İşçiləri Əli Abbasovu eşitmir?
Tarix: 11-06-2015, 10:02 |
Çap et
Bu gün ölkədə bir çox sahələrdə olduğu kimi, rabitə və kommunikasiya texnologiyaları ilə bağlı da ciddi irəliləyişlərə imza atılıb. Çünki informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın, demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Bu baxımdan, son illər Azərbaycanın adı informasiya və kommunikasiya texnologiyalarının inkişafı, informasiyalı cəmiyyətin formalaşması üzrə reytinq göstəricilərində MDB məkanında öncüllər sırasında çəkilir. Lakin acı da olsa, etiraf etmək lazımdır ki, bu sahənin bir sıra strukturları yol verilən neqativ hallarla qazanılmış uğurları kölgə altına alırlar. Misal kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən Xətai Telefon Qovşağını göstərmək olar.
Bakı şəhəri, Xətai rayonu, M.Mehdizadə küçəsi 14 ünvanında yerləşən adıçəkilən telefon qovşağı 1965 ci ildə təşkil edilib. Əvvəllər Mərkəzi Telefon Qovşağı kimi fəaliyyət göstərən Xətai Telefon Qovşağına 2013-cü ilin noyabr ayına kimi Əhməd Mehdiyev rəhbərlik edib. Lakin o, işində yol verdiyi nöqsanlar səbəbindən tutduğu vəzifədən azad olunub və yerinə «Azərpoçt» MMC-nin Poçtun Daşınması Mərkəzinin müdiri olmuş Nazim Əliyev təyin edilib. Bu və digər məqamlarla bağlı redaksiyamızı bilgiləndirən mənbənin sözlərinə görə, Xətai Telefon Qovşağının nömrə tutumu 130 mindən artıqdır: «Qovşağın xidməti ərazisində 561/562/563 saylı, 564/565 saylı, 566/567/514 saylı, 440/441/449/541 saylı, 493/498/598 saylı, 411 saylı, 412 saylı EATS-lər kimi böyük tutumlu telefon stansiyaları, Böyük Şor və Keşlə qəsəbələrində 7 ədəd ONU tipli müasir EATS-lər fəaliyyət göstərir. Qovşaqda 416 nəfər mühəndis texniki işçi, qulluqçu işləyir. Qeyd edim ki, hazırda Nazim Əliyevin rəhbərliyi altında fəaliyyət göstərən Xətai Telefon Qovşağında baş verən bır sıra olaylar rayon sakinlərinin ciddi narazılığına səbəb olmaqla yanaşı, aidiyyəti qurumların sözügedən müəssisənin fəaliyyətini ciddi nəzarətə götürməsi ilə nəticələnib. Deyilənlərə görə, Nazim Əliyev dövlət büdcəsindən qovşağa ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsində maraqlı görünmür. Lakin buna baxmayaraq, hələ də onun barəsində müvafiq ölçü götürülməyib. Görünür, Xətai Telefon Qovşağının rəisi hansısa nüfuzlu şəxs tərəfindən himayə olunduğundan o, rəhbərlik etdiyi qurumu özünün tətbiq etdiyi «qayda»larla idarə edir». Nazim Əliyevin əməlləri ilə bağlı ətraflı məlumat verən mənbənin bildirdiyinə görə, Xətai Telefon Qovşağı rayon sakinlərinə normal xidmət göstərə bilmir: «Bu gün Xətainin əksər ərazilərində internet sürəti acınacaqlı vəziyyətdədir. Trafik açıqca satılır. Məsələn, 20-liyə 4 mb/san. olduğu halda, əslində isə heç 512 kv/san. belə yoxdur. Deyilənlərə görə, Nazim Əliyev rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovu saymır və bu səbəbdən də onun tapşırıqlarını lazımı şəkildə icra etməkdən boyun qaçırır. Görünür, Nazim Əliyev Xətai Telefon Qovşağı ilə əvvəllər çalışdığı qurumu – Poçtun Daşınması Mərkəzini səhv salır. Yəqin o elə zənn edir ki, telefon qavşağında da «peçat» vurmaqla işini yola verə bilər. Halbuki bu gün Xətai rayon sakinləri sürətli internet üzünə həsrət qalıblar. İş o yerə çatıb ki, rayonda qonşu qonşu ilə telefonla normal danışa bilmir. Sizcə, bunun harasını uğur adlandırmaq olar?.. Bir sözlə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkənin rabitə sektorunun Avropa standartlarına cavab verməsi istiqamətində ciddi işlər görsə də, Xətai Telefon Qovşağının rəisi yol verdiyi nöqsanlarla əldə olunan uğurları kölgə altına alır. Kim bilir, bəlkə də o, bunu məqsədli şəkildə edir?..»