Gömrükdə qanunsuzluğa və özbaşınalığa nə vaxt son qoyulacaq?
Tarix: 10-01-2022, 11:36 | Çap et
Gömrükdə qanunsuzluğa və özbaşınalığa nə vaxt son qoyulacaq?
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri «Kompliment» MMC-yə qarşı təzyiqləri və qanunsuzluqları davam etdirirlər.

Vertikal.Az xəbər verir ki, bunu “Kompliment” MMC-nin baş direktoru Aytən Ələkbərova ölkə KİV-lərinə ünvanladığı növbəti müraciətində bildirib.

Baş direktor yazır ki, Dövlət Gömrük Komitəsinin (DGK) səlahiyyətlilərinin sahibkarları süründürməçiliyə məruz qoymaları, onları təsir altına salmaq üçün istifadə etdikləri qanunsuz hərəkət və hərəkətsizlikləri barədə əvvəllər də KİV-lərə məlumat verib. Amma həmin vəzifəli şəxslər bundan nəinki nəticə çıxarmayıb, əksinə, cəzasızlıq səbəbindən həddlərini daha da aşıblar.

Bahalaşma və keyfiyyətsiz məhsullar...

“Respublika rəhbərliyini, hökuməti aldadan, son illər gömrük yığımlarının artmasını məruzə edən Komitə sədri Səfər Mehdiyev özünü nümunəvi rəhbər, islahatçı kimi göstərməyə çalışır. Amma bunun faydası yoxdur. Ona görə ki, daxili bazarda məhsulların günü-gündən aşağı düşən keyfiyyəti və yuxarı qalxan qiymətləri göz qabağındadır. Görünən və danılmaz həqiqət odur ki, S. Mehdiyevin yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycana idxal olunan məhsulların çeşidi azalmış, keyfiyyətsiz malların həcmi çoxalmış, qiymətlər isə kəskin artmışdır. Kürsüsündən ikiəlli yapışan sədr bunu etiraf etmək, istefa vermək əvəzinə, özünə haqq qazandırmağa çalışır. DGK işçiləri isə sahibkarlara qan uddurmaqda, onlara hədə-qorxu gəlməklə malların gömrük dəyərini qaldırmaqda davam edirlər. Bu qurumun sahibkarlara qarşı qanunsuzluqları barədə içtimaiyyəti məlumatlandırmışıq və buna davam edəcəyik. Yeri gəlmişkən, bu barədə cənab prezidentə də müraciət etmişik. Ondan dəmir yumruğunu işə salaraq, DGK-nı möhtəkirlərdən, regionçulardan təmizləməsini xahiş etmişik”,- yazan Aytən Ələkbərova müraciətində konkret faktları ortaya qoyur: “2020-ci ilin sentyabr ayında ünvanımıza təyyarə ilə daxil olan yük tərəfimizdən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə sərbəst dövriyyə üçün bəyan edildi, tələb olunan gömrük rüsum və ödənişlər tam ödənildi. Amma mallarımız qərəzli olaraq buraxılmadı və gömrük orqanı tərəfindən daşıyıcı şirkətə məxsus «ASG Business Aviation» MMC-nin «GHC» filialına məxsus anbarda saxlanıldı. Bu baradə gömrük orqanı bizə hər hansı rəsmi açıqlama vermədi”.

Şikayətçi bildirir ki, 2021-ci ilin may-iyun aylarında ünvanlarına daxil olan 2 yük, həmin ilin noyabr ayında isə daxil olan 1 yükləri Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəisi Bəhruz Quliyevin qanunsuz göstərişi ilə qərəzli olaraq bu günədək «ASG Business Aviation» MMC-nin «GHC» filialına məxsus anbarda saxlanılır: “Bəhruz Quliyevin bu kimi qanunsuz fəaliyyəti Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevi qane etdiyinə görə onun vəzifəsini yüksəldib. Mətbuatda göstərilənlərə görə Bəhruz Quliyev hazırda Komitənin Aparatında xidmət apararaq gömrük sərhəd nəzarəti məntəqələrində işə nəzarət edəcəkdir. Onun yerinə isə Mehman Sadıqov təyin edilib. Ümidvarıq ki, Mehman müəllim Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin fəaliyyətində dönüş yaradacaq, sahibkarların süründürməçiliyinə, onlardan hədə-qorxu ilə əlavə pul tələb edilməsinə son qoyulacaq və bizim ünvanımıza daxil olan mallar sərbəst dövriyyə buraxılacaqdır”.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi hədə-qorxu gəlir

MMC direktorunun yazdığına görə, dəfələrlə müxtəlif orqanlara şikayətlər etdikdən sonra gömrük orqanının maliyyə şöbəsinin Əfqan adlı əməkdaşı onlara bildirib ki, guya malları gömrük dəyərinin məbləğindən şübələndikləri üçün saxlanılıb. Fəqət o, şübhənin mahiyyətini açıqlaya bilməyib. Axı, gömrük inspektorunun şübhələri malın buraxılmaması üçün əsas ola bilməz. Gömrük dəyərinin tənzimlənməsi qaydası Gömrük Məcəlləsi və «Gömrük tarifi haqqında» Qanunla müəyyən olunur.

