"S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin yeni proqnozuna əsasən, bu il Azərbaycan iqtisadiyyatı COVID-19 pandemiyası və aşağı neft qiymətləri fonunda 6,9% azalacaq.
"APA-Economics"in agentliyə istinadən verdiyi məlumata görə, 2021-ci ildə ölkə iqtisadiyyatı bərpa olmağa başlayacaq və ÜDM-in gözlənən real artım tempi 2,9% səviyyəsində olacağı gözlənilir. Artım əsasən Azərbaycanın iqtisadiyyata göstərilən təzyiqləri yumşaldılmasına ayırdığı 3,5 mlrd. manatlıq stimullaşdırıcı paket, daxili istehlakın bərpa olunması və daha yüksək karbohidrogen ixracı hesabına baş verəcək.
"S&P"nin gözləntilərinə görə, Azərbaycanda ÜDM-in real artım tempi 2022-ci ildə 5%, 2023-cü ildə isə 3% təşkil edəcək. Beləliklə, 2021-2023 illərdə Azərbaycanda iqtisadi artım orta hesabla 3,7%-ə bərabər olacaq.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda ÜDM istehsalı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7% azalıb.