İşğalçını silahlandıran Rusiya ATƏT-in Minsk qrupunda olmalıdırmı? - TƏHLİL
Tarix: 13-08-2020, 15:57 | Çap et
İşğalçını silahlandıran Rusiya ATƏT-in Minsk qrupunda olmalıdırmı? - TƏHLİL

Prezident İlham Əliyev növbəti dəfə dövlət adamına məxsus prinsipiallıq və iradə nümayiş etdirdi.

Prezidentin Azərbaycanın dövlət maraqlarına qarşı olan məsələlərdə kəskin mövqe və prinsipiallıq nümayiş etdirməsi hər kəsə məlumdur. Məsələn, İlham Əliyevin vaxtında Sürix protokollarına qarşı olduqca kəskin mövqe sərgiləmiş, Obamanın görüş təklifini rədd etdirmişdi! Yaxud, Gürcüstanda ötən ilin qışında bəzi qüvvələrin hazırladığı Keşikçidağ provokasiyası zamanı kifayət qədər səbr və soyuqqanlılıq nümayiş etdirən Prezident məbəd məsələsində son nöqtəni qoyub, məsələni dövlət maraqlarımız çərçivəsində həll etdi.

Son zamanlar isə Tovuz təxribatı və təxribat zamanı Ermənistan ordusunun hansı dövlətlərlə hərbi sahədəki əməkdaşlığı gündəmdədir. Azərbaycan dövlət sərhədinə hücum cəhdi zamanı işğalçının Serbiya istehsalı olan silahlardan istifadə etməsi rəsmi Bakının sərt təpkisinə səbəb olmuşdu. Daha sonra Serbiya prezidenti İlham Əliyevə zəng etmiş, Serbiya Təhlükəsizlik Şurasının katibinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya göndərilmişdi.

Dünən isə Prezident İlham Əliyev Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının son vaxtlar intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu telefon zəngi zamanı Rusiya Prezidenti Vladimir Putinin diqqətinə çatdırıb.

Prezident İlham Əliyev avqustun 12-də baş tutmuş telefon söhbətində Prezident Vladimir Putinə iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat barədə məlumat verib. Dövlət başçısı Ermənistanın növbəti təcavüz aktı nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və bir nəfər mülki şəxsin həlak olduğunu vurğulayıb. Prezident İlham Əliyev Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.

Prezident İlham Əliyev Ermənistanın bu hərbi hücumunun əsas məqsədinin üçüncü tərəfləri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olduğunu qeyd edib.

Dövlət başçısı Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalar başa çatandan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.

Burada xüsusilə qeyd etmək lazımdır ki, son zamanlar Azərbaycan və Rusiya arasında münasibətlərin inkişaf etdiyi, Ermənistanda isə Rusiyaya qarşı aqressiyanın artdığı, Soros və uşaqları tərəfindən faktiki olaraq Rusiyanın forpost ölkədə sıxışdırıldığı, Kremlə qarşı vuruşmuş, faşizmin yanında yer almış şəxslərin “qəhramanlaşdırıldığı” bir vaxtda Moskvadakı hərbi elitanın Ermənistana silah satması təəccüblü və təəssüfedicidir. Axı bu o Ermənistandandır ki, ölkədə rusdilli məktəblər ilbəil bağlanmaqda davam edir, Rusiya TV kanallarının ölkədəki yayımına qadağa qoyulur, müxtəlif piket və mitinqlər zamanı Rusiyanın dövlət başçısına qarşı tənqidi fikirlər səsləndirilir. Axı bu o Ermənistandır ki, Ukrayna və Gürcüstandan sonra Qərb Cənubi Qafqazda məhz Ermənistandakı hakimiyyət vasitəsilə Rusiyaya qarşı ciddi təxribat planlarını işə salmaqdadır. Bu gün Rusiyaya qarşı şimal-qərb, qərb və cənub-qərb hüdudlarında ABŞ tərəfindən hələ vaxtilə Zbiqnev Bjezinskinin geosiyasi planı çərçivəsində anti-Rusiya oxunun formalaşdığı ərəfədə, indi də həmin “oxun” Cənubi Qafqaza tərəf istiqamətləndirilməsi Nikol Paşinyan tərəfindən reallaşmadaqdır. Belə olan təqdirdə Rusiya tərəfindən 400 ton silahın Tovuzda döyüşlərin getdiyi bir vaxtda Ermənistan hərbçilərinə ötürülməsi hansı məntiqə uyğundur? Lakin silahlandırma prosesi davam etdirilməklə işğalçıya dəstək davam etdirilir. Silahlandırma, həmçinin, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir, silahlandırma, eyni zamanda, mövcud status-kvonun saxlanmasına xidmət edir.

