800 milyon dolların "qəzaya düşdüyü" Bakı-Quba-Rusiya adlı ölüm yolu
Tarix: 29-03-2022, 09:44 | Çap et
800 milyon dolların "qəzaya düşdüyü" Bakı-Quba-Rusiya adlı ölüm yolu
Avtomobiliniz varsa, Quba-Qusar zonasına getməlisinizsə, geri necə qayıdacağınız barədə mütləq düşünün. Çünki Bakı-Quba-Rusiya yolu tamamilə bərbad gündədir. Xüsusilə əks istiqamətdə, yəni Bakıya qayıdanda maşın sürmək olmur. Zaratdan Yaşmaya qədər asfalt örtüyünün böyük hissəsi dağılıb, iri çalalar yaranıb. Yolun Məşədi Həsən kəndinin ərazisindən keçən hissəsində isə avtomobil sizi aparmaq iqtidarında deyil.
Vertikal.Az xəbər verir ki, Bakı-Quba-Rusiya yolu 2010-cu ildə istifadəyə verilib. Layihəyə o vaxt 630 milyon manat xərclənmişdi. Yəni təxminən 800 milyon dollar. Nəzərə alaq ki, yol çəkiləndə hələ devalvasiyalar baş tutmamışdı.

Keçən ildən Yaşma qəsəbəsindən Rusiya ilə sərhədə qədər yeni alternativ yol çəkilir. Yolun pullu olacağı gözlənilir. Şimal zonasında yaşayan sürücülər deyir ki, indidən hər kilometrə görə 3-4 manat ödəniləcəyini eşidiblər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədri Saleh Məmmədov yeni yolu çox tərifləyir. Onun dediyinə görə, sürücülər xeyli razı qalacaq, üstəlik, azı 18 kilometrə qənaət edəcəklər.

Bakı-Quba-Rusiya yolu təhvil veriləndə 30 il problem olmayacağından danışılırdı. Amma 2014-cü ildə məlum oldu ki, xeyli keyfiyyətsiz yol çəkilib. Saleh Məmmədov dövlət başçısına son məruzəsində yolun Qubaya qədər tam təmir olunduğunu deyib. Hansı təmirdən söhbət getdiyini anlamaq olmur. Sədr gedib baxa bilər. Sürücülər Zaratdan sonra yol tapa bilmədiyindən, torpaqda sürməyə başlayıblar. Sağ zolaq tanınmaz hala düşüb. Sol zolaqda isə böyük növbə yaranır. Hərçənd, heç solla da getmək olmur.

“Yolun çəkilişi zamanı ola bilsin ki, müəyyən qüsurlara yol verilib. İlk dəfə və qısa müddətdə çəkilib. İlk beton yoldur deyə, bağışlanılandır. Yol təhvil veriləndən sonra istismarı da düzgün həyata keçirilməyib”, - Saleh Məmmədov jurnalistlərə belə demişdi. Hiss olunur ki, sədr yola məsul şəxsləri güllə qabağına vermək istəmir. Necə yəni “müəyyən qüsurlara yol verilib”? Açıq-aydın görünür ki, iş prinsipləri kobud şəkildə pozulub, standartlara əməl olunmayıb, yeyintiyə yol verilib. Hanı 800 milyon dolların nəticəsi? Azərbaycanda yollar onsuz da baha başa gəlir. Beş dəfə artıq pul xərclənmişdi ki, avtomobillər Bakıya çatana qədər tamam dağılsın?

Yəqin Bakı-Quba-Rusiya yolundakı dəhşətli qəzanı xatırlayırsınız. Fevralda Tağıyev qəsəbəsindən keçən hissədə yolun keyfiyyətsizliyi üzündən avtomobil qəzaya uğramışdı, ailənin üç üzvü həlak olmuşdu. Azərbaycan Avtomobil Yolları məsuliyyəti sürücünün üzərinə qoymağa çalışmışdı. Halbuki videogörüntülər qəzadan əvvəl yoldakı çalanın avtomobildə idarəetməni itirməyə şərait yaratdığını ortaya çıxarmışdı.

Sürücülərin dediyinə görə, onlara alternativ yolun mayın 10-da təhvil veriləcəyi deyilib. İlk mərhələdə yol pulsuz olacaq. Çünki köhnə yolun yenidən çəkilməsi nəzərdə tutulub. İqtisadçılar deyir ki, yeni yol çəkməkdənsə, köhnə yolu təmir etmək xeyli ucuz başa gələrdi. İnvestisiyaların qiymətləndirilməsinin, texniki-iqtisadi əsaslandırmanın tamamilə olmaması belə nəticələr ortaya çıxarır.

Məhz Bakı-Quba-Rusiya yolunun ödənişli olması da doğru deyil. Axı ölkənin digər istiqamətlərində yaşayan əhali yoldan pulsuz istifadə edir. Şimal zonasında yaşayanlara qarşı ədalətsiz yanaşmadır.

Paralel yolların birinin pullu, digərinin pulsuz olması ayrı məntiqsizlikdir. İkiqat iqtisadi resurslar sərf olunur. Ümumiyyətlə, dəyəri milyonlarla ölçülən eksperimentlər aparmağın nə mənası var? Köhnə yolun çəkilməsində müəyyən yox, böyük qüsurlara yol verilib. Məsul şəxslər mütləq cəzalanmalıdır. Yol pis çəkilibsə, investisiya hesablamaları aparılmalı, mümkün qədər az xərclərlə bərpa prosesi həyata keçirilməlidir. “Pullu yol-pulsuz yol” oyunu ilə sürücülərə də, sərnişinlərə də əziyyət verməyin heç bir anlamı yoxdur.
Bizimyol.info





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net