Vilyam Hacıyevdən İlham Əliyevı qəzəbləndirəcək inadkarlıq...
Tarix: 8-07-2015, 09:45 |
Çap et
İmişli rayonu icra hakimiyyətinin başçısı Vilyam Hacıyevlə bağlı şikayət daxil olub. Sayta müraciət edən Cavanşir Əsgərov iki ildən artıqdır Vilyam Hacıyevlə çəkişməsindən sonra bu günlərdə prezident İlham Əliyevin ictimai nəzarətin əhəmiyyətindən danışmasından ürəklənərək üzləşdiyi problemi ictimsiləşdirməklə müvafiq qurumların diqqətinə çatdırmaq istəyir.
Qalaq-qalaq sənədlərlə sayta təşrif buyuran Cavanşir Əsgərovun başına gələn, daha doğrusu, Vilyam Hacıyev tərəfindən gətirilən əhvalatın qısa məzmunu belədir ki, o rayona yenicə icra başçısı təyin olunan V. Hacıyevin şirin dilinə, özü demişkən, verdiyi kişi sözünə aldanaraq şifahi razılaşma əsasında rayonun abadlıq-quruculuq işlərinə girişib, həm işçi qüvvəsi, həm mal - materialla ona həvalə olunmuş işləri can - başla görüb. Buna görə dəfələrlə təşəkkür edilib və görülən işlərin xeyli hissəsinin də pulu ödənilib. Yəni sənədlərdən də göründüyü kimi onun gördüyü işlər 54 min manat qiymətləndirilib və bunun 30 min manatı müxtəlif dövrlərdə ödənib. Bunu təsdiq edən sənədlər və icra hakimiyyətinin bir neçə işçisinin imzaları da var. Amma elə ki, 2013 - cü ildə prezident İlham Əliyev rayona gedərək abadlıq - quruculuq işləriylə tanış olub, ondan sonra Vilyam Hacıyev ümumiyyətlə rayonda abadlıq işlərinə cəlb edilmiş bütün iş adamlarına çatası pulları verməkdən boyun qaçırıb. Nəticədə çoxsaylı şifahi və yazılı mübahisələr, məhkəmə çəkişmələri, icra başçısının "Bandotdel"ə gələrək sahibkarlarla üzləşməsindən sonra bir həftə ərzində pulların ödənəciyiylə bağlı "kişi sözü" verməsinə baxmayaraq pullar ödənməyib.
Oxucuları yormadan baş verənləri qısaca qeyd etdik və bildirək ki, sənədlərlə tanış olduqdan sonra qarşı tərəfin mövqeyini öyrənmək üçün icra başçısının mobil nömrəsinə zəng etdik. Telefonu başçının özü yox, köməkçisi götürərək Cavanşir Əsgərov adlı işçi tanımadıqlarını, ümumiyyətlə onunla hər hansı şifahi və ya yazılı razılaşma və ya müqavilə imzalanmadığını bildirərək nəinki adıçəkilən şəxsi, hətta bizi borclu çıxarmaq istədi. Ancaq əlimizdəki sənədlərin məzmununu, dediklərinin həqiqəti əks etdirmədiyini ona ahəstəcə başa salaraq sahibkarın pulunun ödənməməsi səbəbinə aydınlıq gətirilməsini istədik. Çıxış yolu tapmadığından "bizdən narazıdırsa məhkəməyə müraciət etsin" cavabını aldıq.
Amma bu sözlərinə cavab olaraq prezidentin vaxtilə müşavirədə icra başçılarının sahibkarları işlədərək pullarını verməkdən imtina etmələriylə bağlı onda çoxsaylı məlumatların olduğu barədə xəbərdarlığını onun diqqətinə çatdırdıq, bu hərəkətiylə icra başçısının prezidentə qarşı çıxdığını qeyd etdik. Heç bir nəticəsi olmadıqdan sonra problemi ictimailəşdirmək qərarına gəldik.
Bildirək ki, Vilyam Hacıyevdən narazı sahibkarların dairəsi genişdir və çox məhşur soyadlar da icra başçısının şirin dilinə aldanaraq rayonda külli miqdarda abadlıq işi görsələr də alacaqlarını ala bilməyiblər. Biz həmin adamların da mövqeyini öyrənib müvafiq qurumların diqqətinə çatdıracağıq.
Ümid edirik ki, prezident İlham Əliyevin xəbərdarlığına məhəl qoymayan icra başçısı haqqında müvafiq qurumlar tədbirlər görəcəklər. Eyni zamanda tenderlər elan etmədən şifahi razılaşma əsasında insanları işlədib sonra halal pullarını verməkdən boyun qaçıran bütün icra başçılarıyla bağlı ictimai qınaq kampaniyasına başlamaqla əslində prezident İlham Əliyevin çağırışına dəstək vermiş oluruq. Odur ki, həmkarlarımızı bu məsələdə təşəbbüskarlığa dəvət edirik.
Mövzuya qayıdacağıq və bu məsələdə sonadək sahibkarın yanında olacağıq. Ümid edirik ki, dövlət və hakimiyyət də öz sahibkarına sahib çıxacaq.
Vertikal.az