Əli Həsənovun Cəbrayılda nə işi vardı?!
Tarix: 7-10-2021, 12:36 | Çap et
Əli Həsənovun Cəbrayılda nə işi vardı?!

Prezidentin Cəbrayıla səfərində yanında Əli Həsənovu da gördük. Baş nazirin keçmiş müavini, “Qaçqınkom”un və bir neçə dövlət komissiyasının keçmiş sədri... Əli Həsənovu.
Təəccübləndikmi? Bəli! Ancaq təəccüblənməkdən də çox təəssüfləndik. Cəbrayıl sakinlərinin bir qrupu ilə yanaşı Əli Şamiloviç də ordaydı.

O Əli Həsənov ki 3 milyonluq maşın koleksiyası ilə öyünən nəvəsi Nail Allahverdiyev bir neçə adamın üstündən “Qalendvagen”lə keçəndə, onlardan, səhv etmirəmsə, ikisinin həyatına son qoyanda az qalmışdı hamını borclu çıxarsın... İndi onun da – Əli Həsənovyun adını yazıblar səfər siyahısına, Prezidentin görüşlərində, təməlqoymalarda iştirak edir.

Cəbrayıllılar da daxil olmaqla artıq indi keçmiş məcburi köçkünlərə ayrılan yardımlar həzm-rabedən keçirilə, köçkünlər üçün dövlətin inşa etdiyi evlər pulla satıla və ya hansısa başqa meyarlara görə kənar adamlara verilə (ki, bunu Prezident İlham Əliyev özü müşavirələrin birində dedi), özünün, icra başçısı qardaşının adı müxtəlif tender korrupsiyalarında hallana.... Sonra da yüksək səviyyəli görüşlərdə hörmətli (!) qonaq ola.

İnternetdə bir kliklə adamın ancaq böyük həcmdə korrupsyası ilə bağlı məlumatlar ortaya çıxır; obyektlərinin, əmlaklarının siyahısı, ünvanlar, nəvəsinin macəraları, özünün işləkləri...

Bəs deyilirdi ki, bu Əli Həsənov 2 milyard manat mənimsəyib?! Onda bu nə idi?!

Demirik ki, mediada nə yazılıbsa, hamısı mütləq həqiqətdir. Ancaq araşdırıldımı bu faktlar?! Əmlakların konkret ünvanları göstərilir. Mənimsəmələrin konkret məbləğləri açıqlanır. Prezidentə də məlumat verilib ki, köçkünlərə mənzillərin verilməsində mənimsəmə var. Və sair və ilaaxır. İndi Cəbrayılda Əli Həsənova deyilməyıcəkdi ki: “O yana dur, çıx get”. Ancaq bu adamın adını o siyahıya yazanda baxmazlar ki, nədir, nəmənədir?!

O məntiqlə media tədbirlərinə də o biri Əli Həsənovu çağırmaq olar?! Ya əlillərlə bağlı toplantıya Səlim Müslümovu həbsxanadan çıxarıb gətirmək lazımdır?!

Ən azı təəccüblüdür!

Amma, lütfən, deməyin: “Nə olsun, Cəbrayıllıdır deyə çağırıblar”. Cəbrayıllı aparmaq lazım idi, gərək mütləq Əli Həsənov ola?! Vaqif Bayatlı kimi ünlü şairi aparmaq yaxşı olardı. Yaxud Türkiyədən professor Kamil Vəli Nərimanoğlunu dəvət etmək...

Nə çoxdur sayılıb-seçilən əslən Cəbrayıllı ziyalılar, ağsaqqallar, gənclər...

Nə bilim, vallah...

Seyid Əhmədli, Bizimyol.info




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net