Miri Qəmbərovdan prezidentə şikayət olundu
Tarix: 30-06-2015, 10:38 | Çap et
Miri Qəmbərovdan prezidentə şikayət olundu
“Azkontrakt” Səhmdar Cəmiyyəti ilə “Azərmetal” Topdansatış Ticarət Birliyinin kollektivi arasında qarşıdurma pik həddə çatıb... Belə ki, neçə gün əvvəl Birliyin baş direktoru Şahin Abbasovun adından redaksiyamıza bir şikayət məktubu daxil olmuşdu. Ş.Abbasov Prezident İlham Əliyevə, surəti Baş Prokuror Zakir Qaralova və “Təzadlar” qəzetinə ünvanlı ərizəsində bildirirdi ki, Miri Qəmbərov onu qərəzli və heç bir səbəb olmadan, qanunvericiliyin bütün tələblərini kobud surətdə pozaraq işdən azad edib...
“Təzadlar” Miri Qəmbərova rəsmi sorğu göndərdi...

Ş.Abbasov redaksiyamıza göndərdiyi ərizəsinə bir qovluq sənədləri də əlavə etmişdi... Bu barədə az sonra geniş bəhs ediləcək. Hələlik isə bir vacib məqam barədə. M.Qəmbərovun Baş direktoru işdən çıxarma əmrində qeyd olunurdu ki, Ş.Abbasov idarənin fasadındakı süni üzlüyün bir günün içində, təcili olaraq sökülməsi barədə tapşırığından qəti imtina edib... Amma Baş direktorun bizə təqdim etdiyi, hətta mayın 29 və 30-da, iyunun 2-də çəkilmiş foto şəkillər, video görüntülər əksini sübut edirdi-ərazidə işlər sürətlə davam etdirilib...
Bəs nə baş verirdi? Nədən araya belə bir münaqişə düşüb? Redaksiya tərəfindən məsələyə aydınlıq gətirilməsi üçün 16.06.2015-ci il tarixli, T-38-/15 saylı məktubla Miri Qəmbərova rəsmi sorğu göndərildi... Sorğuda Ş.Abbasovun işdən çıxarılma əmrinə dair xidməti məktubun surəti istənilirdi:
““Azkontrakt” DövlətKorporasiyasının prezidenti cənab M.Qəmbərova!
Çox hörmətli Miri müəllim!
Redaksiyamıza tabeliyinizdə olan “Azərmetal” Topdansatış Ticarət Birliyinin direktoru Abbasov Şahin Bəiş oğlunun adından daxil olmuş şikayət məktubunda onun Sizin 08.06.2015-ci il tarixli, 2-zi saylı əmrinizlə (əsas 06.06.2015-ci il tarixli xidməti məktub) əsassız və qanunsuz olaraq işdən azad etməyiniz bildirilir.
Həmin şikayətin araşdırılması və çapa hazırlanmasından ötrü “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq bu əmrin istinad olunduğu Xidməti məktubun surətinin redaksiyamıza göndərilməsinə dair göstəriş verməyinizi xahiş edirik”.

Vəziyyəti dolaşığa salan məktub...

M.Qəmbərovun adından 18 iyun 2015-ci il tarixli, 01-S-49 saylı məktubu ilə sorğuya rəsmi cavab göndərildi. Cavab məktubunda bildirilirdi ki, “...Ş.Abbasov ona tapşırılan işin mahiyyətini dərk etməmiş və onun icrasını yerinə yetirməkdən qəti şəkildə imtina etmişdir...”.
Vəziyyətin nə yerdə olmasını və kollektivin baş verənlərə münasibətini öyrənmək üçün əməkdaşımız “Azərmetal” Topdansatış Ticarət Birliyində olmuş, kollektivlə görüşmüş, görülmüş işlərlə tanış olmuş, hətta burada olan Nizami RİH-nin nümayəndələri ilə görüşmüş, bu işlə bağlı əlaqəli olan digər dövlət qurumlarının rəsmiləri ilə əlaqə saxlamış, foto və video çəkilişlər etmişdir... Bütün bunlar yazının davamında təqdim ediləcək. Bir sözlə, obyektivlik naminə deyək ki, əməkdaşımız adı çəkilən Birliyin rəhbərliyinin üzərinə düşən tapşırıqları vaxtında və yüksək keyfiyyətlə yerinə yetirdiyinin canlı şahidi olmuşdur. Tərəfkeşlik olmadan deyə bilərik ki, foto və videolardan da görünür ki, əgər Ş.Abbasov bu işlərin icrasından qəti imtina etmişdirsə, bəs bu işləri kim yerinə yetirmişdir və video və foto görüntülərdəki Baş direktordursa, onda nədən Miri Qəmbərov kimi təcrübəli, ağsaqqal bir insan ilin-günün bu vaxtında qarşıdurmaya getsin?

Bəlkə Miri Qəmbərovu aldadıblar?

Üstəlik, mayın son və iyunun ilk günlərində burada aparılan təmir-bərpa işlərinin gedişini əks etdirən fotoldarda baş direktorun da görüntüləri var. İşdən imtina edən burada nə gəzirmiş? Hansı ki, fotoşəkillərdə burada çalışan fəhlələr və onların yanında isə baş direktor dayanıb nəsə müzakirə edir... Biz həmin fəhlələrlə də görüşdük. Onlar da təsdiqlədilər ki, tapşırıq verilən gündən işə başlanılıb, davam etdirilir... Hətta idarənin mühafizəçisi də bu deyilənləri təsdiqlədi...

