"Köhnə maşın bazarı"na məmurlardan birinin gözü düşüb
Tarix: 15-06-2015, 11:20 |
Çap et
Əvvəlki saylarımızda "Bizim marketlər" şəbəkəsinin, paytaxtın Babək prospektində yerləşən "köhnə maşın bazarı"nın, eləcə də çoxsaylı ticarət obyektlərinin sahibi olan iş adamı Rasim Salmanovun adının hərrac oyununda çəkilməsi haqda xəbər vermişdik. Məsələdən məlumatı olmayan oxucularımız üçün qısaca olaraq vurğulamaq istəyirik ki, "Bakı Avtonəqliyyat-2" ASC-nin özəlləşdirilməsi zamanı dəhşətli qanun pozuntularına yol verilib və adıçəkilən iş adamı digər səhmdarları aldadaraq onların payını mənimsəyib. "Cəmiyyətin səhmlərinin 98.7 faizi onun adınadır.
İş adamı gözlənilmədən mayın 7-də "Bakı Avtonəqliyyat-2" ASC-nin səhmdarlarının ümumi iclasını keçirib. 2014-cü ilin maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatını təqdim edib, ardınca isə müəssisənin fəaliyyətini dayandıracağını bəyan edib. Bildirib, ki, "Bakı "Avtonəqliyyat-2"?ASC-nin (maşın bazarının yerləşdiyi-red) 4.5 ha torpaq sahəsi dövlət tərəfindən hərracda başqa bir şəxsə satılıb. "Torpaq başqa bir şəxsindir, nə mən sahibiyəm, nə də siz. "Bakı Avtonəqliyyat-2" ASC-nin 4.5 ha torpağı başqa bir şəxsə məxsusdur. Amma siz də, mən də burdakı əmlakın sahibiyik. Mən 98.7 faizin sahibiyəm, siz də 1.3 faizin. Bu söz-söhbətləri qurtarmaq üçün belə qərara gəldik ki, sizə ayrıca bir yolu olan, Babək prospektindən gəlib çıxa biləcəyiniz bir əmlak verək. Biz Əmlak Komitəsinə müraciət edəcəyik. Onlar gəlib ayırıb sizə verəcəklər. Sonra "Bakı Avtonəqliyyat-2" fəaliyyətini dayandıracaq, iclaslarımız da olmayacaq. Onda siz biləcəksiniz ki, əmlakınız nədir və nəyin yiyəsisiniz. İndi oturmusunuz qızılın üstündə, deyirsiniz ki, buranın hamısı mənimdir. Elə deyil", Rasim müəllim iclas zamanı vurğulayıb", deyə məqalədə bildirilirdi. Məlumatlı şəxsin iddiasına əsasən, keçmiş səhmdarların bu özbaşınalığa sərt şəkildə etiraz bildirməsi və "köhnə maşın bazarı"nda cərəyan edən neqativ işlər Rasim Salmanovun yenidən diqqət mərkəzinə düşməsinə səbəb olub: "Sahibkar müvafiq qanunvericiliyin tələblərinə əməl etmədən "Bakı Avtonəqliyyat-2" ASC-yə məxsus torpaq sahəsini qeyri-qanuni yollarla öz nəzarətinə keçirdi. Belə olan halda digər səhmdarlar öz haqlarını tələb etməyə başladı. Rasim müəllim isə heç nəyə əhəmiyyət vermir. Məhz "köhnə maşın bazarı"ndan yığılan icarə pullarının hesabına o özünə gəlirli biznes sahəsi yaratmağı bacarıb. Məsələn, "Bizim market" mağazalar şəbəkəsi ilə yanaşı, "Zövq İnşaat" tikinti şirkəti, "Zövq İnşaat" plastik qapı-pəncərə sexi, "Bakı", "San Remo" şadlıq sarayları, Bakı Kinoteatrının yaxınlığındakı "Romantic" mağazası, Babək prospektində yerləşən "Audi Bakı Mərkəzi"nin, "Cadillac Bakı Mərkəzi"nin binaları və "Kilim mebel" salonu ona məxsusdur. Onun tikinti sektorunda da əhəmiyyətli payı var. Paytaxtın bəzi ərazilərində hündürmərtəbəli binaların tikintisi ilə məşğul olur. Artıq həmin binalardan bir neçəsi istifadəyə verilib. Rasim Salmanov əvvəllər bu qədər varlı deyildi. O dövlət büdcəsindən yayındırdığı vergi vəsaitlərinin sayəsində qısa vaxt ərzində özünü tutdu, daha dəqiq desəm milyonçuya çevrildi. ASC-yə məxsus torpaq sahəsini ələ keçirən sahibkar bununla biznesini daha da genişləndirdi. Bazar rəhbərinin belə sürətlə varlanması təbii ki, bəzi qüvvələrin nəzərindən yayınmayıb. Deyilənə görə, son vaxtlar "köhnə maşın bazarı"na bir-birinin ardınca müxtəlif dövlət qurumlarından yoxlama gəlir. Yoxlamaların ilkin mərhələsində bazarda bir sıra qanunsuzluq aşkarlanıb, milyonlarla vəsaitin vergidən yayındırıldığı müəyyənləşib. Eyni zamanda, bazarın ərazisində yanğın təhlükəsizliyi qaydalarına əməl edilmədiyi bəlli olub. Hələ ki, yoxlama tədbirləri tam başa çatmayıb. Yəqin ki, yoxlama sona çatana qədər yol verilən digər qanuna zidd əməllər də müəyyənləşdiriləcək". Aldığımız informasiyada o da deyilir ki, aparılan yoxlamalardan sonra Rasim Salmanov yaman təşviş içindədir və o yaranmış problemi həll etməkdən ötrü bəzi şəxslərə minnətçi düşüb: "Həmin insanların isə onu yaxına buraxmadığı iddia olunur. Görünür, "köhnə maşın bazarı"nın yerləşdiyi əraziyə hansısa yüksək rütbəli şəxs müştəri çıxıb. Bu məqsədlə iş adamının fəaliyyətindəki boşluqları axtarmağa başlayıblar. Deyilənə görə, Avropa Oyunları başa çatandan dərhal sonra bazar boşaldılacaq və yerində müasir tipli yaşayış kompleksi tikiləcək".
Mövzu ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.
Gündəlik Bakı