Bu körpələr evində hər bir uşaq həm də bir pul kisəsidir...
Tarix: 13-07-2015, 09:48 |
Çap et
Qəzetimizin ötən saylarında dərc olunmuş çoxsaylı tənqidi materiallarda biz paytaxtımızın müxtəlif ərazilərində yerləşən uşaq bağçalarının fəaliyyətində yer almış bir çox neqativ hallardan bəhs etmişik. Bu xüsusda redaksiyamıza yeni daxil olan məlumatlarda qeyd olunur ki, Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Süsən” körpələr evi-uşaq bağçasında da rüşvət yığımları bu gün çox yüksək həddə çatmışdır. Aldığımız açıqlamalara görə, övladlarını həmin müəssisəyə yazdırmaq istəyən valideynlərdən ilkin olaraq, təxminən 250-300 manat məbləğində pul ödəmək tələb olunur. Təbii ki, sonradan reallaşacaq aylıq ödənişlər, əlamətdar günlər münasibəti ilə yığılan pullar və digər xərclər ilkin ödənişdə nəzərdə tutulmur. Bəzi mənbələrin iddiasına görə isə “Süsən” bağçasında “bağça fondu”nun hesabına və tərbiyyəçi-müəllimlərin mükafatlandırılmasına hər uşağa görə valideynlərdən ayda əlavə 20-30 manat pul yığılır. Biz ötən yazılarımızda da qeyd etmişdik ki, uşaq məktəbəqədər müəssisələrinin Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq icra orqanlarının tabeliyinə verilməsi bir çox rüşvətxor bağça müdirləri üçün əlavə imkanlar yaratmışdır. Göründüyü kimi bəzi müəssisə rəhbərləri bu yenilikdən də öz qanunsuz fəaliyyətlərini daha da genişləndirmək məqsədilə yararlanmaq qərarına gəliblər. Belə ki, bir çox bağça müdirləri icra strukturlarının yüksək vəzifəli əməkdaşları tərəfindən onlara “aylıq haqq” ödəmələrinin təyin olunduğunu bəyan edərək, rəhbərlik etdikləri müəssisələrdə həyata keçirilən pul yığımlarının intensivliyini bir qədər də artırmışlar. Redaksiyamıza daxil olan məlumatlarda “Süsən” uşaq bağçasında da məhz bu xüsusda çeşidli qanun pozuntularının müşahidə olunduğu bildirilir. Halbuki, müxtəlif uşaq müəssisələrinin fəaliyyətində müşahidə olunan analoji neqativ hallarla bağlı daxil olan çoxsaylı şikayətlərə cavab olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən vəziyyətə dəfələrlə konkret münasibət bildirilmişdir. Tövsiyyə olunmuşdur ki, istənilən bir uşaq bağçasında yer almış pul yığımının təsdiq olunduğu halda, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır. Və istənilən halda bu neqativ təzahürlərin BŞİH ilə hər hansı formada əlaqələndirilməsi qətiyyən yolverilməzdir. Yeri gəlmişkən qeyd etmək istərdik ki, BŞİH rəsmilərinin bu bəyanatından uşaq bağçalarında rüşvət tələbləri ilə rastlaşan bütün valideynlər yetərincə yararlana bilərlər. Konkret olaraq “Süsən” körpələr evi-uşaq bağçasında baş verən qanun pozuntularına gəlincə isə, düşünürük ki, bu müəssisənin fəaliyyəti daha səlahiyyətli orqanlar ərəfindən təftiş olunmalıdır. Yeri gəlmişkən, məlumatları təqdim edən mənbələrin iddialarına görə, bu müəssisədə pul yığımlarından başqa digər problemlər də kifayət qədərdir. Bu xüsusda daxil olan məlumatlarda “Süsən” körpələr evi-uşaq bağçasında uşaqlara verilən yeməklərin aşağı keyfiyyətdə olması, tərbiyəçilərin peşə yönümlü olmaması və savadsızlığı, bağçaya ayrılan ərzaqların mənimsənilməsi kimi halların mövcudluğu da xüsusi olaraq vurğulanır. Digər tərəfdən isə, yeni aldığımız daha bir məlumatda mənbə “Süsən” bağçasında gedən proseslərə BŞİH-in nəzarət və müdaxilə imkanlarının kifayət qədər məhdud olduğunu diqqət mərkəzinə çəkir. Mənbənin belə bir qənaətə gəlməyinə səbəb isə budur ki, bu bağçanın fəaliyyətində Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi xüsusi təlimatlar mütəmai olaraq kobud şəkildə pozulur. Bağçanın müdirəsi isə ona himayədarlıq edən şəxslərin BŞİH-in rəhbərliyindən daha artıq imtiyaz və səlahiyyətlərə malik olduqlarına güvənərək, rəhbərlik etdiyi müəssisədə istədiyi özbaşınalıqlara çəkinmədən yol verir...