Baş direktor Prezidentə və Baş prokurora müraciət etdi, kömək istədi...


Məsələ ilə bağlı “Azərmetal” Topdansatış Ticarət Birliyinin baş direktoru Şahin Abbasovu redaksiyamıza dəvət etdik... Onun geniş müsahibəsindən qısa məqamları təqdim edirik:
- Şahin müəllim, nə baş verir?
- Miri Qəmbərovun kollektivimizə qarşı kin və qərəzinin, sonda münaqişənin kökü ordan başlayır ki, idarənin 12,75 ha torpaq sahəsinin illər əvvəldən başlayaraq Miri Qəmbərov və onun qanunsuz təyin olunmuş köməkçisi-müavini Güləddin Dadaşov tərəfindən satılmasına etirazlar etmişik. Amma Miri Qəmbərov bildiyini edib, bu torpaq sahələrini sata-sata gəlib bu günümüzə kimi... Bizim kollektivin ciddi etirazlarına baxmaayaraq Miri Qəmbərov vəzifəsindən sui-istifadə edərək və “Özəlləşmə haqqında” Az. Res. Qanunun tələblərini kobud surətdə pozaraq həmin torpaqları ayrı-ayrı şəxslərə və müəssisələrə satıb. Hansı ki, onların bu kollektivə heç bir aidiyyəti olmayıb. Həmin torpaqların necə və neçəyə satılmasını Miri Qəmbərov və onun müavini Güləddin Dadaşov yaxşı bilir... Kollektiv etirazlarımız müxtəlif vaxtlarda ölkə KİV-lərində işıqlandırılıb... Yəqinki bu barədə Baş Prokurorluğa və digər orqanlara şikayətlərimizdə ətraflı bildirəcəyik. Biz Miri Qəmbərovun həmin torpaqları necə satması barədə etirazımızı həmin dövrlərdə müxtəlif idarələrə yazdığımız şikayətlərdə bildirmişik. Budur, Miri Qəmbərov 30 may 2013-cü ildə sonuncu dəfə 01-S-54 saylı məktubu ilə Az. Res. Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova yazdığı müraciət-məktubunda bu torpaq sahələrinin necə satılmasını etiraf edib... Sonuncu dəfə, elə həmin tarixli məktubda kollektivimizə həmin 12,75 ha torpaq sahəsindən qalmış vur-tut 0,85 ha torpağın da müştərisi tapılmışdı, lakin “bıçaq sümüyə” dirəndiyindən qəti etiraz etdik, cənab Prezidentə bu barədə teleqram vurduq. Bununla da Miri Qəmbərovun sonuncu torpaq satma cəhdinin qarşısı alındı, sonra isə bu torpağı alan müştərisi ərazinin mübahisəli olduğunu, kollektivin maraqlarının gözlənilmədiyini görərək almaqdan imtina etdi. Amma Miri Qəmbərov və onun müavini Güləddin Dadaşov bərk əsəbləşdilər ki, axı niyə həmin torpağın satılmasına mane olduq? Odur ki, düşünüb baş sındırdılar, amma bir çıxış yolu tapa bilmirdilər... Nəhayət, süni üzlük məsələsi ortaya çıxdı, bəhanə tapdılar ki, guya mən həmin tapşırığı yerinə yetirməkdən qəti imtina etmişəm. Miri Qəmbərovun idarəyə yazdığı 2 məktubunu sizə təqdim edirəm. 27 may 2015-ci il tarixli, 01-S-46 saylı məktubunda yazır ki, “Süni üzlüklərin gün ərzində tikililərin üzərindən sökülməsi və standartlara uyğun şəkildə bərpasını” təmin edək. Aradan bir neçə gün sonra Miri Qəmbərov ikinci bir məktub yazır. 3 iyun 2015-ci il tarixli, 01-S-47 saylı. Yazır ki, “... üzlüklərin sökülməsi barədə göstəriş sizin tərəfinizdən bu günə kimi icra olunmayıb” və sonra mənə qarşı sərt tədbir görüləcəyi barədə hədələyici ifadələr işlədilir. Mən sizə iyunun 1-də çəkilmiş foto-şəkilləri, video kadrları təqdim edirəm, açıq-aydın görünür ki, biz həmin işlərə çoxdan başlamışıq və davam etdirilir. İyunun 3-də isə artıq əsas işi başa çatdırmışdıq... İkincisi, bu işlərə nəzarət ərazi üzrə Nizami rayon İcra Hakimiyyəti tərəfindən edilir. Nizami RİH başçısı cənab Tahir Budaqov, onun müavini İldırım Mehdiyev, RİH-nin şöbə müdiri Rəşad Hüseynov, həmçinin Prezident Administrasiyasının səlahiyyətli nümayəndəsi hörmətli Arif Novruzov işlərin gedişinə daim nəzarət ediblər, necə çalışdığımızı görüblər. Biz bir yerdə olmuşuq, işlərin gedişini izləmiş, sonda uğurla başa çatdırmışıq... Elə isə necə oldu ki, bu qədər hörmətli və məsul şəxslər görülən işləri görüblər, alqışlayıblar, amma Miri Qəmbərovla onun gülməli işlərlə məşğul olan müavini Güləddin Dadaşov “görməyib”??? Yəqin bilirsiniz ki, Güləddin Dadaşovun məlum hərəkətindən sonra kollektiv geniş iclas çağıraraq Akt tərtib edib, hansı ki, surəti Sizə də göndərilib...

