqan təhsilinin hansı vəziyyətdə olmasından xəbər verir. Odur ki, artıq Tofiq Sadıqovun əməllərinə lazımi qiymətin verilməsinin vaxtı gəlib çatıb".
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
(Ardı var)