“Bu gün Türkiyənin iştirakı olmadan bu bölgədə hər hansı məsələ çözülə bilməz” - Azərbaycan dövlət başçısı
“Bunu onlardan soruşsanız, daha yaxşı olar, mən onların bu açıqlamalarını şərh etmək istəməzdim ”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Türkiyənin NTV televiziyasına müsahibəsində Rusiyanın Türkiyənin münaqişənin həllində iştirakına etiraz etməsinin səbəbi ilə bağlı sualı cavablandırarkən bildirib.
Dövlət başçısı deyib ki, sadəcə, gərək biz mövcud olan reallıqları nəzərdən keçirək: “Bu reallıqlar, gerçək durum ondan ibarətdir ki, bu gün Türkiyənin iştirakı olmadan bu bölgədə hər hansı bir məsələ çözülə bilməz. Bunu artıq son illərin tarixi göstərib. Kimin bu xoşuna gələ bilər, gəlməyə bilər, bu, faktdır, bu, gerçəkdir. Təbii ki, Türkiyə Azərbaycanın qonşusu olaraq, Ermənistanın qonşusu olaraq və digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanın qonşusu olaraq bu bölgədə fəal rol oynayır. Bu, Türkiyənin haqqıdır. Tarixən belə olub, biz tarixi yaxşı bilirik. Ona görə bu döyüşlərin ilk saatlarından prosesi siyasi müstəviyə çevirmək üçün biz açıq və birmənalı mövqeyimizi bildirdik ki, Türkiyə mütləq bu işlərdə olmalıdır. Əgər olarsa, o zaman daha sürətli, daha tez bir zamanda bu döyüşlər dayanacaq və sülh mərhələsi başlayacaq. Onu da mən bildirmişdim ki, faktiki olaraq Türkiyə var. Çünki dünən hörmətli Ərdoğan və hörmətli Putinin telefonla danışması bunu göstərir. Eyni zamanda ondan öncəki günlərdə Türkiyə və Rusiya Xarici İşlər nazirləri, Müdafiə nazirləri də telefonla danışıblar. Ona görə ki, onlar Qarabağ məsələsini danışırlar”.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Türkiyə mütləq olmalıdır: “Hansı simada olacaq, bu, texniki məsələdir. “De-fakto” artıq Türkiyə var. Zatən, Türkiyə Minsk Qrupunun üzvüdür və Minsk Qrupu da 30 il ərzində bir nəticəyə gəlmədi, 30 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etmədi, yəni bu məsələdə yardımçı olmadı və bu durum faktiki münaqişənin dondurulmasına gətirib çıxardı. Nəticə etibarı ilə iyul ayında bizə olan hücum, avqust ayında erməni diversiya qrupunun bizə göndərilməsi və nəhayət, sentyabr ayında geniş miqyaslı hücum göstərdi ki, bu məsələ dondurulmuş məsələ deyil. Biz mövqeyimizdə qalırıq. Əlbəttə, ümid edirik ki, tez bir zamanda masa arxasında bu məsələ çözülsün, Türkiyə mütləq bu işlərdə fəal rol oynamalıdır və əminəm ki, oynayacaq”.