Şahin Abbasov Miri Qəbbərovu məhkəməyə verdi...

Ş.Abbasov davam edir:
- Bütün bunları, yəni Miri Qəmbərovla onun müavini, daha doğrusu, Miri Qəmbərovu aldadaraq ona yalnış məlumat verən Güləddin Dadaşovun qanunsuz və əsassız, qərəzli münasibətini görərək məhkəməyə müraciət etməli olduq...
- Hansı məhkəməyə?
- Ərazi üzrə Yasamal rayon Məhkəməsinə... Artıq sənədlər məhkəməyə təqdim olunub, vəkillə müqavilə də bağlanıb...
- Ümumiyyətlə, bildiyimizə görə, aranızda bir müddət əvvəl də belə bir mübahisə yaranmışdı...
- Bəli, ötən ilin sentyabrında Miri Qəmbərov sonuncu dəfə idarəmizin balansında olan, ilk növbədə kollektivin maraqlarına xidmət edəcək 12,75 ha torpaq sahəsinin sonuncu 0,85 ha hissəsinə də hücum çəkdi, amma artıq bu dəfə bu özbaşınalığa qəti etiraz etdik, qoymadıq satsınlar. Bütün bu qanunsuz torpaq satışının isə başında, yuxarıda dedim, Miri Qəmbərovun köməkçisi rolunu oynayan Güləddin Dadaşov durur. Bunlar neyləyirlər: əvvəlcə müştəri tapırlar, sonra Dövlət Əmlak Komitəsinə məktub yazırlar ki, “Azərmetal” Topdansatış Ticarət Birliyinin fəaliyyəti zəiflədiyindən istifadəsiz qalmış torpaq sahəsinin filan nazirliyin, yaxud iş adamının, şirkətin icarəsinə verilməsi üçün kömək etməyinizi xahiş edirik. Və DƏK isə buna guya etiraz etmir... Bəs kollektiv, bəs vicdan? 20 ildir burada çalışan insanlar var, onların halallığını almadan bu torpaqları satıb pulunu necə xərcləyə bilərsiniz??? Odur ki, ötən il bıçaq boğaza dirəndi, Miri Qəmbərovun bu torpaq talanına qəti etiraz etdik... Mətbuatda bu barədə Prezident cənab İlham Əliyevə müraciətimiz dərc olundu deyə, növbəti müştərilər geri çəkildilər. Əvvəllər ayda 2-3 müştəri tapan və üstümüzə göndərən Miri Qəmbərov və Güləddin Dadaşov o vaxtdan bizə qarşı yeni bir tələ qurmağa başlayırdılar. İndi əllərinə belə bir uğursuz bəhanə düşdü ki, guya mən sökülmüş fasadın yenidən bərpasından imtina etmişəm. Bu qətiyyən belə deyil. Bildiymə görə dövlət hesabına edilməli bu işlərə görə kollektivdən topladığımız 8 min 500 manat pul xərcləmişik. Miri Qəmbərov isə istəyirdi ki, o pulu verim Güləddini Dadaşova, o isə bildiyi kimi iş qursun... Amma bunu da qoymadıq, özümüz MMC tapdıq, fəhlələr, ustalar gətirdik və işlədilər... Yuxarıda dedim, Nizami RİH-nin rəsmiləri, Prezident Administrasiyasının rəsmi nümayəndəsi daim orada olublar və məni hər dəfə görüblər. Necə ola bilər ki, mən məzuniyyətdə və müalicədə ola-ola işə qayıdıram, Miri Qəmbərov isə deyir ki, tapşırıqdan imtina etmişəm?!
- Dediniz ki, idarənizin torpaq sahələri müxtəlif vaxtlarda Miri Qəmbərov tərəfindən satılıb... Bu necə və hansı formada baş verib?
- Mən ötən il KİV-də dərc olunmuş açıqlamamda da cənab Prezidentdən bu özbaşınalığın qarşısının alınmasında bizə kömək etməsini vurğulamışam... Məsələ ondadır ki, 19 ildir prezident fərmanı ilə təsis olunmuş, səhm payının 100 faizi dövlətə məxsus olan “Azkonrakt”ın indiyədək ölkə iqtsadiyyatının xeyrinə heç bir iş görmədiyini, mürgülü vəziyyətin hələ də davam etdiyini yazmış, hökumətin təsirli tədbirlər görməli olduğunu etmişdim. Lakin Miri Qəmbərov bütün bunlara cavab vermək əvəzinə, quru sözlər yazaraq hələ bir 19 ildir davam edən fəaliyyətsizliyinə bəraət qazandırmaq istəmişdi. Miri Qənbərov yazırdı ki, “...Ölkəmizdə dövlət əmlakının özəlləşdirilməsi, digər qurumlara, fiziki şəxslərə icarəyə və yaxud istifadəyə verilməsi məsələlərinin həyata keçirilməsi ilə Əmlak Məsələləri Dövlət Komitəsi birbaşa məşğul olur. “Azərkontrakt” qeyd olunan məsələlərdə “Azərmetal”ın kollektivinin müraciətlərini və rəylərini nəzərə alaraq öz prinsipial mövqeyi ilə dəfələrlə çıxış edib. Bunu təsdiq edən xeyli miqdarda yuxarı instansiyalara və aidiyyəti qurumlara olan müraciətlər əyani sübutdur”.
