Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən Abel Məhərrəmov, Əli Abbasov və Murad Adıgözəlzadə cərimələnib - FOTO
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən tanınmışlar cərimələnib.
APA-nın məlumatına görə, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri, AMEA Prezidentinin müşaviri Əli Abbasov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cərimə olunublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya məlumat təsdiqlənib.
Qeyd edək ki, avqustun 18-də AMEA Prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin Operativ Qərargahın və hökumətin qərarına zidd olaraq karantin günlərində övladına toy etməsi ictimaiyyətin kəskin narazılığa səbəb olub. Vətəndaşlar həm mətbuatda, həm də sosial şəbəkələrdə bu addımı kəskin pisləyib, bu əmələ yol verənlərin cəzalandırılmasının vacibliyini vurğulayıblar.
Avqustun 22-də qız övladına toy mərasimi keçirən İ. Əliyev və qudası Rövşən Mustafayev məhkəmə qarşısına çıxarılıb. İ. Əliyev və R. Mustafayevi İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilib. Məhkəmə onların hər ikisinə 15 sutkalıq inzibati həbs verib.