Ağstafada “qazlama siyasəti”
Tarix: 27-05-2015, 10:42 |
Çap et
Redaksiyamıza daxil olan məlumatlarda Ağstafa rayon Qaz İstismar Sahəsinin fəaliyyətində müşahidə olunan neqativ hallardan bəhs edilir. Xəbər verilir ki, bu yaxınlara qədər idarəyə rəhbərlik edən Elxan Məmmədov bir müddət əvvəl yeni təyinatla Şəmkir rayonuna keçirilmişdir. Ağstafa rayon Qaz İstismar Sahəsinin rəisi vəzifəsini isə indilik Qazax rayonundan buraya təyinat almış İlqar müəllim icra edir. Bununla belə, mənbələr yeni sahə rəisi əvəzinin artıq özünü idarənin tam hüquqlu rəhbəri kimi hiss etdiyini bildirirlər. Amma təəssüflər olsun ki, İlqar müəllimin bu rəhbərlik iddiaları mövcud problemlərin həllində deyil, əksinə korrupsiya hallarına rəvac verilməsində öz təzahürünü tapır. İddialara görə sahə rəisi tərəfindən işçilər əliəyriliyə, müxtəlif maxinasiyaların icrasına təhrik olunur, bu kimi göstərişlərə əməl etməyənlər isə işdən qovulmaqla cəzalandırılırlar. Eyni zamanda da məlumatlarda sahə rəisinin passiv rüşvətxor məmur olmadığı, həm də qazanc əldə etməyin yeni üsullarının daima axtarışında olduğu iddia edilir. Sakinlər deyirlər ki, Ağstafa rayon Qaz İstismar Sahəsinin işçiləri evlərə gələrək guya ki, bir neçə il bundan qabaq yaranmış borcları tələb edirlər. Ancaq əhali bunun yanlış olduğunu deyir. Yaranmış bu gərginliyi əhali yerli qaz istismar sahəsinin səhvi kimi qiymətləndirir. Bəzi sakinlər isə hətta 2008-ci ilin qalıq borcunun istənildiyini deyirlər. Redaksiyamıza ərizə ilə müraciət etmiş Ağstafa şəhər sakini Aydın Ələkbərovun iddiasına görə onun sayğacında qaz məsrəfinin göstəricisi aydan-aya artır. Halbuki yay mövsümünün gəlişi ilə əlaqədar olaraq evlərdə yanacaq sərfiyyatı da faktiki olaraq azalır. Həmçinin öz ərizəsində Aydın Ələkbərov bildirir ki, sayğacın göstəriciləri ilə bağlı maxinasiyalar əraziyə nəzarət edən Əli adlı şəxs tərəfindən törədilir. Eyni zamanda da şikayətçinin sözlərinə görə eyni hallar Ağstafanın bir çox kəndlərində, o cümlədən Yenikənd kəndində də baş verməkdədir. Aldığımız başqa bir məlumatda isə yenə də Ağstafa şəhərində yaşayan digər bir vətəndaş başına eyni hadisənin gəldiyini iddia edir: “Mütəmadi olaraq sayğacın göstəricilərinə müvafiq qaz pulunu ödəmişəm. Amma günlərin birində ayıldım ki, qalıq borc kimi ayağıma böyük məbləğdə pul yazıblar. Bundan sonra qaz istismar sahəsinə müraciət etdim. O zaman sahəyə rəhbərlik edən Elxan müəllim bu məsələnin debutar borcların yaranması ilə bağlı olduğunu və bunun ətrafında araşdırmalar aparıldığını bildirdi. Dedi ki, yaxın vaxtlarda əsassız yaranmış debutar borclar silinəcək...” Lakin Elxan Məmmədovun bir müddət əvvəl başqa rayona təyinat alması, mövcud problemin də həllini təxirə salmış oldu. İdarəyə rəis əvəzi təyin olunmuş İlqar müəllim isə sakinlərdən qalıq borcların mütləq qaydada ödənilməsi tələbini yenidən gündəmə gətirib. Həm də mənbələrin açıqlamalarına görə yeni sahə rəisinin bu pul yığımlarının təcili və nəğd formada həyata keçirilməsində son dərəcə maraqlı olduğu aşkar hiss olunur. Belə ki, bir çox sakinlərin bildirdiyinə görə Ağstafa rayon Qaz İstismar Sahəsinin əməkdaşları evləri gəzərək əhalidən pulu özləri yığırlar. Halbuki kommunal ödənişlər yalnız bank və ya ödəmə məntəqələri vasitəsilə həyata keçirilməlidir. Maraqlı olan məsələlərdən biri də odur ki, hər ayın sayğacdakı sərfiyyatı ödənilsə də qalıq borc hər dəfə verilən qəbzdə dəyışır. Göründüyü kimi İlqar müəllimin fəaliyyəti istehlakçıların hüquqlarının addımbaşı pozulması ilə müşayiət olunur. Təbii ki, bu haqsızlığa etiraz edən sakinlər araşdırma tələb edirlər...
vertikal.az