Soruşuram, çox hörmətli Miri müəllim, nəticə nə olub? Nəticəsi olmayan müraciətlər kimə və nəyə lazımdır??? Bəli, nəticə bu olub ki, Maştağada “Azkontrakt”ın nəqliyyat müəssisəsi olan “Azərkirayə”nin (“Avtobaza”) yardımçı təsərrüfatının 17 hektar torpağını özünüzə məxsus kiçik müəssisənin adına keçirərək sonradan satmısınız. Nəticə bu olub ki, 26 dekabr 1997-ci ildə, 46-a saylı əmr verərək Sumqayıtda ikinci bir saxta törəmə- Sumqayıt Topdansatış Müəssisəsi yaradırsınız və həmin məktubunuzda yazırsınız ki, guya Sumqayıt Şəhər Icra Hakimiyyəti sizə 317 saylı, 08 dekabr 1997-ci il tarixli məktub yazaraq bu müəssisənin yaradılmasını xahiş edib. Və guya Sumqayıt şəhərində “metal, kimya və rezin məmulatlarının qəbul edilməsində lazım olan anbar” təsərrüfatı hava-su kimi lazım olub. Amma sonradan məlum oldu ki, Sumqayıt Şəhər Icra Hakimiyyətindən sizə belə bir məktub yazılmayıb və bu məktubunuz saxtadır, həmin əraziləri ələ keçirib satmaq üçün bəhanə olub. İndi həmin o məktubunuzdan 19 il ötür... İndiyə kimi hanı o azad ticarət zonası xülyanız? Məktubunuzdakıların icrası nə yerdədir, cənab Miri Qəmbərov??? Saxtalıq həm də ondadır ki, “Azərmetal”ın Sumqayıtdakı həmin anbar təsərrüfatının sahəsi tələm-tələsik başqa şəxslərə satılıb. Bundan başqa, Miri Qəmbərov sizin Kərəm Həsənova müraciətləriniz bununla nəticələnib ki, məhz sizin qanunsuz və ədalətsiz sərəncam və ya əmrlərinizlə indiyədək “Azərmetal”ın 12,75 hektar torpaq sahəsi satılıb, özü də məhz kənar şəxslərə. Niyə bunları demirsiniz? Bu sırada bazamızın Sumqayıt filialındakı 6,1 hektar sahəsi siz Miri Qənbərovun 26 dekabr 1997-ci il tarixli 46A saylı əmri ilə, Sabunçu sexinin 0,7 hektar sahəsi 14 iyun 1999-cu il tarixli 27 saylı əmri ilə, Abşeron TSTM-in 1,41 hektar torpaq sahəsi 11 fevral 2005-ci il tarixli 01 saylı əmri ilə, qalan 1,2 hektar sahə yenə də sizin əmrinizə bizə aidiyyəti olmayan fiziki şəxs I.Ramazanova satılıb. Bu nə biabırçılıqdır? Niyə bu yerin sahibi, yəni “Azərmetal”ın kollektivi kənarda qalır, amma bizə halallıqla məxsus olan torpaq sahələrini ümumiyyətlə, “Azkontrakt”a aid olmayanlara satır, paylayırsınız? Hansı ki, həmin Abşeron Topdansatış Müəssisəsi əlavə olaraq M.Qaşqay küçəsi-100 ünvanda yerləşən anbar təsərrüfatını özəlləşdirib. Bəlkə bu ərazinin satılmasına da mən-Şahin Abbasov sərəncam vermişəm? Bu qədər müəssisənin özü və torpaq sahəsi hardadır? Yazırdınız ki, cəmiyyətin tabeliyində olan təşkilatlara “Azərmetal”ın ərazisi hesabına torpaq sahələrinin başqalarına verilməsi məhz birliyin rəhbərliyinin təşəbbüsü və razılığı əsasında həyata keçirilib. Miri Qənbərov, əgər elədirsə, bəs niyə bizim kollektivə 12,75 ha torpaq sahəsindən qalmış 85 sot torpaq sahəsi özümüzə verilməyib? Hansı ki, “Özəlləşmə haqqında” Qanun bunu sizdən tələb edirdi, kollektivin müstəsna hüquqları bunu diqtə edibdir. Təkrar edirəm, niyə bizə məxsus 13 hektara yaxın ərazi kimə gəldi satılıb verilir, amma bu sahə üzərində 30 ildir çalışan kollektivə isə hətta 85 sotu da çox görürsünüz?
