Əli Kərimlinin Azərbaycan qərəzi, Putin və rus əsgəri sevgisi...
Tarix: 6-04-2022, 14:22 | Çap et
Əli Kərimlinin Azərbaycan qərəzi, Putin və rus əsgəri sevgisi...

Azərbaycan müxalifətinin zaman-zaman istehza ilə qarşılanan davranışlarından biri də xaricdə hər hansı hadisə baş verəndə, bir iş görüləndə yerli-yersiz onun imitasiyasına başlamalarıdır. Partiyalar və onların sədrləri ya o prosesi yamsılayırlar, ya da bu işləri görən liderləri, şəxsləri özlərinə kumir seçirlər, qəhrəman elan edirlər. Habelə, populist davranışlardan cuşa gələrək, əcnəbiləri iqtidara qarşı nümunələr göstərməyə başlayırlar. Özlərinin hər hansı uğuru, təklifi ilə deyil, hansısa utopiya ilə gündəmə gəlməyə çalışırlar.

Bəzən dövlətimiz, xalqımız üçün həssas və toxunulmaz olan məsələlərdən də şou düzəldirlər, xalq qazanmağa çalışırlar.
AXCP sədri Əli Kərimlini bu cür işlərdə “usta” hesab etmək olar.

O, facebook səhifəsində yaydığı açıqlamasında İkinci Qarabağ Müharibəsində - haqq savaşımızda şəhid və qazi olan igidlərimizi Rusiyanın Ukraynaya soxulan, hücum edən, dinc insanlara divan tutan “xüsusi əməliyyatçıları” ilə müqayisə etməkdən də çəkinməyib.

Öncə Ukrayna ilə müqayisə aparır: “Çox şükürlər olsun, Azərbaycanın şəhərləri, iqtisadiyyatı Ukrayna kimi dağıdılmayıb. Ancaq ölkəsi, iqtisadiyyatı dağıdılmış, xarici yardımlara möhtac qalmış Ukrayna həlak olan hərbçisinin ailəsinə 510 min dollar pul verir, İlham Əliyev hakimiyyəti isə cəmisi 6.5 min dollar (11 min manat)”.

Ardınca da “Çox şükürlər olsun, bizim əsgərimiz Rusiya əsgəri kimi işğalçılıq müharibəsi yox, Vətən müharibəsi aparıb” deyir, amma sonra Putinə, Rusiyaya “sevgisini” ortaya qoyur: “Ən ağır sanksiyalara məruz qalan, iqtisadi itkiləri trilyon dollarla ölçülən Rusiya ölən hərbçisinin ailəsinə 80 min dollardan artıq (7.4 milyon rubl) sığorta pulu verir, İlham Əliyev hökuməti isə şəhid ailəsinə cəmi 6.5 min dollar qan pulu verir”...

Müqayisəni habelə belə davam etdirir: “Döyüşlərdə əlil olmuş, yaralanmış hərbçilərə, müharibə veteranlarımıza münasibət isə daha pisdir, Ukrayna və Rusiyada yaralanmış hərbçilərə göstərilən diqqətlə heç müqayisə oluna bilməz”.
Sonda isə bu cür canıyananlığı, canfəşanlığı niyə etdiyini gizlədə bilmir, şəhərdə xaotik aksiyalar başlatması və həssas qrupları da bura cəlb etmək kimi məkrli niyyətlə yazdığı şübhə doğurmayan məqama diqqət edin: “Əziz həmvətənlər, siz şahidsiz ki, şəhid ailələrinə, hərbçilərimizə verilən minimal "qan puluna" biz hər zaman etiraz etmişik. Ancaq indi - Ukrayna və Rusiyanın öz ölən və yaralanan hərbçilərinə göstərdiyi yüksək diqqəti gördükdən sonra şəhid ailələrinə, qazilərimizə, müharibə veteranlarımıza verilən müavinətləri dəfələrlə artırmaq artıq ümummilli tələb olmalıdır”.

Vəssalam, məsələ tamamdır. Adam sözünün sonunda sezdirir, etiraf edir ki, məqsədi heç də qazilər, döyüşçülər, şəhid ailələri deyil, öz siyasi maraqlarıdır.

Əvvəla, Əli Kərimlinin Ukraynada insanları qıran, terror törədən rus döyüşçüləri ilə şanlı Azərbaycan əsgərini müqayisə etməsi əndazəyə sığmır. Rusiyada hazırda belə bir qəzəbli düşüncələr hakimdir ki, niyə rus əsgəri gedib Ukraynada mənasız yerə ölməlidir. Rusiya görür ki, əsgərləri Ukraynada döyüşmək, ölmək istəmir, onları pulla şirnikləndirir, rus ailələrini sakitləşdirmək üçün isə onlara 80 min dollar vəd edir. Reallıq isə ondan ibarətdir ki, Rusiya bu gün heç hansı əsgərinin, zabitinin Ukraynanın hansı hissəsində ölüb qaldığını da dəqiqləşdirə bilmir. Meyitləri Ukrayna toplayır verir...
Rusiya mediasında yayılan xəbərlərdən o da məlum olmuşdu ki, RF müharibədən yaralanıb qayıdanların bir çoxuna ödəmələr etməmək üçün “hərbi əməliyyat iştirakçısı” statusu belə vermir. Onlara deyiblər ki, siz sadəcə “hərbi təlimlərdə” olmuşunuz...

