Qaz İxrac İdarəsinin rəisi Fatmayıdakı villasının tikintisində işlətdiyi insanların pulunu vermir
Tarix: 31-07-2015, 10:45 |
Çap et
İnsaf naminə qeyd etmək lazımdır ki, Dövlət Neft Şirkətinin fəaliyyəti digər şirkətlərlə müqayisədə müsbətdir. Məlum olduğu kimi, ölkə başçısı Nazirlər Kabinetinin sonuncu iclasında şirkətin fəaliyyətini müsbət qiymətləndirdi və xoş sözlər söylədi. Lakin Azərbaycan Respublikası Dövlət Neft Şirkətində yüksək vəzifə tutan bəzi şəxslər onlara həvalə olunan tapşırıqları lazım olan şəkildə yerinə yetirmirlər, sırf öz maraqları naminə çalışırlar. Yadınızdadırsa, qəzetimizin əvvəlki saylarında Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayevin törətdiyi özbaşınalıqlar, tabeliyindəki işçilərin hüquqlarını pozması və qaz itkisinin səbəbkarlarından biri olması barədə maraqlı faktları açıqlamışdıq. Deyəsən, idarə rəisi yazılan tənqidlərdən bir nəticə çıxarmaq fikrində deyil. Dünən onun barəsində redaksiyamıza ilginc məlumatlar daxil olub. Adının çəkilməməsini xahiş edən bir qrup fəhlə Qağaməli Seyfullayevin onların haqqını yediyini bildirdilər: "Biz idarə rəisi haqqında sizin qəzetdə dərc olunan yazılardan sonra qərara gəldik ki, haqq səsimizi bildirək və Qağaməli Seyfullayevin bizə etdiklərini ictimailəşdirək. Biz podratçı şirkətdə işləyirik. Müdirimiz Nazir müəllimdir. Təxminən 1 il Qağaməli müəllimin Fatmayıda tikdirdiyi villada işləmişik. Amma pulumuzun yarısını bu günə kimi ala bilməmişik. Nə vaxt pulumuzu tələb ediriksə, Nazir müəllim deyir ki, Neft Şirkəti hələ vəsait köçürməyib. İş icraçısı isə Qağaməli Seyfullayevin tikinti üzrə müavini Hikmət Həsənovdur. İdarə rəisinin bütün tikinti işlərinə məhz bu şəxs nəzarət edir. Həmçinin Qaz İxrac İdarəsinin tikinti layihələrinə ayrılan vəsaitləri də bu şəxs nəzarəti altında saxlayır. Fəhlə adamlarıq, hərəmizin bir çətən ailəsi var. Niyə pulumuzu vermirlər? Qağaməli Seyfullayevin özü üçün tikdirdiyi imarət artıq hazırdır. Digər qonaq evində isə təmir işləri gedir. Onun pulu, var-dövləti çoxdur, amma bizim yaşayışımız fəhləlikdən çıxır. Başqaları haqq sözünü deməyə qorxur. Halal pulumu istəməyə nəyə görə qorxmalıyam?".
Narazı fəhlələr deyir ki, idarə rəisi tikinti işlərinə baxmağa gələndə hər dəfə cibindən yüzlük "paçka"sı çıxarıb sanki onlara acıq verirmiş: "Cibində bu qədər pul olduğu halda bizim haqqımızı vermək istəmir. Az qalıb ki, o tikdirdiyi imarətlərə lift quraşdırsın. İmarətin aqlay üzləməsinin puluna bir ev də tikmək olardı. Bir sözlə, idarə rəhbəri villasına milyonlar sərf edir, ancaq bizim əməyimizin haqqını vermir. Allah böyükdür, bu haqsızlığı, özbaşınalığı yerdə qoymaz". Şikayətçilərin Qağaməli Seyfullayevin sağ əli kimi təqdim etdiyi Hikmət Həsənovla bağlı bəzi məlumatlar öyrənmişik. Əldə etdiyimiz məlumatlara görə, o çoxuşaqlı ailədə dünyaya gəlib. Hikmət Həsənov 1984-cü ildə Qusar şəhərindəki bir sayli orta məktəbi bitirib. Daha sonra İnşaat Mühəndislər İnstitutuna qəbul olub. Hikmət Həsənov 1991-ci ildə institutu bitirib, təyinatla "Neft Daşları" Neft-Qaz Çıxarma İdarəsinə (NQÇİ) göndərilib. NQÇİ-nin Əsaslı tikinti şöbəsində mühəndis vəzifəsinə təyin olunub. Üç il işlədikdən sonra həmin şöbədə rəis müavini vəzifəsinə irəli çəkilib. Orada on il çalışdıqdan sonra "Azneft" İB-nin idarəetmə aparatında Stasionar platformaların tikintisi, istismarı, təmiri və korroziya ilə mübarizə üzrə istehsalat şöbəsinə rəis müavini vəzifəsinə təyin olunub. Onun ardınca "Azərdənizneftinşaat" trestinin baş mühəndisi vəzifəsində işləyib. "Azərdənizneftinşaat" və "Xəzərdənizneftqaztikinti" trestlərinin bazasında yeni "Neftqaztikinti" tresti yaradıldıqdan sonra o, trestin hidrotexniki qurğuların tikintisi üzrə müdir müavini və bir neçə ildən sonra həmin trestin baş mühəndisi vəzifəsinə təyin olunub. Daha sonra trestin 7 saylı Tikinti Quraşdırma İdarəsinin rəisi vəzifəsində çalışıb. Hazırda isə ARDNŞ-nin "Qaz İxrac İdarəsi rəisinin tikinti üzrə müavini kimi əmək fəaliyyətini davam etdirir. Gələn saylarımızda Qağaməli Seyfullayevin Fatmayıda tikdirdiyi möhtəşəm villanın şəkillərini dərc edəcəyik və Qaz İxrac İdarəsinin tikinti işlərinə ayrılan vəsaitlərin necə yox edilməsindən danışacağıq. Bizi izləyin. Sonda Neft Şirkətinin prezidenti hörmətli Rövnəq Abdullayevdən Qağaməli Seyfullayevin fəaliyyətini yoxlamasını xahiş edirik.
Gündəlik Bakı