Yazırdınız ki, adıçəkilən birliyin rəhbərliyinin müraciəti əsasında ümumi ərazisi - 9004 kv.m., faydalı sahəsi 2420,9 kv.m. olan bina və tikililər Əmlak Məsələləri Dövlət Komitəsi ilə bağlanmış müvafiq müqaviləyə uyğun olaraq fiziki şəxs kimi “Azərmetal” birliyinin işçisi Nuriyev Elçin Zeyvər oğluna (Abbasov Şahinin qızının həyat yoldaşı) icarəyə verilib. Miri Qəmbərov, Elçin Nuriyev mənim kürəkənim olmamışdan əvvəl “Azkontrakt”ın işçisi olmuşdur. Niyə kollektivin notarial qaydada etibar etdikləri bu şəxsin adına olmaz, amma sistemdə işləməmiş, bizə aidiyyəti olmayanlara olar??? Yaxşı, Elçin Nuriyevə olmaz, qoy kollektivin başqa üzvlərinə olsun. Axı siz bunu da etməmisiniz və etmirsiniz, hətta dövlətimizin qanunlarının, cənab Prezidentimizin sərəncamının əleyhinə gedərək ədalətsizliyi davam etdirirsiniz. Miri Qənbərov, unutmusunuzsa, yadınıza Baş nazir Artur Rasizadənin 05.07.1997-ci il tarixli 131 saylı sərəncamını salıram, sənədi olduğu kimi təqdim edirəm:
“Baş nazir A.Rasizadə 05.07.1997-ci il, 131 saylı sərəncam “Azərkontrakt” Səhmdar Cərniyyətinin strukturuna daxil edilmiş müəssisə və obyektlərin siyahısı:
- “Azərmetal” topdansatış ticarəti birliyi və onun Bakı şəhəri, Moskva prospekti, 98 ünvanda yerləşən anbar təchizat şahəsi (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)
- “Azərmaşavadanlıq” idarəsi və onun Bakı şəhəri, Nobel prospekti, 36 və M.Qaşqay küçəsi, 100 ünvanlarında yerləşən anbar tesərrüfatları (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)
- “Yüngül və yeyinti sənayesi məhsullarının topdansatış birliyi”, “Azəryüngülyeyintisənaye” və onun Bakı şəhəri, Nobel prospekti, 10 və Nizami küçəsi, 149 ünvanlarında yerləşən anbar təsərrüfatları (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)
- “Azkontrakt” Səhmdar Cəmiyyəti (“Azərkontrakt” Səhmdar Cəmiyyətinin Moskva şöbəsi)
- Texniki vasitələrin kirayə müəssisəsi - “Azərkirayə” (“Azərkontrakt” Səhmdar Cəmiyyəti)
- “Azərətsüd” icarə müəssisəsi və onun Bakı şəhəri, Montin qəsəbəsi, Köndələn küçəsi 2 ünvanda yerləşən soyuducu bazası (keçmiş Ticarət Nazirliyi)
- “Baqqaliyyə malları üzrə respublika topdansatış ticarəti - “Azərbaqqaliyyə” kontoru və onun Bakı şəhəri, Dərnəgül qəsəbəsi, 507-ci məhəllədə yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət Nazirliyi)
- “Istehsalat avtoekspedisiya” birliyi və onun Bakı şəhəri, Xırdalan qəsəbəsi, Şamaxı şossesi, 6 ünvanda yerləşən anbar təsərrüfatı (keçmiş Ticarət Nazirliyi)
- “Azintreyd” xarici ticarət birliyi (keçmiş Ticarət Nazirliyi)
- Qax rayonunda yerləşən istirahət evi (məşhur Kasparovun istirahət və şahmat mərkəzi)(“Azərkontrakt” Səhmdar Cəmiyyəti)”.
Miri Qənbərov, bəs bu qədər müəssisənin özü və torpaq sahəsi hanı, kimə və ya kimlərə satılıb?
Nəhayət, yazırsınız: “Azərmetal”ın baş direktoru Abbasov Şahinin şantaj xarakterli müsahibəsi ilə bağlı yalnız onu xatırlatmaq kifayətdir ki, birliyin fəaliyyətsizliyinə, düşdüyü böhran vəziyyətinə, işçilərin illərlə maaşlarının almamasına, professional mütəxəssislərin işdən getmələrinə görə, idarəetmə qanunvericiliyinə əsasən, birbaşa məsuliyyət tam təsərrüfat hesablı təşkilatların rəhbəri kimi şəxsən onun üzərinə düşür”.
