ETSN-nin QOLUZORLU MEŞƏBƏYİSİ... - İLGİNC FAKTLAR
Tarix: 29-11-2021, 14:34 | Çap et
ETSN-nin QOLUZORLU MEŞƏBƏYİSİ... - İLGİNC FAKTLAR

Noyabr ayının 22-də dövrü mətbuat Yevlax rayonunun keçmiş icra başçısı Qoca Səmədovun 7 il 3 ay azadlıqdan məhrum edilməsi haqda hökmdən apellyasiya şikayəti verməsi barədə məlumat yaydı. Məlumatda onun şikayətinə hazırda Şəki Apellyasiya Məhkəməsində baxıldığı bildirilir. Keçmiş icra başçısı sağlıq durumunun ağırlığının nəzərə alınmasını, hökmün dəyişməsini, həbsdən buraxılmasını istəyir.

Külli miqdarda mənimsəmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı kimi əməllərdə təqsirli bilinən Səmədovun özünə və yaxınlarına məxsus xeyli evlər, torpaq sahələri, obyektlər isə müsadirə olunub.

Məhkəmədə Yevlax rayon İcra Hakimiyyəti 1 milyon 546 min, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki “DOST” İş Mərkəzi isə 58 min manatlıq mülki iddia qaldırıb. Şəki Ağır Cinayətlər Məhkəməsi bu iddiaları təmin edib. Hökmə əsasən, keçmiş icra başçısı və yaxınlarının müsadirə olunan mülkiyyətinin bir hissəsi adları çəkilən qurumlara dəymiş ziyanın ödənilməsinə yönəldiləcək. Qalan hissə isə dövlət nəfinə keçiriləcək.

Noyabr ayında elə Şəki Apellyasiya Məhkəməsində, dövlət məmuru olmuş və eyni maddələrlə təqsirləndirilmiş başqa bir şəxsin də məhkəməsi keçirilib.

SƏS-KÜYLÜ HƏBSİN SƏSSİZ MƏHKƏMƏSİ

2020-ci il martın 14-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları tərəfindən ölkə ərazisində meşə sahələrində, qoruqlarda ağacların qanunsuz olaraq kəsilməsi, yaşıllıq sahələrinin məhv edilməsi ilə məşğul olan mütəşəkkil dəstənin üzvlərinə qarşı kompleks tədbirlər hazırlanaraq həyata keçirilməsi barədə yayılan məlumat ölkədə geniş rezonans yaratdı. Həmin məlumatda deyilirdi ki, “Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hər iki dövlət qurumuna vətəndaşlardan Oğuz, Qəbələ rayonları ərazilərində yerləşən meşə sahələrində qiymətli ağac növlərinin meşələrin mühafizəsinə məsul olan idarənin əməkdaşları tərəfindən qanunsuz olaraq kəsilməsi barədə çoxsaylı müraciətlər daxil olmuşdur.

Qeyd olunan xüsusatların hərtərəfli və obyektiv araşdırılması məqsədilə adıçəkilən rayonların meşə zonaları və meşə təsərrüfatının mühafizəsinə məsul olan şəxslər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əməliyyat nəzarətinə götürülmüşdür.

Yüksək peşəkarlıqla həyata keçirilən əməliyyat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Oğuz və Qəbələ rayonları ərazisində yerləşən meşələrdə ağacları kəsərək emal müəssisələrinə satışı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə tərəfindən həyata keçirilir.

Həmin şəxslərin cinayət əməllərini ifşa etmək məqsədilə əməliyyat-nəzarət tədbirləri görülmüş, onların cinayət əməlləri qeydə alınaraq dəstə rəhbəri və üzvlərinin qanunsuz fəaliyyətləri hərtərəfli öyrənilmişdir. Vəzifəsi meşə sahələrinin qorunması və inkişaf etdirilməsi olan mərkəzin direktoru İlqar Qəribovun və qeyrilərinin cinayət əməlləri təkzibedilməz sübutlarla təsdiq edilmişdir.

Araşdırmalarla məlum olmuşdur ki, dəstə üzvləri öz qulluq mövqelərindən sui-istifadə edərək uzun müddət Qəbələ, Oğuz rayonlarında meşə sahələrində ağacların qanunsuz kəsilərək satışı ilə məşğul olublar.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin saxlanması təmin olunmuşdur.

Direktor İlqar Qəribovun üzərinə və xidməti iş otağına baxış zamanı onun qanunsuz ağac kəsimindən əldə etdiyi külli miqdarda pul vəsaitləri və digər maddi sübutlar aşkar olunaraq götürülmüşdür.

Dəstə üzvlərinin qanunsuz olaraq ağac emalı sexlərinə satdıqları çoxlu sayda ağacın və onların oduncaqlarının yeri də müəyyən edilmişdir.

Ekspertlərin verdiyi rəyə əsasən dəstə üzvləri tərəfindən ağacların yaş halda kəsildiyi, hətta məhv edilən ağaclardan bəzilərinin yaşının 200-250 il olduğu da məlum olmuşdur.

