ADNA-da özbaşınalıq pik həddə
Tarix: 26-05-2015, 09:32 |
Çap et
«Vaqif Qurbanov Azərbaycan Dövlət Neft Akademiyasının rektoru vəzifələrini müvəqqəti icra etməyə başlayandan akademiyada özbaşınalıq tüğyan edir». Bunu JAM.AZ-a ADNA tələbələri adından Natiq Quliyev bildirib.
O qeyd edir ki, bütün ali məktəblərdə imtahanlar test üsulu ilə keçirildiyi halda, ADNA-da imtahanlar hələ də yazılı aparılır. «Yol verdiyi kobud pozuntulara görə, vaxtilə şiddətli töhmət almış Vaqif Qurbanov Akademiyada özünə sərfəli olan “yenilik” edərək tələbələri kütləvi qaydada imtahandan kəsməyi özlərinə hədəf seçib. Bu işi “Neft mexanika” fakültəsinin dekanı Sakit Abbasovla, Osman Mirzəyev cütlüyünə həvalə edib. Sakit Abbasov imtahan komissiyasının sədri, İnformasiya Kommunikasiya Texnologiyalar mərkəzinin (IKTM) rəisi Osman Mirzəyevə həvalə edib. İmtahan nəzarətçiləri də akademiyanın müəllimlərindən təşkil edilib. Nəzarətçilər də bü cütlüyün göstərişləri əsasında tələbələrə qarşı istədiyi haqsızlığı edirlər».
Natiq Quliyev vurğulayır ki, Sakit Abbasovla Osman Mirzəyev məqsədli şəkildə tələbələrə qarşı xüsusi qədarlıq və qeyiri-obyektivlik edərək tələbələrin bütün hüquqlarını tapdalayır. «Ölkəmizdə keçiriləcək Avropa oyunları ilə əlaqədar qanunsuz yolla büdcə pullarına “qənaət” etmək göstərişinin rektor əvəzi işləyən Vaqif Qurbanov tərəfindən verildiyi iddia edilir. Belə ki, yeni qaydalara görə kəsri olan tələbə təqaüddən məhrum edilir, tələbə hər fənn üçün kredit sayına uyğun kredit ödənişi edib Akademiyanın yay məktəbinə yazıldıqdan sonra kəsrini düzəldə bilər. Avropa oyunlarını bəhanə edib dərs proqramı yarımçıq tədris olunub. Bunun qarşılığında Vaqif Qurbanov imtahan suallarının qismən də olsa azaldılacağında dair vədlər versə də, vədinə əməl etmədi. Əksinə imtahan sualları artırıldı».
Tələbələrin adından danışan sözügedən şəxs JAM.AZ-a onu da bildirib ki, akademiyanın təkliflər qutusuna imtahanların test üsuli ilə keçirilməsi təkliflər versələr də, buna məhəl qoyulmur. «İmtahan nəticələri Sakit Abbasovla, Osman Mirzəyevin şəxsi istəklərindən asılıdır. Akademyada yaşı 70-dən yuxarı olan görmə-eşitmə qabiliyyəti çox-çox zəif olan, yaddaşı olmayan çoxlu sayda yararsız müəllimlər var. Dərs deyə bilməsələr də tələbələr onların hər cür kaprizlərinə dözməyə məcburdurlar. İndi bütün tələbələri bir sual düşündürür: Yaz imtahan sessiyasında tələbələri kütləvi qaydada imtahanlardan kəsərək kütləvi narazılıq yaratmaqda məqsəd nədir? Görünür, Dövlət Neft Akademiyasında bu cür özbaşınlıqlara yol verənlər son günlərdə Dövlət Başçımızın məmurlara sərt xəbərdarlığından dərs almaq istəmirlər».
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.