Miri Qənbərov, ya siz “Azkontrakt”ın təsis olunması barədə Ulu Öndər Heydər Əliyevin 1996-cı il tarixli 519 saylı fərmanını unutmusunuz, ya da hələ də bilmirsiniz ki, biz sizin tabeliyinizdəyik və sizin əmriniz, sərəncamınız, baş müqaviləniz olmasa heç bir kənar qurumlarla müqavilə bağlaya bilmərik. Deyirdiniz ki, guya işçilərin illərlə maaşlarının almamasına baiskar mənəm. Miri Qənbərov, sizin kollektivə 360 min manat nəğd pul borcunuzu da unutmusunuz? Bundan başqa, bəlkə Nazirlər Kabinetinə, Əmlak Komitəsinin sədri Kərəm Həsənova, digər dövlət orqanlarına yazdığınız məktublarınızdan xəbəriniz yoxdur? Ərazilərimizi başqalarına satmaq üçün Kərəm Həsənova yazdığınız bütün məktublarda yazırsınız ki, “Dövlət sifarişi olmadığına görə “Azərmetal” fəaliyyət göstərə bilmir”. Elə isə, mən nə etməli idim, əgər sizdən hərəkət yoxdursa! Sizə-”Azkontrakt”a tabe olan müəssisə rəhbəri qanundan kənar hansı müqavilə bağlaya, öhdəlik yerinə yetirə bilərdi? Dövlət sizə müqavilə bağlayıb zəruri mal və materialı gətirməyi vəzifə kimi tapşırıb, yaşıl işıq yandırıb, siz isə idarələri dirçəltmək əvəzinə, onların müflisləşməsinə ağıllı-başlı şərait yaratmısınız. Mən Sizə Prezidentin 519 saylı fərmanının 2-ci bəndini, hansı ki, sizin vəzifə və səlahiyyətlərinizi müəyyənləşdirir, təqdim edirəm: “ “Azərkontrakt” Səhmdar Cəmiyyətinə Azərbaycan Respublikasının dövlət ehtiyaclarının və strateji əhəmiyyətli istehsal və tikinti proqramlarının maddi-texniki təminatı, bu sahədə dövlətlərarası təsərrüfat əlaqələrinin təşkili, birbaşa münasibətlərinin inkişafında mülkiyyət formasından asılı olmayaraq rnspublikanın müəssisə və təşkilatlarına köməklik edilməsi tövsiyyə edilsin”.
Miri Qəmbərov, bu fərmanla sizə tövsiyyə edilmiş hansı işləri həyata keçirmisiniz indiyə kimi? Hansı müqavilə bağlamısınız bu 19 ildə???
Yazırdınız ki, “Çox acınacaqlı bir faktdır ki, Şahin Abbasov hələ də başa düşməyib ki, respublikamızın iqtisadi inkişafı iyirmi ildən artıq bir müddətdir ki, bazar iqtisadiyyatı istiqamətində inkişaf edir”.
Miri Qənbərov, indi başa düşdüm ki, siz həqiqətən də “Azkontrakt”ın tabeliyində olmuş digər müəssisə və təşkilatların Bakının bahalı yerlərində olan torpaq sahələrini də elə həmin bazar prinsipləri ilə kənar şəxslərə satmısınız. Amma inanıram ki, ən azı kollektivimizin iradəsi ilə ortaya çıxmış bu müraciətdən sonra ölkə rəhbərliyi 20 ilə yaxındır status və səlahiyyət verdiyi bir qurumun fəaliyyətsizliyinə birdəfəlik nöqtə qoyacaq. Özü də lap tezliklə! Bundan əlavə, Miri müəllim, siz 10 il, iki çağırış Milli Məclisin deputatı olmusunuz. Niyə “Azkontrakt”ın taleyi barədə Milli Məclisdə qanunvericilik təşəbbüsü ilə çıxış etməmisiniz? Buna kim və nə mane olub?
- İşçiləriniz redaksiyamıza müraciət edərək “Azkontrakt” Dövlət Korporasiyasının fəaliyətsizliyindən və maxinasiyalardan şikayətlənib. Bu iddialar nə qədər doğrudur?
- Biz hamımız “Azkontarkt”dan şikayətçiyik. Nəzərinizə çatdırım ki, “Azkontarkt” Ulu Öndər Heydər Əliyevin fərmanı ilə 1997-ci ilin 17 dekabrında Ticarət və Material Ehtiyatları Nazirliklərinin bazasında yaradılıb. “Azkonkrakt” dövlətimizin ehtiyaclarını və strateji əhəmiyyətli istehsal və texniki material proqramlarının maddi texniki təminatı, bu sahədə dövlətlarərası təsərrüfat əlaqələrinin təşkili, birbaşa münasibətlərin inkişafında mülkiyyət formasından asılı olmayaraq respublikanın müəssisə və təşkilatlarına lazımi materialların verilməsinə köməklik edilməsi tövsiyyə edilir. Lakin 1996-cı ildən indiyə qədər bir dəfə də olsun “Azkontrakt” tərəfindən prezidentin həmin fərmanında göstərilən fəaliyyət olmayıb. Qurumun prezidenti Miri Qəmbərov tərəfindən ötən müddətdə Nazirlər Kabinetinə, dövlətin digər qurumlarına müraciət olunmayıb ki, filan mal və materialları ölkəyə gətirmək istəyirik, bizə lazımi işləri görməyə, müqavilələri bağlamağa kömək edin. Belə çıxır ki, Miri Qəmbərov bu cür acınacaqlı vəziyyətlə razıdır, ona sərf edir. Təsəvvür