İmişlidə ac qalan yalavaclılar... (FOTO)
Tarix: 28-05-2015, 10:31 |
Çap et
İmişli rayonunun Yalavac bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanovu nəinki yaşadığı kənddə və rayonda, hətta “yuxarı”larda da yaxşı tanıyırlar.
Elə düşünməyin ki, adam ad-soyadına uyğun olaraq nəsə bir hünər göstərib. Sadəcə barəsində yerli və mərkəzi icra hakimiyyəti orqanlarına qalaq-qalaq şikayət göndərildiyindən, adamın adı rəsmi yazışmalarda tez-tez keçir, özü isə cavabdeh qismində araşdırmalara cəlb olunur. Amma onu həqiqətən qəhrəman hesab etmək olar- bu qədər həngamələrdən “aydan arı, sudan duru” çıxmağı bacarıb.
BULAĞIN GÖZÜNDƏN SU İÇƏN OĞLAN
1999-cu ildə ölkəmizdə ilk bələdiyyə seçkisi keçiriləndə qəhrəmanımız, necə deyərlər, bulağın gözündən su içib- Yalavac bələdiyyəsinə üzv, ardınca isə sədr seçilib. Onun səlahiyyət müddəti 2004-cü ildə bitsə də, yerli sakinlərin sözlərinə görə, sonrakı 10 il ərzində də yerli özünüidarə orqanını öz təsiri altında saxlaya bilib. Sonuncu seçkidə yenidən, amma bu dəfə 3 kəndi əhatə edən Yalavac bələdiyyəsinə üzv və sədr seçilən Q. Qəhrəmanov işin içərisinə daxil olub və xalq əmlakı barədə öz nəfinə mübarək imzasıyla sərəncam verməyə başlayıb. Yeri gəlmişkən, sonuncu seçkidə ortaya Azərbaycan Texniki Unversitetinin diplomunu da çıxarıb (yerli sakinlər bu sənədin saxta olduğunu və onun hələ də öz adını belə yaza bilmədiyini iddia edirlər).
ŞÜBHƏLİ SƏNƏDLƏR, MÖHÜRLƏR VƏ YANĞINLAR
Yalavac kənd sakini Azad Məmişov bildirir ki, birinci “beşillik”də cəmi 4 torpaq sahəsinin alqı-satqısı olub: “İndi o dövrə aid onlarla alqı-satqı, icarə sənədləri ortaya çıxıb. Adam müasir dövrün texnoloji vasitələrindən istifadə edərək, keçmiş illərə aid tərtib etdiyi sənədlərə həm bələdiyyənin, həm də artıq mövcud olmayan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsnin möhürlərini vurub. İndi biabırçı faktlar ortaya çıxır. Məsələn, 2008-ci ildə bələdiyyə tərəfindən icarəyə verilən torpaq sahəsi demə 8 il əvvəl elə bu bələdiyyənin qərarı ilə başqa şəxsin mülkiyyətinə verilibmiş. Hərbi hissənin ətrafında olan 9 hektarlıq sahəni bələdiyyə ərazisində yaşamayan şəxslərə “peşkəş” edib. Elə ailələr var ki, onun 9 üzvünün hər birinin adına torpaq sahəsi sənədləşdirilib. Bəzi insanlar adlarına torpaq olmağından sonradan xəbər tutublar. Meşədə yanğın olanda məlum oldu ki, meşə fonduna aid edilən 1 hektarlıq ərazi də bələdiyyə qərarları ilə satılıbmış. Bu isə yanğının qəsdən törədilməyi barədə əhalidə kifayət qədər əsaslı şübhələr yaradır.
Adam mərkəzi icra hakimiyyəti orqanlarını da aldadıb- araşdırma zamanı bələdiyyənin keçmiş illərə aid sənədləri tələb olunanda, guya onu İmişli arxivinə təhvil verilməyi, buradan Saatlıya göndərilməyi, sonuncu arxiv idarəsində isə məhv edilməyi barədə saxta arayış təqdim edib. ”
“BƏLƏDİYYƏNİN HƏR ŞEYİ VAR, XALQA HEÇ NƏ VERMİR”
Yalavac kəndinin başqa bir sakini İlham Mehdiyev isə kifayət qədər resurslara malik bələdiyyənin kənd üçün bir iş görmədiyini deyir:
“Yalavac, Rəsullu və Məhəmmədli kəndlərində ümumilikdə 4 min nəfərdən çox adam yaşayır, 900-dək ev təsərrüfatı var. 2 tam orta məktəb, 5 yanacaqdoldurma məntəqəsi, 1 kərpic zavodu, 3 qum-çınqıl karxanası, 100-dək mağaza, iaşə, xidmət və istehsal obyekti, 500 hektar icarəyə verilən torpaq sahəsi var. Amma bundan kəndlər üçün bir qara qəpiklik iş görülməyib. Kəndarası yollarda qışda palçıq, yayda toz dizə çıxır. Baxımsızlıqdan tibb məntəqəsi dağılıb gedib. Bu adam heç vaxt öz işi barədə camaata hesabat verməyir. Biz bilmirik ki, yerli büdcəyə toplanılan vəsait nəyə xərclənir.”
VETERANLAR AİLƏSİ YAĞINTILI GÜNLƏRDƏ OTAQLARA LƏYƏNÇƏ DÜZÜR..
Yalavac kəndində yaşayan 84 yaşlı Leyla Usubova həyat yoldaşının Böyük Vətən, oğlunun isə Qarabağ müharibəsi iştirakçısı olduğunu deyir: “2003-cü ildə ikimərtəbəli evimiz uçdu. Onun materialları ilə bir daxma qaraltmışıq. Köhnə şiferlər sınıq-sınıq olub. Yağıntılı günlərdə otaqlara ləyənçə düzürük. Bu evdə mən ahıl yaşlı qadın, iki azyaşlı uşaq olmaqla 5 nəfər yaşayır. Oğlumun pensiyası öz müalicə xərclərinə gedir. Dəfələrlə müraciət etsək də, bələdiyyə evimizin dam örtüyünün təzələnməsinə kömək etməyib.”