Sahibkar yazır ki, DGK əməkdaşları vəzifə səlahiyyətlərindən sui-istifadə edərək sahibkarları süründürməçiliyə məruz qoyur, hədə-qorxu yolu ilə bəyannamədə göstərilən gömrük dəyərinin artırılmasını tələb edirlər: “Yuxarıda adını çəkdiyimiz Əfqan adlı inspektor bizdən tələb etdi ki, gömrük dəyərini 3 dəfə artıraq, rüsum və ödənişləri həmin məbləğdə ödəyək. Təbii ki, biz bununla razılaşmadıq və şikayət etdik. Bundan sonra gömrük orqanı özünün repressiv maşınını işə saldı. Mallarımız 2 ay qanunsuz saxlanıldıqdan sonra məni Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin təhqiqat şöbəsinə çağırdılar. Rövşən adlı təhqiqatçı hədə-qorxu gələrək məni qaçaqmalçılıqla məşğul olmaqda ittiham etdi. Bir neçə saat məni şöbədə saxladılar, nə qadınlığıma hörmət etdilər, nə də ki, həmin vaxt xəstə olmağıma. Təhqiqatçı qarşısındakı qovluğun üzərinə inzibati xəta haqqında maddə yazılmasına baxmayaraq, izahat alanda hətta məni Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə xəbərdar etdi. Uzun-uzadı lüzumsuz araşdırma aparıb, İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə uydurma inzibati iş topladılar. Malların bazar qiymətini müəyyən etmək üçün bizim iştrakımız olmadan nümunələr götürüb Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərdilər. Əslində gömrük qanunvericiliyində malların gömrük dəyərinin müəyyən olunmasına bazar qiymətinin heç bir aidiyyəti yoxdur. Axı, nə vaxtdan gömrük dəyərinin müəyyən olunması ilə təhqiqat orqanı məşğul olur? Bu nonsesdir. Dünyanın heç bir ölkəsində bu cür gömrük pozuntuları yoxdur”.

Məhkəmə gömrük orqanının qanunsuzluğunu ifşa edib

“Kompliment” MMC-nin baş direktoru araşdırmasında qeyd edir: “Bir neçə ay bizi süründürməçiliyə məruz qoyduqdan sonra gömrük orqanı topladığı uydurma inzibati xəta haqqında işi məhkəməyə göndərdi. İnzibati xəta haqqında həmin uydurma ittihamda yükün dəyərinin gömrük əməkdaşında nədən şübhə doğurması, mahiyyətin nədən ibarət olması, malların ölkəyə daxil olanda saxlanılmasının, sənədlərin təhqiqat orqanına təhvil verilməsinin səbəbləri göstərilmədi. Burada sual yaranır: nə vaxtdan və hansı qanunların tələblərinə əsasən malların gömrük dəyərinin müəyyən edilməsi ilə gömrük orqanının təhqiqat bölməsi məşğul olur? Bundan ötrü gömrük orqanının gömrük tariflərinin tənzimlənməsi, gömrük prosedurları və ödənişləri, maliyyə və s. bölmələri var. Təbii ki, məhkəmədə gömrük orqanının qanunsuzluqları ifşa olundu və həmin işə xitam verildi. Yalnız bundan sonra mallarımız buraxıldı. Düz 8 ay ərzində mallarımız gömrük orqanı tərəfindən kənar şəxsin anbarında saxlanıldı. Biz burada nə təhqiqat şöbəsinin rəisini, nə də təhqiqatçını qınamırıq. Bilirik ki, bu qanunsuz hərəkətləri etmək üçün onlara göstərişi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Quliyev veririr. B. Quliyev nəyin bahasına olursa-olsun, bizi sındırmaq istəyirdi ki, digər sahibkarlara da görk olsun. Gördüyünüz kimi, gömrük orqanı heç bir əsas və səbəb olmadan 2020-ci ilin sentyabrında ünvanımıza daxil olmuş malın bəyannamədə qeyd etdiyimiz sövdələşmə qiyməti ilə razılaşmayaraq, məhkəmə-əmtəəşunaslıq ekspertizası yolu ilə eyni mala görə bazardakı digər şirkətlərin satdığı malın pərakəndə dəyərinə müvafiq olaraq gömrük rəsmiləşdirməsini həyata keçirməyi planlaşdırmışdı. Bu isə tam qanunsuzluqdur. Sövdələşmə qiymətini malı bizə satan Böyük Britaniyanın şirkəti gömrük orqanının sorğusuna əsasən təsdiq etmişdi. Həmçinin, «Gömrük tarifi haqqında» Qanunun 12.2-ci maddəsinə əsasən, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur”.