Qeyd olunan faktlarla bağlı dəstə üzvləri barədə cinayət işi başlanılmış, hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılması, eləcə də dəstənin digər üzvlərinin saxlanılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.”



Göründüyü kimi, DİN və Baş prokurorluğun birgə yaydığı məlumatlarda Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstənin Oğuz, Qəbələ rayonları ərazilərində yerləşən meşə sahələrində qiymətli ağac növlərini kəsərək emal müəssisələrinə satışını təşkil etdikləri təkzibedilməz sübutlarla təsdiq edildiyi bildirilir və qeyd olunan faktlarla bağlı dəstə üzvləri barədə cinayət işinin başlanıldığı öz əksini tapır.
AMMA
2020-ci ildə ölkədə geniş səs-küy doğurmuş bu həbsin məhkəməsi gözlənildiyi kimi heç bir rezonans yaratmadı. Bir növ xəlvəti keçirildi. Bunun səbəbləri bizlərə sonradan məlum olsa da, əvvəlcədən planlaşdırıldığı açıq-aydın görsənir. Bu cinayət işinin ibtidai istintaqı prokurorluqda səkkiz aya qədər vaxt aparıb. Sözügedən cinayətin 21 yanvar 2021-ci ildən başlamış məhkəmə işi nəhayət avqust ayında yekunlaşıb və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü (qanunsuz ağac kəsmə), 308-ci (vəzifə səlahiyyətlərini aşma), 314-cü (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri üzrə təqsirli bilinən Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvləri Şəki Ağır Cinayətlər Məhkəməsinin zalından azadlığa buraxılıblar.

Ötən yazılarda da qeyd etmişdik və bir daha xatırlatmaq istərdik ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən ilkin məhkəmə prosesi zamanı dövlət ittihamçısı hakim Rafail Əliyevdən İlqar Qəribov və onun dəstə üzvlərinə ayrı-ayrılıqda 7 ildən 9 ilədək azadlıqdan məhrum etmə cəzası istəyib. Lakin nə baş verib. İclasa sədrlik edən hakim, may ayında Prezidentin sərəncamı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilmiş Rafail Əliyev bilərəkdən prosesi uzadır və qərar vermək üçün müşavirəyə gedib iki saatdan sonra qayıdır. Bu iki saat ərzində kimlərləsə məsləhətləşdikdən sonra dövlət ittihamçısısnın istəyinin əksinə olaraq gecə saat 10 radələrində prosesi yekunlaşdırır və İlqar Qəribovu dəstə üzvləri ilə birgə məhkəmə zalından azadlığa buraxlması barədə Azərbaycan Respublikası adından hökm elan edir.

Təbii ki, bu qərarla razı olmayan dövlət ittihamçısı İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvlərinin layiqincə cəzalandırılması üçün Apellyasiya şikayəti verməli olur. Əldə etdiyimiz ən son məlumatlara görə Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri Rafail Əliyevin avqust ayında çıxardığı qərarı Şəki Apellyasiya Məhkəməsinin hakimi Akif Eyvazovun sədriyi ilə keçirilən məhkəmə kollegiyası 3 noyabr 2021-ci ildə dəyişdirilmədən qüvvədə saxlayıb.

Yuxarıda biz Yevlax rayonunun keçmiş icra başçısı Qoca Səmədovu əbəs yerə xatırlamadıq. Adıçəkilən şəxs də Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru olmuş İlqar Qəribov kimi eyni maddələrlə təqsirli bilinərək həbs olunmuşdu. Yuxarıdakı məlumatlardan da göründüyü kimi Qoca Səmədovun xeyli əmlakı müsadirə olunub, dövlətin nəfinə keçiriləcək. Bunula belə dövlət ittihamçısı onun 7 il azadlıqdan məhrum olunmasını istəyib.

Buradan da ortaya bir çox maraqlı suallar çıxır. İlqar Qəribov bir rəis olaraq DİN və Baş prokurorluğun birgə yaydığı məlumatlarda göstərdikləri cinayət əməllərini törətmişdisə, nə üçün azadlığa buraxıldı? Azadlığa buraxılırsa, bu sözügedən qurumların İlqar Qəribovu yalan yerə və yaxud da yanlışlıqla həbs etdikləri anlamına gəlmirmi? Onun dövlətə vurduğu ziyan nə üçün geniş ictimaiyyətə açıqlanmadı? Tutalım İlqar Qəribov dövlətə vurduğu maddi ziyanı, kəsdirib satdırdığı ağacların pulunu artıqlaması ilə ödəyib, bəs rüşvət və vəzifə səlahiyyətlərini aşma, bu maddələrlə o neçə il cəzalandırılmalı idi?

Dövrü mətbuatda son aylarda Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax, Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin, rayon, şəhər xəstəxanalarının baş həkimlərinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi geniş ictimaiyyət tərəfindən rüşvətxorluğa, korrupsiyaya və digər cinayətkarlığa qarşı mübarizənin tərkib hissəsi kimi qiymətləndirilir və hətta alqışlanır da.

