Müstəqim Məmmədovun subsidiya maxinasiyaları
Tarix: 3-06-2015, 10:02 | Çap et
Müstəqim Məmmədovun subsidiya maxinasiyaları
Bu gün rayon rəhbərliyinin fəaliyyətindən çoxsaylı narazılıqların əks olunduğu şikayət məktublarının ölkə mətbuatına ünvanlandığı bölgələrimizdən biri də Tərtər rayonudur. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonda yol verdiyi əsas qanun pozuntularından biri kimi “abadlıq və quruculuq” işləri ilə bağlı həyata keçirdiyi maxinasiyalar göstərilir. Vurğulanır ki, bu “abadlıq” işlərinin görülməsi üçün əvvəlcə rayon mərkəzində yerləşən bir çox ərazilər bərbad hala gətirilir. İddialara görə bu məqsədlə seçilmiş hər hansı küçə, park və ya digər ərazi yaxud da bina son dəfə təmir olunduğu, abadlaşdırıldığı vaxtdan heç bir il keçməmiş, yenidən təmir olunmaq üçün bərbad vəziyyətə gətirilir. Təbii ki, bütün bu işlər zamanı dövlət büdcəsindən rayona ayrılmış pullar xərclənir və bu pulların da böyük bir hissəsi elə rayon rəhbərliyinin xeyir-duası ilə mənimsənilir. Mənbələr bildirirlər ki, yerli sakinlər rayonun büdcəsinin rəhbərlik tərəfindən talan olunması ilə artıq çoxdan barışıblar. İstədikləri tək şey isə budur ki, heç olmasa eyni maxinasiyalar digər sahələrdə, yəni indiyədək abadlaşdırılmamış ərazilərdə həyata keçirilsin. Ən azından daha artıq məsrəflərin qarşısı alınar, rayon isə az da olsa həqiqətən abadlaşardı. Hətta Tərtərdə inşaat materiallarının satışı ilə məşğul olan iş adamları, rayonlarında gedən təmir-tikinti işləri üçün materialları daha ucuz qiymətə onlardan alımaqdansa, həmin məlzəmələrin Yevlaxdan gətirilməsinə göstəriş verən Müstəqim Məmmədovun bu qərarına da artıq təəccüblənmirlər. Axı başçı eyni zamanda özü də bir iş adamıdır. Sadəcə olaraq iş elə gətirib ki, onun ticarət obyektləri Tərtərdə deyil, məhz Yevlax rayonunda yerləşir. Əlbəttə ki, materialların Yevlaxdan gətirilməsi büdcəyə baha başa gəlir. Amma bu o demək deyil ki, Müstəqim Məmmədov göz görə-görə yüz minlərlə qazancı başqalarına, yəni yerli iş adamlarına verməlidir. Artıq qeyd olunduğu kimi Müstəqim Məmmədov əmək fəaliyyətinə başladığı 1992-ci ildən 2014-cü ilədək, yəni Tərtər RİH-nə başçı təyin olunduğu günədək yalnız Yevlaxda çalışıb. Bütün bu fəaliyyət müddəti ərzində isə o, təbii ki, Yevlaxda bir çox kommersiya obyektlərinin, o cümlədən bir neçə inşaat materialları satış mərkəzinin də sahibinə çevrilib. Məhz elə bu səbəbdən də bu gün Tərtərin “abadlaşdırılmasına” tələb olunan bütün materiallar iki-üç qat bahasına Yevlaxdan alınır. Digər tərəfdən də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonda yol verdiyi əsas qanun pozuntularından biri kimi daxil olan məlumatlarda torpaq subsidiyaları ilə bağlı maxinasiyalar göstərilir. Belə ki, məlumatlara görə başçı rayonun aqrar sektoruna dövlətin ayırdığı subsidya pullarına əl qoymaq məqsədilə indiyədək rayonun bir çox kənd bələdiyyə sədrləri və yerli icra nümayəndələri ilə əlbir olaraq əkinə yararsız olan torpaq sahələrini subsidiya yardımına yazdıraraq xeyli qazanc əldə edib. Maraqlıdır ki, bəzi iddialara görə bu maxinasiyanın sxemi ilkin olaraq başçı tərəfindən deyil, məhz bəzi kənd bələdiyyə sədrləri və yerli icra nümayəndələri tərəfindən işlənib hazırlanıb. Bir müddət sonra isə Müstəqim Məmmədov bu işdən xəbər tutaraq, “qabaqcıl təcrübə”nin artıq bütün rayon üzrə tətbiq olunması barədə göstəriş verib. Bu gün isə artıq bu maxinasiyaya cəlb olunmuş bütün bələdiyyə sədrləri və icra nümayəndələri başçı tərəfindən təyin olunmuş aylıq haqqları ödəmək məcburiyyətində qoyulublar...
Vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net