İndiki deputatlar KÖHNƏLƏRƏ RƏHMƏT OXUTDURUR... - FAKT BUDUR!
Tarix: 27-10-2021, 11:15 | Çap et
İndiki deputatlar KÖHNƏLƏRƏ RƏHMƏT OXUTDURUR... - FAKT BUDUR!

VERTİKAL.AZ: - "İki il olar Milli Məclis “üzüsulu” özünü buraxıb, di gəl, yeni Məclis də üzünə salıb mandat alan köhnə deputatlardan formalaşıb. Dəyişən bircə rəhbərlikdir. Necə deyərlər, köhnə məclis, yeni rəhbərlik. Komitələrin rəhbərliyində də dəyişmələr yalnız əvvəlki deputatların hesabına baş verib. “Gənc” deputatların irəli çəkilməsinə , çox güman, “sınaq müddəti” gərəkir. Kim daha çox “quş buraxsa” , millət vəkilliyini dövlət (başçısı) vəkilliyinə , yaltaqlığına dəyişsə , yerini də , rütbəsini də “yuxarıya” dəyişə bilər". Bu barədə Məğrur Bədəlsoy DİA.AZ-a göndərdiyi məqaləsində yazır.

Daha sonra müəllif fikirlərini belə davam etdirir: "Millətin özünün vəkillərinin yenidən formalaşmasından gözləntilərinin doğrulmadığını demək olar. Millət, seçici, vətəndaş vəkilinin deputat mandatı ilə üzünə bağlanan qapıların açılmasında, Konstitusiya ilə təminat verilən hüquq və azadlıqlarının qorunmasında gerçək addımını duymur . Elə bil, deputat mandatı şəxsi gəlir, qazanc, üstünlük əldə etmək üçün qarantiya rolunu oynayır. Bu mandatı seçici probleminin çözümü adına yararlanmaq heç yada düşmür. Qutsal millətə vəkillik missiyasının özü deklarativ, görüntü xarakteri daşıyır.

Mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayevanın umacaqsız gerçək millət vəkili olmasını , kim bilməsə də, qazi və şəhid ailələri çox gözəl bilirlər. Aztəminatlı şəxslərin problemlərinin çözülməsində xanım millət vəkilinin xidmətini danmaq, ən azı, insafsızlıq olar. Gerçəkdə onun və komitədəki müavini Fazil Mustafanın yeri Əmək və sosial siyasət komitəsinin profilinə daha çox uyuşur, nəinki indiki görəvlərinə. Hansısa incəsənət, mədəniyyət işçisinə fəxri ad verilməsinə sorğu göndərməklə insanların problemləri çözülmür axı! Görün, nə günə qalmışıq, bir çağlar insanlar problemlə üzləşəndə xalq artistlərinə , mədəniyyət, ədəbiyyat, musiqi xadimlərinə ağız açardılar. İndi xalq artistinin özü ona-buna ağız açmağa məcburdur. Aylıq 100 manatlıq “artist pulu” ilə qocaman sənət adamı bir günlük, bir həftəlik dərman pulundan özgə nə əldə edə bilər? İndi biz hansısa xalq artistini , şairi, rəssamı, musiqiçini önümüzdə sözümüzü deməyə məmur, nazir qapısına hansı üzlə aparaq? Şair demişkən, Musa Urudun əmək və sosial siyasət komitəsinin sədri kimi bu iki ildə sosial problemlərin çözümündə sözsüz qalması göz önündədir. Sələfi Hadı Rəcəbli, “quş buraxmaqda” dilə düşsə də, heç olmasa, vətəndaşların müraciətlərini aidiyyatı qurumlara göndərirdi , Musa Quliyev, ümumiyyətlə, cavab vermir, səsi “quş buraxanda” eşidilir. İnsan hüquqları komitəsinin sədri Zahid Orucun , özəlliklə, şəhid və qazi ailələrinin problemlərinin çözülməsində millət vəkili kimi göstərdiyi çabaları danmaq olmaz . Nə yazıq, bu vəkillik elə çabadan o yana keçmir. Çaba ilə isə sosial problemlər çözülmür. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov , əvvəlki kimi, müraciətlərə baxmaqdan imtina edir. Yəqin, pandemiya “Məclisin “baş həkimi”ni susmağa zorlayıb, amma bu yəqinlik inandırıcı görünmür. Axı, indiyədək Covid 19 yox idi, deputatlar “quş buraxmırdı” ? Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran xanım Hüseynova sələfi Aqiyə xanım Naxçıvanlıdan ayrı (fərqli) olaraq “məğrur susqunluğunu” sürdürməkdədir. Aqiyə xanım, heç olmasa, ailə xanımlarını çox uşaq doğmaqla dövlətə yük olmaqda suçlayıb “quş buraxırdı” . Amma ədalət adına, komitəyə müraciətlərə anında köməkçinin telefon zəngi ilə bağlantı qurmaqla baxılırdı. Hicran xanımın nə özü, nə də köməkçisi müraciətlərə ilgi bildirir. Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzova edilən müraciətlər hələ də cavabsız qalır. Halbuki, əvvəlki sədr Arif Rəhimzadə anında , daha çox torpaq ayrılmasından imtina ilə bağlı müraciətləri aidiyyatı üzrə Ədliyyə Nazirliyinin rəhbərliyinə ünvanlayırdı. Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev sələfi İsa Həbibbəyli kimi müraciətlərə biganədir. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili də qocaman sələfi Ziyad Səmədzadənin “partizan susqunluğu” yolu ilə gedir. Ümumiyyətlə, bu komitənin üzvləri mediada aktivlikləri ilə seçilsələr də, müraciətlərə baxmaqda passivdirlər. Müdafiə , təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin dəyişməz sədri Ziyafət Əsgərov yenə öz ampluasındadır , müdafiə, təhlükəsizlik və korrupsiya ilə bağlı müraciətlərə baxmaqdan imtina edir. Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev də sələfi Eldar İbrahimov kimi müraciətləri cavablandırmır. Beynəlxalq

münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 20 illik sədri Səməd Seyidovun millət vəkili kimi edilən müraciətlərə baxmaqdan imtinası sürür . Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və müavini Asim Mollazadənin insanların işıq, qaz, enerji ilə təminatında rolu yoxdur. Sələfi, hazırda Prezidentin 22 may 2020 -ci il tarixli sərəncamı ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun idarə heyətinin sədri təyin olunan Valeh Ələsgərov həm də Milli Məclisin sədr müavini kimi vətəndaşların sosial - iqtisadi problemlərinin çözülməsində misilsiz vəkillik xidməti ilə ad çıxarıb. Bu dövlət adamı, millət vəkili dövlətə, millətə o qədər bağlıdır ki, qəbuluna yazılan vətəndaşları özü çağırıb dinləyir, anında telefon zəngi ilə birbaşa aidiyyatı qurumun rəhbəri ilə bağlantı qururdu. Söz vaxtına çəkər, iki il öncənin bu oktyabrında online qəbula yazılmağımla bağlı qəbul gününü gözləmədən (növbədənkənar) çağırıb , anında birbaşa nazirlə bağlantı qurdu. Təsəvvür edin, evə çatmamış mobil nömrəmə xidmət qurumundan zəng gəldi və elə həmin gün qəbul edildim. Nə yazıq, iki ildir Valeh Ələsgərovun millət vəkili xidmətindən məhrumuq. Doğrudan da, Prezidentin 19.10.2021 tarixli sərəncamı ilə “1-ci dərəcəli Vətənə xidmətə görə” ordeni ilə ödülləndirilən Valeh müəllimin millət vəkili kürsüsündə yeri görünür. Hanı bu gün elə millət vəkili, özü zəng edib çağırmaq bir yana, çoxsaylı şikayətlərə cavab versin? Gənclər və idman komitəsinin sədri, MM-in sədr müavini, öz deputatımız Adil Əliyevin köməkçisi ilyarım qabaq zəng edib, məhkəmə qərarını icra etdirib, qanpulunu ödətdirəcəklərinə söz versə də, sözdən işə keçilmir. İctimai birliklər və dini qurumlar komitəsinin sədri, MM-in sədr müavini Fəzail İbrahimlinin də ilyarım qabaqdan bəri səsi çıxmır. MM sədri , xanım Sahibə Qafarova və MM-in 1-ci vitse-spikeri, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin köməkçilərinin aracılığı ilə müraciətləri anında elektron qaydada cavablandırmaları köhnə rəhbərlikdən qalma susqunluq, biganəlik “ buzunu əridib “. Görəsən, digərləri rəhbərlikdən niyə örnək götürmürlər? Milli Məclis Aparatına gəldikdə isə, rəhbəri Səfa Mirzəyevin əvvəlki kimi peşəkarlığı müraciətlərin anında peşəkarlıqla cavablandırılmasını təmin edir.

Bizim sözümüzü deməyə, dərdimizi dinləməyə Valeh Ələsgərov kimi gerçək millət vəkilinə ehtiyacımız var. Dədəm Qorqudun sözüdür : “Hanı dediyim bəy ərənlər? “ HANI BİZ DEYƏN, BİZİ EŞİDƏN MİLLƏT VƏKİL(LƏR)İ?"




Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net