Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi ("Rosaviasiya") "IrAero" aviaşirkətinə Moskva-Füzuli marşrutu üzrə həftədə iki dəfə uçuşların yerinə yetirilməsi üçün icazə verib.
"APA-Economics"in "Rosaviasiya"ya istinadən verdiyi məlumata görə, bundan başqa, sözügedən aviaşirkətə Moskva-Zaqatala aviareysi üzrə uçuşların həftədə iki dəfə həyata keçirilməsinə icazə verib.
Xatırladaq ki, "Rosaviasiya" tərəfindən icazələrin verilməsi barədə qərar sərəncamda göstərilən beynəlxalq marşrutlar üzrə uçuşların bərpası üçün əsas deyil. İcazənin olması aviareyslərin bərpası və ya açılmasından sonra aviaşirkətin müəyyən marşrut üzrə uşuların yerinə yetirməsi hüququdur.
Qeyd edək ki, yeni istifadəyə verilən Füzuli hava limanına artıq beynəlxalq status verilib. Beynəlxalq statusun verilməsi haqqında qərar Füzulidə yerləşən hava limanında bütün tikinti-quraşdırma işləri başa çatdıqdan sonra qəbul edilib. Bundan əlavə, hava limanına Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən latın əlifbasının üç hərfindən ibarət FZL kodu verilib. Bu fərdi kod hava limanının yerləşdiyi şəhərin adı – Füzuli ilə bağlıdır.
Hava limanlarının IATA kodları sərnişin daşımaları üçün böyük əhəmiyyət kəsb edir, bu kodlar aviaşirkətlər, aviabilet satışı üzrə agentliklər, biletləri beynəlxalq təxsisetmə sistemləri və s. tərəfindən istifadə olunur. Daha əvvəl Füzuli hava limanına Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) tərəfindən UBBF kodunun verilməsi təsdiq edilib.