Bəs yaxşı, Cinayət Məcəlləsinin eyni maddələri üzrə təqsirli bilinən birinin Məhkəmə zalından buraxılmasını görəsən ictimaiyyət necə qiymətləndirər? Bu Azərbaycanda hüquq mühafizə orqanlarını asanlıqla ələ almaq anlamına gəlmirmi? Yaxud da bu ədalətli məhkəmə qərarı hesab edilərsə, polis və prokurorluq orqanlarının ədalətsiz, haqsız həbs etməsi hesab edilməzmi? Yaxud da əksinə, polis və prokurorluq orqanlarının cinayətkarların haqlı həbsinə, ədalətsiz məhkəmə qərarının verilməsi kimi başa düşülməzmi? Bu həm də,

BİR MEŞƏBƏYİNİN AZƏRBAYCANIN HƏM POLİSİNƏ, HƏM PROKURLUĞUNA, HƏM DƏ MƏHKƏMƏSİNƏ MEYDAN OXUMASI

anlamına gəlir.

Məlum olduğu kimi, meşəbəyi mürəkkəb söz olaraq meşə və bəy sözlərindən yaranıb. Bir peşə olaraq lap qədimdən, adından da göründüyü kimi, meşələrin, ağacların gözətçisinə, nəzarətçisinə, qarovulçusuna deyilir. Təbii ki, “bəy” sözü bura məcazi mənada əlavə edilib. Meşələrə nəzarət edən işçi, meşələrin bəyi kimi tərənnüm, tərif edilib. Amma əslində qeyd etdiyimiz kimi, bu meşə gözətçisindən, nəzarətçisindən başqa bir şey deyildir və bununla biz meşəbəyi peşəsini heç də aşağılamaq fikrində deyilik.

Vəzifəsi rəis olmasına baxmayaraq İlqar Qəribov da bir meşəbəyi olub. Yəni meşə gözətçilərinin, nəzarətçilərinin başı, baş meşəbəyi. Bəs bir baş meşəbəyi Azərbaycanın hüquq mühafizə orqanlarına açıq-aşkar meydan oxumağa gücü haradan alıb?

Biz hələ məhkəmə proseslərinin gedişi zamanı məlumat verdiyimiz yazılarımızda da qeyd etmişdik ki, İlqar Qəribov rəhbərlik etdiyi mütəşəkkil dəstənin üzvləri ilə birgə azadlığa çıxmağa çalışır. Bu işdə ona Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdövsi Əliyevin köməklik göstərdiyini də yazmışdıq. Belə ki, nazir müavini tabeçiliyindəki aidiyyatı strukturların işçilərinə birbaşa şifahi göstəriş vermişdir ki, İlqar Qəribov və dəstəsinə məhkəmə prosesləri üçün tələb edilən və onların xeyrinə olacaq bütün sənəd və sübutlar müzakirə edilmədən təşkil edilsin və dərhal Şəki Ağır Cinayələr Məhkəməsinə göndərilsin. Bu göstərişdən sonra həqiqətən də İlqar Qəribovun azadlığa çıxması üçün lazım olan bütün sənədlər nazirlikdə saxtakarlıqla tərtib edilərək möhürlənir və məhkəməyə göndərilir ki, hakimlər kollegiyası sözügedən dəstəsini şərti işlə azadlığa çıxara bilsinlər.

Amma İlqar Qəribov şərti işlə azadlığa çıxmir, birbaşa azadlığa çıxır. Həm də işinə bərpa olunması şərti ilə. Sizlərə heç də qəribə gəlməsin. Noyabrın 3-də Şəki Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı qəradan sonra böyük ziyafət verən İlqar Qəribov məclisdə olanlara şəxsən özü deyib ki, “bir neçə günə işimə qayıdacam”.

Hələ may ayında yazmışdıq ki, bizə verilən məlumatlara görə bu dəstə üzvlərinin azadlığa çıxması üçün İlqar Qəribov qardaşının vasitəsilə milyonlarla manat vəsait xərcləyir. Haradandı bir meşəbəyində milyonlarla manat. Bu, heç sizi düşündürürmü? Barəsində açılmış cinayət işindən bu qədər asanlıqla qurtulmağa, hüquq-mühafizə orqanlarına meydan oxumağa, baş meşəbəyi olmuş bir şəxs haradan güc alır? Təbii ki, arxasında duranlar var.

Yazdığımız kimi də oldu, İlqar Qəribov dəstəsi ilə birgə azadlığa çıxdı. İndi İlqar Qəribovun işinə qayıtmaq istədiyi barədə verdiyimiz məlumatlar çox güman ki, bir müddət sonra özünü doğruldacaq. Təbii ki, bu da Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdövsi Əliyevin vasitəçiliyi ilə baş tutacaq.

Aktualinfo.org




Xəbərlər
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net