DGK sədri beynəlxalq konvensiyaları vecinə almır

Baş direktor müraciətində daha sonra yazır:

“Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən malların gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü ildə qəbul olunmuş Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) VII maddəsinə, GATT-ın VII maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır. Həmin ümumi prinsiplər, digər beynəlxalq konvensiyaların, AR Gömrük Məcəlləsinin, “Gömrük tarifi haqqında” Qanunun, “Azərbaycan Respublikasının ərazisinə gətirilən malların gömrük dəyərinin bəyan edilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin və digər normativ-hüquqi aktların tələblərinə əsaslanır. Yəni, malların gömrük dəyərinin müəyyən edilməsində həmin malların ixrac ölkəsindəki qiyməti, idxal edən ölkənin daxili bazar qiyməti və digər ölkələrdəki bazar qiymətləri əsas götürülə bilməz. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Malın (işin, xidmətin) bazar qiymətinin müəyyən edilməsi” Qaydalarının 1.1-ci bəndinə əsasən, malların (işlərin, xidmətlərin) bazar qiymətləri vergi ödəyicilərinin real gəlirlərinin və vergitutma bazarınn düzgün hesablanması, habelə bu sahədə vergi nəzarətinin səmərəliliyinin artırılması məqsədi ilə müəyyənləşdirilir. Həmin qaydaların 2.1.2-ci bəndinə əsasən Malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilərkən Dövlət Gömrük Komitəsinin idxal-ixrac əməliyyatları üzrə tətbiq olunan qiymətlər barədə məlumatlar da istifadə edilir. Yəni, gömrük dəyərinə daxili bazar qiymətinin qəti aidiyyəti yoxdur. Əksinə, gömrük dəyəri bazar qiymətinin müəyyənləşdirilməsi zamanı istifadə edilir. Azərbaycan Respublikasının da qoşulduğu Kioto Konvensiyasında göstərilir ki, gömrük orqanlarının invoyslarda göstərilən qiymətlərdən əsassız olaraq şübhələnməyə hüququ yoxdur, həmçinin idxal olunan malların qiymətinin müəyyən olunması prossedurlarını Tərəflər antidempinq tədbirləri kimi istifadə etməməlidir”.

Səfər Mehdiyev və komandası şikayətləri ört-basdır edir

Aytən Ələkbərova DGK-nın əsassız və lüzumsuz yoxlamalarına da toxunur: “DGK «Azərbaycan Respublikasının Gömrük Məcəlləsi», «Gömrük tarifi haqqında» və «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» və digər qanunların müddəalarını kobud şəkildə pozur. Təsəvvür edin, bir neçə aydan sonra eyni mallar ünvanımıza daxil olanda həmin gömrük orqanı mallarımızı yenə qanunsuz olaraq saxladı. Gömrük qanunvericiliyində birmənalı şəkildə göstərilir ki, eyni mallar üzrə təkrar yoxlama və ya audit aparıla bilməz. Dövlət Gömrük Komitəsi və onun vəzifəli şəxsləri qərəzli olaraq bizim mallarımızı saxlayırlar. Baş verənlər barədə Baş prokurorluğa və digər aidiyyəti dövlət orqanlarına müraciətlər etsək də, heç bir faydası yoxdur. Səfər Mehdiyev və onun komandası dərhal şikayətləri ört-basdır edirlər. Gömrük orqanlarında inzibati xətalar haqqında işlərə nəzarət edən prokurora dəfələrlə ərizələr göndərdik. O, heç ərizəmizə reaksiya vermədi. Düşünürəm ki, heç olmasa, bu məqalədən sonra prokurorluq orqanları Hava Nəqliyyatında Baş Gömrük İdarəsində son üç il ərzində araşdırılması aparılan inzibati xətalar haqqında materialların yoxlanılması, qəbul olunmuş prosessual qərarların təhlil edilməsi istiqamətində lazımi addımları atacaq. Süründürməçilikdən ehtiyat etdikləri, həmçinin şikayətlərin heç bir təsiri olmadığından bəzi sahibkarlar gömrük orqanlarının qanunsuz tələbləri ilə razılaşır, gətirdikləri malların bəyan etdikləri gömrük dəyərinin təsdiq olunması istiqamətində mübarizə aparmır, süründürməçilikdən və xərclərin daha da artmasından ehtiyat edərək, gömrük dəyərini artırırlar. Buna görə ödənilən gömrük yığım və rüsumların da miqdarı artır və sonra Səfər Mehdiyev çıxıb ölkə prezidentinə gömrük rüsum və ödənişlərin keçən ilə nisbətdə artıq yığıldığını məruzə edir. İdxalın sayı isə azalır, idxal edilən malların keyfiyyəti düşür, bazarda isə qiymətlər günü-gündən artır. Bunun səbəbini soruşan və araşdıran yoxdur. Əziyyət çəkən isə əhalidir”.