edin, 19 ildir işləməyən bir qurumun xidməti maşınlarına hər ay 1200 manatlıq benzin alınıb-silinir. Mən dəfələrlə Miri Qəmbərova demişəm ki, bu boyda prezident fərmanı var, əvvəllər olduğu kimi ölkənin bütün xammal və digər (əsasən, metal və taxta) ehtiyaclarını ödəyə bilərik, gəlin bu mürgülü vəziyyətdən çıxaq. Amma onun saxta daxili əmrlə təyin edilmiş (prezident sərəncamı ilə təyin edilməli olduğu halda) müavini Güləddin Dadaşovun fəaliyyətsizliyi Miri Qəmbərovu da yoldan çıxarıb. Çünki özləri dolanırlar, baş girləyirlər, amma dövlətə bir manat belə xeyir gətirən fəaliyyət yoxdur, minlərlə işçi 19 ildir Miri Qəmbərovun hərəkətə gəlməsini gözləyir? Təsəvvür edin, fərman veriləndən bəri 19 il ötür. “Azkontrakt” bu illər ərzində xarici ölkələrlə heç 19 manatlıq iş də görməyib. Prezident fərmanı ilə sənə bu qədər səlahiyyət verib, tabeliyinə iki nazirlikdən yüzlərlə müəssisə verib. Bu müəssisələrdə minlərlə insan çalışırdı. Indi həmin idarə və müəssisələrdə işçilərin heç bir faizi qalmayıb. Bir çoxunun fəaliyyətsizlikdən ürəyi partladı və dünyasını dəyişdi, bir çoxu tanınmış mütəxəssislər idi, dözməyib baş götürüb getdi. “Azkontrakt” rəhbərliyi isə bu idarə və müəssisələrin torpaq sahələrini, əksəriyyəti şəhərin mərkəzindədir, kollektivə də yox, kənar adamlara satmaqla məşğuldur. Təsəvvür edin, bizim birlik Heydər Əliyev prospektində, 1 saylı Şərab zavodunun qonşuluğunda yerləşir. Yuxarıda dedim, vaxtilə 13 hektara yaxın sahəmiz var idi, indi 85 sot torpaq sahəsi qalıb. Hamısı satılıb. Şikayətimizin də məzmunu və mahiyyəti ondan ibarətdir ki, bu torpaq sahələri bizə aidiyyəti olmayan adamlara satılıb, bunu da bağışlamaq olar, amma bizə qalan 85 sot torpağı isə özümüzə, öz kollektivimizə özəlləşdirməyə hələ də imkan vermirlər. Miri Qəmbərov deyir ki, Kərəm Həsənov qoymur. Bəs niyə 12 hektardan çox sahə başqalarına sənin məktubunla özəlləşməyə veriləndə və satılanda Kərəm Həsənov qoyub? Artıq bıçaq sümüyə dirənib, istəyirik ki, səsimizi ölkə prezidenti, ölkənin baş naziri, digər dövlət qurumlarının rəhbərləri eşitsinlər. Bu qədər ədalətsizlikmi olar? Təsəvvür edin, əvvəllər Azərbaycanda metal sahəsində yeganə baza olmuşuq...
- Niyə idarəniz müstəqil addımlar atıb iş görməyib bu illərdə?
- Bizdə struktur belədir: tutaq ki, dövlətə 500 ton boru, 300 kubmetr taxta lazımdı, onda deyirlər ki, Miri Qəmbərov, gedib filan yerli şirkətlə müqavilə bağla. O da dövlət ehtiyaclarına uyğun taxta, şüşə və s. haqda müqavilə bağlayır, bizə tapşırıq-sifariş gəlir. Amma həqiqətdə belə deyil. Indi təchizat təşkilatlarının bizdən başqa heç birinin dövri vəsaiti olmadığına görə hamısı ləğv olunub, əraziləri Miri Qəmbərov və onun müavini Güləddin Dadaşov tərəfindən satılıb, vəssalam! “Azkontrakt” təşkil olunanda bəzi müəssisələri veriblər Nazirlər Kabinetinin sərəncamı ilə Əmlak Komitəsinin tabeliyinə, özəlləşdirmək üçün.
- Sizin qurumu dövri vəsaiti olduğuna görə ləğv etməyiblər, yoxsa başqa səbəb var?
- Bəli, bizim qurumun dövrü vəsai ti vardı, 10 milyarddan artıq mal qalığımız olduğundan, indiyədək onları satıb yalnız qalan işçilərə əmək haqqı vermişik.
19 ildir gözləyirik ki, nəhayət, Miri Qəmbərov hərəkətə gələcək, Nazirlər Kabineti bizə yiyə duracaq. Miri Qəmbərovun Nazirlər Kabinetinə bir məktub - müraciəti belə yoxdur ki, bizə iş verin, şərait yaradın. Belə vəziyyətə nə qədər dözmək olar? Bir də anbarları icarəyə verib qəpik-quruşla vergiləri vermişik. Onu da deyim ki, Ramiz Həsənov (hazırda Dövlət Standartlaşmanın sədri) prezident sərəncamı ilə “Azkontrakt”a sədr müavini təyin olunandan sonra onun səyi ilə Ukrayna ilə bir müddət birgə işləmişik, müəyyən işlər gedirdi. Ramiz Həsənov komitə sədri gedəndən sonra keçdik tam mürgü mərhələsinə.
- 1996-cı ildə işçilərinizin sayı nə qədər idi, bu gün nə qədərdir?
- 1996-cı ildə 123 nəfər idik, indi 3 nəfər qalmışıq...
- Bazanın özünün ərazisi və yaxud əmlakın özəlləşməsi barədə məsələ qaldırmısınızmı?
