“Ramiz Mehdiyev məni məhkəməyə versin, sübut edim ki, o, Rusiyanın adamıdır” - Partiya sədri
“O adam vəzifədə olduğu 30 il ərzində bir dəfə də Türkiyəyə rəsmi səfər etmədi”.
Bu fikirləri “Yeni Müsavat”ın canlı efirində çıxışı zamanı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin iddialarına münasibət bildirən Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
ADP sədrinin sözlərinə görə, Ramiz Mehdiyevin çoxillik fəaliyyətində rəhbər tutduğu prinsiplər onu “Rusiyanın adamı” adlandırmağa bəs edir:
“Ramiz Mehdiyev 30 il vəzifədə oldu, amma bir dəfə də Türkiyəyə rəsmi səfərə getmədi, bir dəfə də Türkiyə haqqında müsbət fikir söyləmədi.
Əvəzində dəfələrlə Rusiyaya səfər etdi, yalnız Azərbaycan-Rusiya münasibətlərindən danışdı. Bütün bunlar da əsas verir ki, biz Ramiz Mehdiyevi Rusiyanın adamı adlandıraq.
Məni məhkəməyə versin, sübut edim ki, o, Rusiyanın adamıdır”.