Bundan başqa, Rusiya ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətindən biri kimi münaqişə ilə bağlı üzərinə götürdüyü öhdəliyə ciddi yanaşmalı, beynəlxalq hüququ pozan və bütün dünya, eyni zamanda aparıcı beynəlxalq təşkilatlar tərəfindən münaqişədə işğalçı tərəf kimi tanınan Ermənistanı təcavüz və təxribat siyasətindən çəkindirməli olduğu halda, bunun əksini edir, işğalçıya dəstək verir. Ermənistana silah göndərilməsi işğalçını dəstəkləmək, münaqişənin həllinə imkan verməmək və mövcud status kvonu möhkəmləndirmək deməkdir.

Subnimal mesaj bundan ibarətdir ki, rəsmi Bakı bölgədə baş verənlərin fərqindədir və əgər Rusiya münaqişə ilə bağlı öz mövqeyində qətidirsə, o zaman Azərbaycan bundan nəticələr çıxaracaq. Elə son zamanlar Azərbaycanın hərbi-siyasi konfiqurasiya ilə bağlı müəyyən dəyişiklikləri də buna nümunədir.

Rusiyanın Ermənistanı pulsuz silahlandırmağa davam etməsi bir daha ATƏT-in Minsk qrupu ilə bağlı düşünməyə vadar edir. Üzvləri münaqişəyə ikili standartlarla yanaşan, işğalçını silahlandırmaq kimi nonsens addım atan dövlətlərin olduğu qrupdan hansı ədalət gözləmək olar? Hər üç həmsədr ölkə ermənipərəst siyasət yeridir. Bir həmsədr ölkə işğalçı Ermənistanı silahlandırır, o biriləri siyasi dəstək verir. Deməli, həmsədr ölkələr obyektiv mövqe sərgiləmir. Bu isə Minsk Qrupunun buraxılmasını zəruri edir.

Bu münaqişə ilə bağlı daha ədalətli mövqe nümayiş etdirən, işğalçını öz adı ilə çağıran Türkiyə niyə Minsk qrupunda olmasın?

Prezident İlham Əliyev növbəti dəfə hər kəsə əsas prinsipini göstərdi: Azərbaycan xalqının və dövlətinin maraqları ilə hesablaşmağın vacibliyini. Prezident İlham Əliyev bir daha göstərdi ki, Qarabağ və işğal edilmiş torpaqlarla bağlı mövqeyi qətidir, prinsipialdır. Dövlət başçısının bu cür qəti mövqeyi dəfələrlə ən yüksək tribunalardan səsləndirilib. Ən son baş tutan Valday forumu, Münhen təhlükəsizlik konfransı, Davos forumu, Aşqabadda MDB dövlət və hökumət başçılarının toplantısı zamanında Prezident İlham Əliyevin işğalla bağlı sərt və qəti mövqeyi Azərbaycanın diplomatik qələbəsi kimi qiymətləndirilməkdədir.

Özünü Azərbaycana dost və tərəfdaş dövlət adlandıranlar bunu əməldə sübut etməlidirlər. Ələlxüsus, Rusiya və İran kimi qonşularımız Ermənistanla münasibətlərində işğal faktoruna diqqət yetirməlidir.

Bölgədəki sabitlik və əmin-amanlıq üçün mehriban qonşuluq siyasəti vacibdir...

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, s.e.n, Bakı Politoloqlar Klubunun sədri - Zaur Məmmədov




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net