“Sahil” Ticarət Mərkəzinin sahiblərindən haqsızlıq
Tarix: 2-06-2015, 10:15 | Çap et
“Sahil” Ticarət Mərkəzinin sahiblərindən haqsızlıq
Xatırlayırsınızsa, 2014-cü ilin mart ayının 12-də, səhər saatlarında “Sahil” Ticarət Mərkəzinin 3-cü mərtəbəsində yanğın baş vermişdi. Həmin vaxt mətbuatda yayımlanan məlumatlara görə yanğın nəticəsində 5 nəfər xəsarət almış, həmçinin Fövqəladə Hallar Nazirliyinin bir yanğınsöndürəni zəhərlənmişdi. Hadisə yerində olan mənbənin bildirildiyinə görə, Ticarət Mərkəzinin 1500 kv.m ərazisi yanğına məruz qalmışdı. Təbii ki, baş vermiş yanğın nəticəsində TM-də fəaliyyət göstərən sahibkarlara da külli-miqdarda ziyan dəymişdi. Amma bu ziyanın kim tərəfindən və necə ödənilməsinə dair məlumat verilmədi. Yeri gəlmişkən, o zaman yanğının baş vermə səbəbləri də açıqlanmamışdı. Bu gün isə, hadisədən bir ildən artıq müddət keçəndən sonra, “Sahil” Ticarət Mərkəzində baş vermiş yanğının bəzi təfərrüatlarına dair maraqlı iddialar üzə çıxmaqdadır. İlkin olaraq bu iddialar sahibkarlara dəyən ziyanın ödənilməsi (daha doğrusu ödənilməməsi) mexanizmi ilə bağlı ortaya qoyulsa da, ehtimal etmək olar ki, sonrakı araşdırmalar məhz yanğının baş vermə səbəblərinə və bu məqamların gizlin qalmasında maraqlı olan şəxslərin kimliyinə də müəyyən dərəcədə aydınlıq gətirmiş olsun.Beləliklə, bu günlərdə redaksiyamıza ərizə ilə müraciət etmiş İradə Abdullayeva bildirir ki, o, “Sahil” Ticarət Mərkəzi fəaliyyətə başladığı ilk gündən orada ticarətlə məşğul olub. Uzun müddət eyni bir dükanda işlədikdən sonra, 2014-cü ilin əvvəllərində yerini TM-nin 3-cü mərtəbəsində yerləşən və 24 kv.m sahəsi olan 108 saylı mağazaya dəyişib və icarə müqaviləsi əsasında kommersiya fəaliyyətini artıq burada davam etdirib. Yeni mağazada bir ay yarım işlədikdən sonra, obyektdə məlum yanğın hadisəsi baş verib. İradə Abdullayeva bildirir ki, həmin vaxt mağazanın sahibləri olan Natiq və Fariz adlı şəxslər yanğından dəyən maddi ziyana görə tələb olunan kompensasiyanı ödəməyi öz öhdələrinə götürüblər. Bunun müqabilində isə onlar icarədarlardan xahiş ediblər ki, baş vermiş olayla bağlı heç bir instansiyaya müraciət etməsinlər. Belə də razılığa gəlinib. Lakin hadisədən artıq bir ildən artıq müddət keçsə də, İradə Abdullayeva məhz dükan sahiblərinin yol verdikləri səhlənkarlıq nəticəsində baş vermiş yanğında ona dəymiş ziyana görə kompensasiya ala bilmir. Dəymiş maddi ziyanın məbləği isə kifayət qədər böyük rəqəmlə ifadə olunur. Belə ki, 2014-cü ilin yanvar ayında bu məqsədlə bankdan kredit almış İradə xanım, işlədiyi dükana 60 min manat dəyərində mal vurmuşdur. Buna baxmayaraq, yanğından keçən müddət uzandıqca, Natiq və Farizin icarədara qarşı münasibətləri də dəyişir. İradə Abdullayevanın sözlərinə görə, Natiqlə olan son telefon danışıqları zamanı dükan sahibi onunla olduqca kobud danışmış, hətta təhqirə belə yol vermişdir.İradə Abdullayevanın təqdim etdiyi açıqlamada diqqətimizi bir maraqlı məqam daha çox cəlb etdi. İlk növbədə, mağaza sahiblərinin yanğından dərhal sonra kompensasiya ödənişini öz boyunlarına çəkmələri, onların hadisənin səbəblərindən xəbərdar olmaları ehtimalını ortaya qoyur. Əgər belə olmasaydı, Natiq və Fariz həmin səbəblərin araşdırılmasında bəlkə də hamıdan daha çox maraqlı olmalı idilər. Bunun əvəzində isə, onlar icarədarlara hətta kompensasiya vəd edərək, müxtəlif instansiyalara müraciət etməmələrini tələb ediblər. Görəsən niyə? Digər tərəfdən isə, zaman ötdükcə, olay və onun ətrafında yaşananlar öz aktuallığını itirib. Buna görə də, dükan sahibləri icarədarlara qarşı rəftarlarında özlərini artıq daha sərbəst hiss edirlər. Lakin, İradə Abdullayevanın ərizəsi bu məsələni yenidən gündəmə gətirə bilər. Həm də nəzərə almaq lazımdır ki, öz haqqını tələb etmək məqsədilə zərərçəkmiş icarədar ölkə rəhbərliyinə qədər bütün instansiyalara müraciət etməkdə qərarlıdır.

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net