Ukraynaya gəlincə, müharibənin ilk günlərində dövlət rəhbərliyi həlak olan hərbçilərin ailəsinə 510 min dollar veriləcəyini vəd edib. Ancaq bu gün Ukraynanın hansı durumda olduğunu hər kəs görür. İndiki vaxtda heç 5 min dollar belə ödəniş etmək imkanları mövcud deyil. Vəd olaraq çox söz deyilə bilər, ancaq amerikalı general Mark Milli də bugünlərdə bəyan etdi ki, Rusiya-Ukrayna müharibəsi illərlə davam edəcək və bu prosesin sonu hələlik görünmür...
Rusiya və Ukrayna ilk vaxtlar bu qədər itkilər olacağını heç proqnozlaşdırmırdılar da. Ona görə də çox sözlər deyilə bilərdi. İndiki mərhələdə elementar hesablama aparsaq, Ukraynada bugünədək 10 min nəfərə yaxın həlak olmuş hərbçi üçün vəd edilən ödəmə təqribən 5 milyard dollar edir. Ukrayna bu vəsaiti və ya bunun əvəzində ev, maşın və s. imtiyazları azı 10 il sonra ödəyə biləcək.

Rusiyanın da indiyədək 15 min civarında hərbçisi öldürülüb. 700 milyard dollara yaxın valyuta ehtiyatı dondurulmuş, neft, qaz ixracı məhdudlaşan, Qərbin sanksiyaları nəticəsində iqtisadiyyatı ağır duruma düşmüş Rusiyanın da indiki vaxtda ölən hərbçilərin ailələrinə 80 min dollar ödənilməsi real deyil. Bu sırf Kreml təşviqatıdır ki, Əli Kərimli kimi populistlər ona inanır...

Bu baxımdan da şəhid ailələrinə, qazilərə real qayğı məsələsində Azərbaycanın Ukrayna ilə müqayisə olunması məntiqsizlikdir.
Azərbaycandakı duruma gəlincə, öncəliklə və net olaraq bildirək, bəli, hər bir Azərbaycan vətəndaşı sağlam yanaşma ilə şəhid ailələrinin, qazilərin qayğı ilə tam əhatə olunmasını istəyir. Azərbaycan dövlətinin, hökumətin bunun üçün çalışmadığını söyləmək də ədalətsizlik olar.
Bəli, bəzən mediada, sosial şəbəkələrdə hallarla da rastlaşırıq ki, yerlərdə qazilərə qayğı məsələsində diqqətsizlik edən məmurlar olur. Bu faktlar ictimailəşəndə dövlət dərhal müdaxilə edir. O hallar da var ki, bəzi qazilərimiz haqqını almaq üçün səsini çıxarmalı olur. Ancaq belə hallar tək-tükdür. Təbii, olmaması mütləqdir və dövlətin də bunda maraqlı olması şübhəsizdir.

Ümumi vəziyyət isə bundan ibarətdir ki, Azərbaycan dövləti şəhid ailəsinə, qaziyə təkcə “qanpulu”, birdəfəlik ödəmə və aylıq təqaüd verməklə kifayətlənmir. Bütün şəhid ailələri və qazilər qiyməti ən azı 100 min manat civarında olan evlə təmin edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı sərəncam və fərmanlara mərhələli şəkildə bu və digər qayğı prosesi davam edir. Qazilərə növbə ilə avtomobil verilir. Şəhid ailələri və qazilərə müxtəlif vergi güzəştləri edilir, işlə təmin olunurlar, müalicələri ölkədə və xaricdə davamlı olaraq aparılır, onların bank borcları bağlanır və sair.
Əli Kərimlinin nümunə göstərdiyi Rusiyada isə həlak olan hərbçinin ailəsinə vəd edilən yeganə müavinət 80 min dollardır, buna Rusiyanın əksər yerlərində yalnız 1 otaqlı mənzil almaq olur...

Ümumiyyətlə, Əli Kərimlinin son dövrlər Qarabağ Müharibəsi, Azərbaycanın qələbəsi, şəhid və qazi məsələləri ilə bağlı davranışları şübhə doğurur. Gözdənsalma kampaniyası aparır dövlət, millət üçün ən həssas məsələdə.

Bir müddət öncə onun öz ampluasına uyğun olaraq Azərbaycan Ordusunun Fərrux yüksəkliyini nəzarətə alması zamanı göstərdiyi reaksiya da cəmiyyətdə ciddi qıcıq yaratmışdı. Ordumuz Fərrux yüksəkliyini əldə edib, orada oturub, Kərimli erməni mediasının feyk xəbərlərinə istinad edib, cəmiyyəti qıcıqlandırırdı...
Hər bir halda, bir partiya liderinə yaraşmayan davranışlardır və yanlış müqayisələrlə, hesablamalarla birbaşa dövləti gözdən salmağa yönəlmiş hərəkətlərdir. Vətən, Şəhid, Qazi üzərindən siyasi alver etmək ayıbdır.

Musavat.com




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net