“IV qrupa sənəd verənlər ən hazırlıqlı şagirdlər olur. IV qrupun abituriyentlərinin builki buraxılış imtahanlarında median göstəricisi 165 baldır”.
APA-nın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayım zamanı bildirib.
Onun sözlərinə görə, keçən il biotexnologiyanın mühəndisliyi I qrupda var idi, bu il yoxdur. Amma biotexnologiya ixtisası IV qrupda yaradılıb, cəmi 30 yerdir: “Bu, bu çox müasir və gələcəkdə perspektivi olan ixtisasdır. COVİD-19 müalicəsində də biotexnologiya ixtisaslı şəxslər çox çalışıb. Tibb bacısı işi ixtisası da yeni yaradılıb, bu ixtisas əvvəl orta ixtisas təhsili müəssisələrində olurdu. Amma hər bir xəstəxanada həkim və cərrahların yanında baş tibb bacısı da olur. Yüksək kvalifikasiyalı, ali təhsilli tibb bacılarına çox ehtiyac var, ona görə yeni yaradılan bu ixtisasa 40 yer verilib. İctimai səhiyyə də yeni yaradılıb, çox vacib ixtisasdır. Bu ixtisasa 85 yer ayrılıb. Tibb ixtisası üçün bu il 610 yer ayrılıb. Tibb Universitetindən əlavə 100 yer Seçenov adına Moskva Tibb Universitetinə də ayrılıb, Naxçıvan Tibb Universitetinə də yerlər verilib".