Gömrükçülər qanunsuz əməllərini leqallaşırmaq üçün qərarın qəbuluna nail olublar

A. Ələkbərova KİV-ə müraciətində incə bir məsələyə də toxunur: “Gömrük orqanlarında malların gömrük dəyərinə əsassız olaraq və şifahi qaydada düzəlişlərin edilməsi tələb edilərkən çox vaxt özlərinin mərkəzi məlumat bazasındakı və ya internetdəki məlumatlardan istifadə edirlər. Bu isə qanunvericilikdə öz əksini tapmayıb. Məhkəmələr bunun Gömrük Məcəlləsinin tələblərinə zidd olmasını dəfələrlə gömrük orqanlarının diqqətinə çatdırıblar. DGK əməkdaşının gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan sənədlərə deyil, gömrük orqanının "məlumat bazasında" və ya internetdə yer alan mövcud qiymət tariflərinə istinad etməsi tamamilə əsassızdır. Bütün bu neqativ halların kökündə, gömrük əməkdaşlarının özlərinin də bildirdiyi kimi, büdcəyə toplanan gömrük rüsum və ödənişləri süni şəkildə artırmaq məqsədi durur. Çünki, bu meyarlara cavab verən gömrük işçiləri mükafatlandırılır. Belə bir meyar qəbuledilməzdir! Yalnız ona görə ki, hər hansı bir vətəndaş, hətta hüquqi təhsili olmadan da, dəyişən bazarın konyunkturasını rəhbər tutaraq məhkəmədə ödənişlərin azaldılması və ya artırılması faktını asanlıqla sübut edə bilər. Gömrükçülər qanunsuz əməllərinə haqq qazandırmaq, daha çox gəlir əldə etmək, həmin gəlirləri leqallaşırmaq üçün hatta Nazirlər Kabineti tərəfindən müvafiq qərarın qəbul olunmasına nail olublar. Məsələn, 17 oktyabr 2017-ci il tarixdə AR Nazirlər Kabinetinin 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”na əsasən, gömrük rüsum, ödəniş, yığımlar, malların saxlancına görə gömrük yığımları və s. vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir. Buna görə də gömrükçülər hər cür qanunsuz vasitələrlə gömrük bəyannaməsində göstərilən qanuni gömrük dəyərinin qaldırılmasına nə qədər çox nail olsalar, bir o qədər aylıq maaşlarına əlavələr artacaqdır. Hesab edirik ki, bu cür yanaşma kökündən yanlışdır və təcili olaraq aradan qaldırılmalıdır. Əslində bu qərar gömrükçülərə korrupsiyanı “leqallaşdırmaq” üçün şərait yaradır.

Baş direktor müraciətinin sonunda bir vacib məsələyə də toxunub:

“Ölkənin gömrük qanunvericiliyi sahibkarların iştrakı ilə yenidən işlənməli, hüquqi-normativ aktlar sadələşdirilməlidir. Yalnız bu yolla gömrük orqanlarının şəffaf fəaliyyətini təmin etmək, sahibkarların incidilməsinə, onlardan hədə-qorxu ilə rüşvət tələb edilməsinə son qoymaq mümkündür”.

P.S. Redaksiya Dövlət Gömrük Komitəsinin mövqeyinə hörmətlə yanaşır və onların da məsələyə münasibətinə yer ayırmağa hazırdır.
Vertikal.Az





Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net