- Bazanın özəlləşməsi haqqında dəfələrlə məsələ qaldırmışıq. Buna baxmayaraq ərazilərimizi “Azərmetal”da, bizim sistemdə, bizim strukturda işləməyən adamlara satıblar. Məsələn, Mirzə Ramazanov adlı şəxsə 1 hektar 20 sot torpaq veriblər, bizim ərazidə, hətta darvazadan girib-çıxmaq yerimiz də qalmayıb, uzun mübarizədən sonra icazə almışıq ki, icazə verin qapımızdan 20 ildir işlədiyimiz idarəmizə keçək.
- Mirzə Ramazanov kimdir?
- Mirzə Ramazanov məşhur Yusif Hümbətovun qaynıdır. Başqa bir nazirin qohumuna da, adını çəkmək istəmirəm, 1 hektar 20 sot veriləndə böyük etiraz oldu. Mən təklif elədim və təkid etdim ki, Miri Qəmbərov, gəl idarəyə, camaata cavab ver. O ərəfədə mənə şirnikləndirici təkliflər oldu, dedim ki, mən iş yoldaşlarımı sata bilmərəm. Dedim ki, cavab verməlisən ki, bu yeri niyə öz kollektivimizə deyil, başqalarına satırsan? Bunu birbaşa Miri Qəmbərova dedim. Güləddin Dadaşov da eşitdi bu konkret söhbəti. O, korporasiyada müavindir. Təsəvvür edin, Miri Qəmbərov mənə deyirdi ki, sizə 90 sot ərazi veririk, kollektivin razılığı ilə. Əmlak Komitəsinə yazıldı ki, bu 90 sotu işçimiz Elçin Nuriyevin adına özəlləşdirilməsinə razıyıq. Məqsəd bu idi ki, bu sahədə kollektivin hamısının payı olsun. Uzun müddət müqavilə bağlandı, icarəyə götürdük, 60 min manatdan artıq icarə haqqı verdik, sonra müqaviləni pozdular, bizə özəlləşdirməyə qoymadılar. Bu haqda dəfələrlə Kərəm Həsənova, Miri Qəmbərova müraciətlər yazmışam, ərazənin surəti və onların göndərdiyi cavab məktubunu verəcəm sizə. Heç bir şey alınmadı, üstəlik, Miri Qəmbərov həmin ərazini ötən il satdı Miqrasiya Xidmətinə. Bizimlə bərabər bir gün fərqi ilə, iki müqavilə bağlanıb. Nömrələri 3804 və 3805. Bizimki kənarda qalıb, amma 3805 özəlləşib.
O 90 sotu da dediyim kimi, özəlləşdirmədilər Əmlak Komitəsindən, sədr müavini Rauf Cəlilovun, Rüstəm Şahbazovun imzası ilə müxtəlif cavablar aldıq. Günlərin birində isə Abşeron topdansatış müəssisəsi bizə məxsus 1 hektar 40 sot sahəni özəlləşdirdi. Həmin sahə satılandan sonra bazamızın dəmiryol qovşağı iflic vəziyyətə düşüb, xətt ləğv olunub.
- Hansı addımları atmaq niyyətindəsiz?
- Hələlik mətbuat vasitəsilə ölkə prezidenti cənab İlham Əliyevin diqqətinə çatdırırıq ki, bu qədər qanunsuzluqlar var, “Azkontrakt” ölüb, işləmir, 18 ildi camaat hamısı müflis olub, iş yoxdur, iş yerini itiriblər, üstəlik də təchizatı bilən bir nəfər belə qalmayıb, hamısı Miri Qəmbərovun vaxtında baş götürüb gedib. Istəyirik ki, ölkə rəhbəri bütün bunları nəzarətinə götürsün və tədbir görülsün!
- Sonuncu sual: Sizi üzlük materialını idarənin fasadına vaxtında vurmamağa görə işdən çıxarıblar...
- Mən yuxarıda dedim, bu işi vaxtında yerinə yetirmişəm, bu barədə sizə də təqdim etdiyim Akt var... Mənim hüquq və vəzifələrim Miri Qəmbərovun 16 yanvar 1998-ci ildə imzaladığı və Ədliyyə Nazirliyinin (19 yanvar 1998-ci il tarixli) təsdiqləyib qeydə aldığı “Nizamnamə”də öz əksini tapıb. Orada mənim üzlük materiallarını fasada necə və hansı müddətdə vurmağım yazılmayıb... Miri Qəmbərovun həmin qanunsuz əmrinə gəlincə, bu barədə məhkəməyə müraciət edilib və məhkəmə prosesi başlayanda sizi də prosesə dəvət edəcəyəm... Bundan əlavə, Miri Qəmbərov 5 dekabr 2007-ci ildə mənə verdiyi “Xasiyyətnamə”də mənim əvəzolunmaz rəhbər işçi olduğumu göstərib. Buna sözü nədir? Necə olur ki, mən əvvəl yaxşı işçi idim, indi Miri Qəmbərovun balansımızda qalmış 0,85 sot torpağı satması lazım gələndə pis işçi oluram??? Qoy Miri Qəmbərov Prezident fərmanına rəğmən bircə müqavilə göstərsin ki, xarici ölkələrlə müqavilə bağlayıb. Varmı? Yoxdur!





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net