“Rövşən Məmmədov şüşədən tikdirdiyi imarətinin pulunu bizim maaşımızdan çıxacaq” - AzTV işçilərindən etiraz
Tarix: 6-08-2021, 12:43 | Çap et
“Rövşən Məmmədov şüşədən tikdirdiyi imarətinin pulunu bizim maaşımızdan çıxacaq” - AzTV işçilərindən etiraz

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı, daha doğrusu, sədr Rövşən Məmmədovdan narazılıqlar bitmək bilmir. İndi də işçilər əməkhaqqlarının kəsiləcəyindən narahatdırlar.

Dominant.az-a bu barədə hazırda AzTV-nin bir neçə əməkdaşı məlumat verib. İşlərini itirə biləcəklərindən ehtiyat etdikləri üçün adlarının açıqlanmasını istəməyən əməkdaşların dediklərinə görə, son yoxlamalardan sonra QSC-də aşkarlanmış büdcə əskikləri onların əməkhaqqları ilə kompensasiya olunacaq.

“Bildiyimizə görə, büdcədə 9 milyon civarında əskiklik yaranıb. İndi həmin əksikliyi bizim maaşımızdan tutacaqlar. Maaşlarımızda kifayət qədər ciddi azalmalar olacaq. Təsəvvür edin, hazırda 700 manat maaş alan işçiyə 450 manat əməkhaqqı veriləcək. Təbii ki, bu xəbər hər birimizin əhvalını təlx edib. Nə maaş alırıq ki, hələ bir onu kəssinlər də. Aylıq maaşa baxan adamlarıq, aramızda krediti, ipotekası, banka borcu olanlar var, maaşımız kəsilərsə, vəziyyət çox acınacaqlı olacaq” – deyə şikayətçilər bildirib .

Şikayətçilər onu da qeyd ediblər ki, maaşlar kəsiləcəyi təqdirdə AzTV-də ciddi istefalar yaşanacaq: “Sədr Rövşən Məmmədov bura təyin olunanda bir həsir idi, bir məmmədnəsir, amma indi şüşədən imarəti var. Büdcəni kim yeyib, hara xərclənib, hər kəs yaxşı bilir. İndi yeyənlər qalıb kənarda, çanağı bizim başımızda sındırmaq istəyirlər. 450 manata necə ailə, uşaq saxlaya bilərik?! İşdən çıxmağa məcbur olacağıq, Rövşən Məmmədov yerdə qalan qohum-əqrəbalarını da gətirib bizim yerimizə qoyar”.

Xatırladaq ki, bir neçə gün öncə, AzTV-dən pandemiyanin və müharibənin ən qaynar vaxtı işdən uzaqlaşdırılmış Saida Vəliyeva öz “Facebook” hesabında da bu barədə məlumat paylaşmışdı, telekanal əməkdaşlarının etiraza hazırlaşdıqlqrını bildirmişdi:

“Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində sədr Rövşən Məmmədovun özbaşınalığı davam etməkdədir. Baxmayaraq ki, üç aydan çox bir müddətdə maliyyə yoxlamaları aparılaraq, deyilənə görə, çox ciddi pozuntular aşkar edilib, amma hələki rəsmi açıqlama olmayıb. Ona görə də qeyri-müəyyənlik davam edir. Yəqin Rövşən də bu qeyri-müəyyənlikdən istifadə edərək istədiyini etməyə davam edir. Bu yaxınlarda məlumat alındı ki, Rövşən Məmmədov AzTV-də bütün redaksiyaların, şöbələrin büdcəsini azaltmaq barədə struktur rəhbərlərinə göstəriş verib. İndi AzTV-nin bütün rəhbər işçiləri çıxılmaz vəziyyətə düşüblər. Çünki hər studiyanın, departamentin, şöbənin büdcəsi təqribən 10-15 min manat azaldılıb. Belə başa düşmək olar ki, Rövşən iki il yarım zaman müddətində yeyib dağıtdıqlarının yerini sadə əməkdaşların qonorarlarını kəsməklə doldurmaq istəyir.
Artıq bu aydan həmin göstərişə uyğun hesablamalar aparılacaq. Buna görə də artıq işçilərin çoxu məzuniyyətə çıxır. Təəccüblüdür, bütün bu həngamənin içində Rövşən Məmmədov yeni işçilər götürmək və ya transfer etmək qərarına gəlib. Əgər sənin acgözlüyünün, bacarıqsızlığının ucbatından büdcə dağıdılıbsa, onu doldurmaq üçün camaatın çörəyini kəsirsənsə, onda bu nə kadr siyasətidir, ay kreativ Rövşən Raqifoğlu? Yeni götürdüyün işçilər havayı işləyəcəklər? Yoxsa maaşlarını cibindən verəcəsən? Ondansa, redaksiyalarda qonorar alanların siyahısına yaxşı bax. Görəsən nəyə görə bəzi redaksiyalarda işçilərin sayı ilə qonorar alanların sayında uyğunsuzluq olub? Hər ay kimlərə və nəyə görə büdcədən pullar yazılıb? Suallar çoxdur. Hələ ki bu qədər…”.

P.S. Qarşı tərəfin cavabını da yayımlamağa hazırıq.




Xəbərlər
 
 
 
 
 
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net