Döyüşdə məğlub olan düşmən ən alçaq hərəkətlərə əl atır. Belə ki, Ermənistan ordusu fosfor bombalardan istifadə etməklə Şuşa meşələrinə od vurur. Daha sonra dezinformasiya yayaraq bu çirkin əməllərini Azərbaycan Ordusunun üzərinə yıxmağa çalışır.
Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Azvision.az-a açıqlamasında bildirib ki, bir çox ölkələrdə fosfor bombaları qadağan olunub, həmçinin silahlanmadan çıxarılıb.
Generalın sözlərinə görə, bizdə fosfor bomboları yoxdur, Ermənistanın iddiaları tamamilə yalandır. O, həmçinin əlavə edib ki, düşmən budan əvvəl də fosfor bombalarından istifadə edib:
"Məlum olduğu kimi qarşımızdakı düşmən nə varsa, ondan istifadə edir. Onlar birinci dəfə deyil ki, fosfor bombasından istifadə edirlər. Düşmən fosfor bombalarını hərbçilərimizlə yanaşı yaşayış məntəqələrinə də atır. İndi də fosfor bombaları ilə meşələri yandırırlar. Burada onların məqsədi Ordumuza və xalqa psixoloji təsir etməkdir. Əlbəttə, bu da alınan məsələ deyil. Ordumuz düşməndən qisas alır və alacaq. Artıq onların sursatları tükənmək üzrədir. Bilirlər ki, orada qalası deyirlər, ona görə də meşələri yandırırlar. Həmçinin, işğal altında qalan torpaqlarımızda nə var dağıdırlar, sökürlər, yandırırlar. Qeyd etdiyimi kimi, əsas məqsədləri psixoloji təsirdir. Sözsüz ki, meşələri yandırmaqla hücumu ləngitmək istəyirlər. Bunun üçün fosfor bombası atmaqla meşələrə od vururlar. Belə amillər Azərbaycan Ordusunun irəliləməsinə əngəl törədə bilməz".